Qafqaz Universitetinin prorektoru: "Türkiyənin sadəcə 5 universitetindən geri qalırıq" – MÜSAHİBƏ
Qafqaz Universitetininn beynəlxalq əlaqələr üzrə prorektoru Sənnur Əliyev öz təhsil ocağının cari fəaliyyəti, təhsilin problem və perespektivləri barədəModern.az-a danışıb:
- Bildiyimizə görə, Avropa universitetlərinin bir neçəsində təlimlərdə iştirak etdiniz. Bununla bağlı təəssüratlarınızı öyrənmək istərdik?
- Məlum məsələdir ki, təhsilin inkişafı hərəkət tələb edir. Yəni sadəcə universitet daxilində, ölkə daxilində görülən işlərlə bərabər əlavə yeniliklər də tələb edir. Bunun üçün də biz bir neçə ölkəsinə getdik və universitetlərlə əməkdaşlıq qurmağa çalışdıq. Ümumiyyətlə, son iki il ərzində universitetimizdən Avropaya gedən müəllim sayı kifayət qədərdir. Məsələn, ən son Polşa universitetləri ilə bizim universitet arasında əməkdaşlıq müqaviləsi imzalandı. Bu müqavilə çərçivəsində bizim 24 əməkdaşımız orada ixtisas artırma kurslarında iştirak etdilər. Qeyd edim ki, bu, Təhsil Nazirliyinin razılığı əsasında başladılmış bir işdir və tək Azərbaycan deyil, digər region dövlətləri də bu layihəyə daxildirlər. Ancaq qazanılan təcrübələri nəzərə alsaq, sevindirici hal hesab edə bilərik ki, Qafqaz Universiteti öndə gedən universitetlər sırasındadır.
- Keçirilən təlimlər nəticəsində iştirakçılara sertifikat və ya diplom verilirmi?
- Bəli. Nəzərə çatdırmaq istərdim ki, bu təlimlərdə sadəcə müəllimlər deyil, tələbələr də iştirak edirlər. İştirakçı müəllimlər üçün sertifikat, tələbələrə isə transkript verilir ki, bu sənədlə də tələbə keçirilən dərslərdə iştirak etdiyini təsdiq edir. Azərbaycanda 10 dan çox universitet bu layihədə iştirak edir. Təkcə Qafqaz Universitetindən ötən il 9 nəfər tələbə bu layihədə iştirak etdi, bizdən sonrakı yerdə duran universitetdən iştirak edən tələbə sayı isə 4 nəfər təşkil edirdi.
- Avropa təhsili sisteminin Azərbaycan təhsilinə təsiri nələrdir?
- Son reytinq cədvəlində ilk 700 universitet arasında Qafqaz Universiteti Azərbaycandan birinci oldu. Aydın məsələdir ki, bu cədvəldə universitetin önə çıxması ölkənin adının önə çıxmasıdır və ölkəmiz adına bir qürur mənbəyidir. Xarici universitetlərlə daim qurduğumuz əlaqələr nəticəsində düşünürəm ki, hazırda Qafqaz Universiteti Türkiyənin bir çox qabaqcıl universitetləri ilə eyni müstəvini paylaşır. Daha dəqiq desək Türkiyənin sadəcə 5 universitetindən geri qalırıq. Hesab edirəm ki, bütün bunlarda Avropa təhsil təcrübəsi danılmazdır.
- Getdiyiniz ölkələrdən hansı təəssüratla qayıtmısınız?
- İndiyə kimi Çexiya, İspaniya, Polşada oldum və çox müsbət təəssüratla qayıtdım. Çünki gördüyümüz işin bənzərini orada gördüm. Yəni oradakı xarici əlaqələr ofisinin necə təşkil olunduğunu və sənədləşmə prosesinin aparılması qaydaları ilə yaxından tanış oldum. Bir ay müddətində etdiyim müşahidələr məndə universitetlərdə xarici tələbələrə necə davrandıqları və yataqxana şəraiti haqqında müsbət təəssürat oyatdı. Onu deyə bilərəm ki, gördüklərim və aldığım təcrübələr mənim dünyagörüşümün formalaşmasında böyük rol oynadı və elmi biliklərimin təkmilləşdirilməsinə müsbət təsir göstərdi. Və Azərbaycana qayıdarkən böyük hədəflərlə geri döndüm. Bu hədəflərin də təhsilin, elmin yüksək səviyyədə inkişafında öz təsirini göstərəcəyinə ümid edirəm.
- “Qafqaz”ı başqa universitetlərdən fərqləndirən yeni layihə varmı?
- Universitetimizdə fəaliyyət göstərən 9 layihə var. Lakin bunlardan sadəcə biri bizim, qalanları isə partner universitetlərlə hazırladığımız layihələrdir. Layihələr nədən ibarətdir? Layihə universitetdə kurikulumun inkişafı, universitetin potensial inkişafı istiqamətində planlardan ibarətdir. Ancaq sırf rəhbərlik etdiyimiz layihənin adi “E-Notes”dir. Bu layihə tələbələrin kompüter bilik keyfiyyətini və təcrübəsini artırmağa xidmət edir.
- Bu il Qafqaz Universitetinə qəbul necə keçib?
- 2014-15-ci tədris ili üzrə 930 plan yeri ayrılmışdı ki, bunun da 530-u dövlət sifarişlidir.2013-14-cü tədris ilində isə 802 plan yeri ayrılmış ki, bunun da 360-ı dövlət sifarişli olub. İki ili müqayisə etdikdə aydın olur ki, 2014-15 tədris ilində Qafqaz Universitetinə qəbul olanların sayı artıb. Qeyd ed'kki bu tədris ilində Qafqaz Universitetində tədrisi ingilis dilində olan iki yeni “İnşaat mühəndisliyi“ və “məktəbəqədər təlim və tərbiyyə” ixtisasları da açılıb. Həmin ixtisaslara qəbul dövlət sifarişi ilə aparılıb. Qəbul olunan tələbələr arasında xarici ölkələrdən gələnlərdə var. Bu il Rusiyadan daha çox tələbə gəlib.
- Bəs müəllimlər necə, yeni müəllimlər dəvət olunubmu universitetə?
- Qafqaz Universitetinin yüksək səviyyəli mütəxəssis yetişdirməsinin əsasında kadr potensialı dayanır. Hazırda universitetimizdə çalışanların 87 faizi yerli, 13 faizi isə Rusiya, Misir, Özbəkistan, Türkiyə kimi ölkələrdən dəvət olunmuş müəllimlərdir. Qafqaz Universitetində kadr potensialının inkişafı prioritet məsələdir. Hər il onlarla əməkdaşımız ABŞ, Almaniya, Polşa, Litva, Türkiyə, Rumuniya, Koreya, Rusiya və s. ölkələrdə əsasən dövlət xətti ilə təcrubəyə və ya posdoktora oxumağa göndərilir. Qafqaz Universitetinin akademik heyətinin əsasını gənclər təşkil edirki həmin gənclərdə ABŞ, İngiltərə, Rusiya, Türkiyə kimi ölkələrin tanınmış universitetlərində magistr təhsili və ya fəlsəfə doktoru elmi dərəcəsi almışlar. Universitetə hər il olduğu kimi bu ildə kadr potensialının gücləndirilməsi məqsədilə akademik heyətə yeni müəllim və mütəxəsislər cəlb edilib.
– Yaxın günlərdə Litvadan qayıdan universitetin əməkdaşı İlkin Məcidov da təəsuratını bizimlə bölüşdü.
– Avropa Komissiyasının Erasmus Mundus Backis Proqramı çərçivəsində Universitetimizdən Karyera Planlama Mərkəzi (KPM) nümayəndəsi olaraq mən, Litvanin Vilnus Gedimino Texnologiya Universitetində (VGTU) bir aylıq təcrübə keçmə imkanı əldə etmişdim. Bu təcrübənin keçirilməsində məqsəd universitetlər arasında yeni əlaqələrin yaranması, tələbə və müəllim mübadiləsi, ixtisas üzrə təcrübə keçmək, VGTU-i ilə İş Dünyası arasında olan mövcud əlaqələrin öyrənilməsi, tələbələrə və məzunlara aid görülən işləri yaxından öyrənmək idi. Universitet Litvanın paytaxtı Vilnus şəhərində yerləşir. Şəhərin mehriban, qonaqpərvər əhalisi, təmiz və çox gözəl təbiəti var. Gələn ilin yanvar ayından etibarən Avropa Birliyinə (AB) üzv olacaq dövlət artıq indidən buna hazırlıq işləri görür. Həm şəhərin gözəl infostrukturu, nəqliyyat sistemi həm də, turizm üçün əlverişli təbii şəraitin olması bura xarici qonaqların axımına səbəb olur. Xaricdə təhsilə böyük önəm və dəstək verən dövlətimizin bu addımını bu ölkədə də hiss etmək olur. Təkcə getdiyim VGTU-də mühəndislik fakultəsində təhsil alan azərbaycanlı tələbələrə də rast gəlmək olurdu. Onlarla söhbətim zamanı bunu hiss etdim ki, onlar hər addımlarında dövlətin adını uca tutmaq, onu xarici ölkələrdə tanıtmaq üçün əllərindən gələni edirlər və bundan da qürur duyurlar. Hədəfləri onlara olan etimadı döğruldub vətənə xeyirli övlad olmalarıdır. Dövlətin təhsilə verdiyi önəmin nəticəsi olaraq Vilnus şəhərində təhsil alan tələbələrimiz şəhərdən də, oxuduqları universitetdən də razı qaldıqlarını və burada özlərini gözəl yetişdirmək üçün hər bir şəraitin olduğunu qeyd edirdilər.
Onu da qeyd edək ki, Vilnus Gediminos Texnologiya Universiteti (VGTU) - 55 ildir fəaliyyət göstərir, mühəndislik sahəsində ölkədə iki universitetdən biridir və 11000 tələbəsi, 69000 məzunu, 4 bina, 10 fakultə, 4 prorektorluq, 1200 personali, 33 laboratoriyadan ibarətdir. Biz də öz növbəmizdə təcrübə zamanı universitetlər arasında yeni əlaqələrin qurulması üçün müəyyən addımlar atdıq. Belə ki, İş Dünyasi ilə Əlaqələr üzrə Prorektorluğun və Beynəlxalq Əlaqələr üzrə Prorektorluğun təşəbbüsü ilə Universitetimiz və Litvanin Vilnus Gedimino Texnologiya Universiteti (VGTU) nin Beynəlxalq Əlaqələr üzrə Vitse Prorektoru Lina Sarkaite, muavini Renata Vebriene arasında görüşlər keçirildi. Görüşlərin keçirilməsində məqsəd universitetimizin mexanika və inşaat mühəndisliyi fakültəsində təhsil alan tələbələrin VGTU-də təcrübə keçmələri, bu sahədə çalışan müəllim heyyətimizin burada “master-klass” vermələri və VGTU -dən bizim universitetimizə bu sahədə təhsil alan tələbələrin mübadiləsi və yaxud buradan müəllimlərin universitetimizdə “master-klass”keçmələri müzakirə olundu. Təklifimizi gözəl qarşılayan universitet nümayəndələri bundan məmnun olduqlarını və Azərbaycan universitetləri ilə bu vaxta kimi belə bir müqavilənin olmadığını, bizim ilə buna ilk addim kimi başlamağın onlar üçün də maraqlı olduğunu vurğulayıblar.
Elmin Nuri