Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual məsələləri ilə bağlı konfrans başlayıb
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycanda hüquqi dövlət quruculuğunun aktual problemləri: fəlsəfi, sosioloji və hüquqi təhlil və proqnazlaşdırılma” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. Tədbirdə azərbaycanlı alimlərlə yanaşı, türkiyəli tədqiqatçılar da iştirak edirlər. Fəlsəfə və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin təşkilatçılığı ilə keçirilən konfrasda çıxış edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib ki, məqsəd hüquqi dövlətin müasir şəraitdə inkişafına elmi dəstək olmaqdır. Direktor qeyd edib ki, müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına inteqrasiyadan, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub. Qafqaz Universitetinin rektoru Əhməd Sanıç Azərbaycanda həyata keçirilən təhsil islahatlarından danışıb. Vurğulayıb ki, bu istiqamətdə ölkəmizdə qəbul olunan proqram və sənədlər təhsil sferasının yeni inkişaf mərhələsinin əsasını qoyub. Digər çıxışlarda da bildirilib ki, həyata keçirilən islahatlar - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib. Tədbirdə Vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun Azərbaycan Respublikası Konstitusiyasında təsbiti, Sahibkarlığın hüquqi təmzimlənməsinin təkmilləşdirilməsi problemləri və digər mövzularda məruzələr dinlənilib. Konfrans oktyabrın 24-nə kimi davam edəcək.