Maliyyə günü tədbiri keçirilmişdir
15 Oktyabr tarixində Maliyyə ixtisası tələbələrinin 2013-2014 tədris ili ikinci semestrinin akademik və ictimai nailiyyətlərinin mükafatlandırılmasını əhatə edən "Maliyyə günü" tədbiri keçirilmişdir. Tədbir tələbələrin keçən semestrdəki fəaliyyətlərini əks etdirən foto-slayda baxışla başlamışdır. Daha sonra Maliyyə kafedrasının müdiri Prof. Cihan Bulut çıxış edərək tələbələri uğurlu bir semestr başa vurmaq münasibətilə təbrik etmiş və tədris fəaliyyətləri haqqında ümumi məlumat vermişdir. Maliyyə kafedrası müdir əvəzi Elçin Süleymanov çıxışında Maliyyə ixtisasında oxuyan tələbələrin gələcək karyera imkanları haqqında və sonra keçən semestr akademik və ictimai nailiyyətlər haqqında ətraflı məlumat verdi. 2013-2014 tədris ili ikinci semestrin akademik nəticələrinə görə bölmə birincisi 2-ci kurs tələbəsi Tofiq İsmayılov olmuşdur. Hər kurs üzrə qiymət ortalamasına görə birinci yeri tutan tələbələr, həmçinin Maliyyə ixtisası kurslar arası futbol turnirində birinci yeri tutan komanda üzvləri mükafat və sertifikatlarla təltif edilmişdir. Daha sonra tələbələrin suallarına cavablar verilmişdir.