“22 ildir minlərlə insanın gözü qabağında fəaliyyət göstəririk”
Dünən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Kompleksi və “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən mətbuat konfransı keçirərək, bəzi mətbuat orqanlarında təmsil etdiyi şirkət və şəxsən özünə qarşı həyata keçirilən böhtan xarakterli kampaniyaya münasibət bildirib. Ənvər Özərən bildirib ki, “Çağ” Öyrətim İşlətmələri 22 ildir Azərbaycan qanunlarına uyğun şəkildə və minlərlə insanın - valideynlərin, tələbələrin, məzunların gözləri qarşısında fəaliyyət göstərir. | |
“Çağ” Öyrətim İşlətmələrinə və onun rəhbərliyinə qarşı səsləndirilən iddialara münasibət bildirən bu qurumun İdarə Heyətinin sədri Ənvər Özərən dünən keçirdiyi mətbuat konfransında bəyan edib ki, təmsil etdiyi şirkət 20 ildən artıqdır təhsil sahəsində fəaliyyət göstərir. Ənvər Özərənin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə ilk dəfə Naxçıvanda fəaliyyətə başlayıblar: “Hazırda cənab Prezidentin dəstəyi ilə biz fəaliyyətimizi davam etdiririk. Bildiyiniz kimi, “Çağ” Öyrətim İşlətmələri Prezident İlham Əliyevin tapşırıqları əsasında təhsil sahəsindəki fəaliyyətlərini Dövlət Neft Şirkəti ilə birgə həyata keçirir”. Ənvər Özərən bildirib ki, bəzi məkrli qüvvələr Türkiyədə baş verən hadisələrə Azərbaycanı da daxil etmək niyyətindədirlər: “Ancaq baş verənlər Türkiyənin daxili işidir, bunun bizimlə və təmsil etdiyim qurumla heç bir əlaqəsi yoxdur. Bu gün dünyanın 160-dan çox ölkəsində fəaliyyət göstərən məktəblərin məqsədi savadlı, dünyagörüşlü insanlar yetişdirməkdir. Həmin məktəblər fəaliyyət göstərdikləri ölkələrdə, o cümlədən də Azərbaycanda öz işlərini qanunlar çərçivəsində qururlar. Bizim uğurlarımızı gözü götürməyənlər fəaliyyətimizə kölgə salmağa çalışaraq böhtan və iftira atırlar”. “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri böhtan atan, barələrində yalan informasiya yayan mətbuat orqanlarına qarşı hüquqi tədbirlər görəcəklərini bildirib. Ənvər Özərən deyib ki, bəzi saytlarda ona məxsus olduğu iddia edilən məktubun surəti yayılıb: “Bildirmək istəyirəm ki, bu məktub mənim tərəfimdən yazılmayıb və imzam saxtalaşdırılıb. Bu təkcə böhtan deyil, həm də cinayətdir. Artıq bununla bağlı məhkəməyə müraciət etmişik”. İdarə Heyətinin sədri son zamanlar mətbuatda bəzi yüksəkvəzifəli şəxslərin nurçuluq təriqətilə bağlılığına dair səslənən fikirlərə də münasibət bildirib: “Türkiyənin çox dəyərli fikir adamlarından olan Fəthullah Gülən Hocaəfəndi 60 ildir insanları təhsil sahəsində fəaliyyət göstərməyə çağırır. Bu çağırışa səs verən insanların bir arada birləşdiyi “Xidmət” hərəkatına qoşulanların arasında hər dindən, hər mədəniyyətdən insanlar var. Bu hərəkatı nurçuluqla bağlamaq doğru deyil. “Xidmət” hərəkatı ilə nurçuluq bir-birindən fərqlidir. Cəmiyyətin hər təbəqəsindən “Xidmət” hərəkatına rəğbəti olan insanlar vardır. Məhz bundan istifadə edən bəzi məkrli qüvvələr “Çağ” Öyrətim İşlətmələrinin fəaliyyətini təqdir edənlərə böhtanlar atırlar. Ancaq bu böhtanları atanlar unutmasınlar ki, Azərbaycan dövləti və hökuməti təhlükəsizliyini təmin etməyə qadirdir və təhdid hesab etdiyi məsələlərdə də gərəyini yerinə yetirmək iqtidarındadır”.
|