Universitet Türkiyəyə səfər təşkil etdi
8-12 iyul 2012-ci il tarixində Qafqaz Universitetinin Bələdiyyə Tədqiqatları Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin, Qafqaz Universiteti Bələdiyyə Tədqiqatları Mərkəzinin və Şəhər Bələdiyyələri Assosiasiyasının nümayəndələrindən ibarət heyətin İstanbul Böyükşəhər Bələdiyyəsinə işgüzar səfəri təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin Regional Məsələlər Komitəsinin Sədri Arif Rəhimzadə rəhbərlik edib. Heyətin tərkibinə millət vəkilləri Tahir Rzayev və Rüstəm Xəlilov, Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Əbülfəz Babayev, Qafqaz Universiteti Bələdiyyə Tədqiqatları Mərkəzinin müdiri Səbuhi Yusifov və müdir müavini Xanlar Heydərov, Milli Məclisin və Şəhər Bələdiyyələri Assosiasiyasının mütəxəssisləri daxil edilib. Səfərin məqsədi bələdiyyə sahəsində Türkiyə təcrübəsinin araşdırılması olub. Səfər zamanı bir sıra mühüm görüşlər və tədbirlər keçirilib. İstanbul Böyülşəhər Bələdiyyəsinin mütəxəssislərinin təqdimatı ilə Türkiyədə yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri, maliyyə mənbələri, ictimaiyyətlə münasibətləri və s. kimi mövzularda seminarlar keçirilib. Nümayəndə heyətinin İstanbul Böyülşəhər Bələdiyyəsinin sədri Kadir Topbaşla görüşü olub. Görüş zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bir daha vurğulanıb, Azərbaycanda yerli özünüidarənin inkişafı üçün Türkiyə təcrübəsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Səfər zamanı İstanbul Böyülşəhər Bələdiyyəsinə aid olan və şəhər təsərrüfatının ayrı-ayrı sahələrində fəaliyyət göstərən bir sıra şirkətlər də ziyarət edilib, təcrübə mübadiləsi aparılıb.
Qafqaz Universiteti BTM –zinin təşkilaçılığı ilə Şəhər Bələdiyyələri Assosiasiyasının nümayəndələrindən ibarət heyətin İstanbul Böyükşəhər Bələdiyyəsinə də işgüzar səfərdə olublar.