Ajda Pekkan Qafqaz Universitetini ziyarət edib


Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan Bakıda səfərdədir.
Gün.Az-ın məlumatına görə, müğənni bu səfəri çərçivəsində Qafqaz Universitetini ziyarət edib.

Universitetin rektoru Ahmet Saniç qonağa rəhbərlik etdiyi tədris ocağı barədə ətraflı məlumat verib. Bildirib ki, Qafqaz Universiteti indiyədək Azərbaycanda ən reytinqli ali təhsil ocaqlarından biridir.

Azərbaycana ilk dəfə gəldiyini vurğulayan Ajda Pekkan bu səfərinin Qafqaz Universitetindən başlanmasının heç də təsadüf olmadığını söyləyib. O bildirib ki, XI Beynəlxalq Türk dili Olimpiadasında münsiflər heyətinin tərkibində olarkən bu tədbirdən çox böyük təəssüratlar alıb.

Onun sözlərinə görə, elə o vaxtdan türk dünyasına xoş anlar yaşadan məktəblilərin təhsil aldıqları məktəbləri ziyarət etmək fikrinə düşüb. Bu çərçivədə ilk səfəri məhz Azərbaycan və buradakı türk məktəbləri olub. O, həmin məktəblərdə təhsil alan gənclərin çox şanslı olduğunu vurğulayıb. Bakı ilə ilk təəssüratlarından söz açan A.Pekkan bu qədim diyarda olmasından məmnun olduğunu bildirib.

Qeyd edək ki, universitetin akt zalında müğənninin şərəfinə təşkil olunmuş tədbir böyük coşqu ilə qarşılanıb. Tədbirdə universitetin tələbəsi Orxan Şükürov pop starın repertuarından mahnı ifa edib. Onun ifası tanınmış müğənniyə xoş təsir bağışlayıb.

A.Pekkan bu ifaya qatılıb və onunla birgə oxuyub. Tədbirin sonunda Qafqaz Universitetinin rektoru plaketlər təqdim edib.

Qeyd edək ki, görüşdə millət vəkili Qənirə Paşayeva da iştirak edib.
Fidan Əliyeva
Gün.Az

Nicat Yusifov

Instagram