700 bal toplayan abituriyent: “Qafqaz Universitetində oxumaq istəyirəm"




III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən biri də Flora Qafarovadır. Qafarova Flora Eldar qızı Sumqayıt şəhərinin Texniki və Təbiət Elmləri Liseyini bitirib. Araz Kurslarında hazırlıq keçən Flora məktəbdə yaxşı oxuduğu üçün elə də çətinlik çəkmədiyini deyir. “Məktəbdə hər zaman seçilmişəm. Ona görə hazırlaşanda narahatlıq yaşamadım. Tam iki il Araz Kurslarında hazırlığa da getmişəm”.
F. Qafarova fənn olimpiadalarında da yer tutduğunu bildirib. “Azərbaycan dili fənninin və Vergilər Nazirliyinin olimpiadasında yer tutmuşam”. Yüksək nəticə əldə edən F. Qafarova xarici ölkədə oxumağı planlaşdırmadığını qeyd edib: “Qafqaz Universitetinin tərcüməçilik fakültəsində oxumaq istəyirəm”.
Qeyd edək ki, III qrup üzrə imtahanda ümumilikdə 4 nəfər 700 bal toplayıb.
2013-2014-cü tədris ili üçün ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələrinə əsasən (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla), müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin 495 nəfəri 600-dən yuxarı bal toplayıb. İmtahanda 1879 abituriyent 500-dən yuxarı bal yığıb. İmtahanda 400-dən yuxarı bal toplayanların sayı 4492 nəfərdir. III qrup üzrə qəbul imtahanında 300-dən yuxarı bal toplayan abituriyentlərin sayı 8063 nəfər, 250-300 bal toplayanların sayı isə 2090 nəfər olub.


http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=50482

Nicat Yusifov

Instagram