İki tələbə komandası Azercelldəki strateji dəyişiklikləri tədqiq etdilər
Azercellin yaratdığı “Barama” innovasiya mərkəzi bu vaxta qədər müxtəlif layihələrə imza atıb. İndi isə istedadlı gənclərin ocağına çevrilən bu mərkəzdə daha bir yeni və maraqlı proqram gerçəkləşdirildi.
Layihə çərçivəsində tələbələr 3 həftə boyunca iqtisadi analitik araşdırma apardılar. Onlar 2011-ci ildə Azercelldə baş verən strateji dəyişiklikləri tədqiq etdilər. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz əsasında ortaya çıxan sualları cavablandırmağa çalışdılar. Onların missiyası müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdırmaq və həmin problemlərin qarşısının alınması üçün effektiv həlli yollarını təklif etmək olmuşdu.
Araşdırma hər biri 5 tələbədən ibarət olan 2 universitet komandası arasında aparılırdı. İştirakçılar İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu, Qafqaz Universitetinin isə İqtisadiyyat, Maliyyə, və Biznesin idarə edilməsi fakültələrini təmsil edirdilər.
Bu araşdırma tələbələr üçün eyni zamanda biznesin inkişafı üzrə staj oldu. Çünki “Barama” ofisində Azercell əməkdaşları tərəfindən müxtəlif təlimlər, təqdimatlar keçirilırdi və bu da tələbələrə praktiki biliklərini artırmağa, həmçinin layihədə uğurlu iştirak etməyə kömək edirdi.
“Barama” layihəsi 2009-cu ildən fəaliyyət göstərir. Layihə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ düşüncələri olan, lakin bunu reallaşdırmaq imkanına malik olmayan gənclər üçündür. Bu istedadlı insanlar məhz “Barama” vasitəsilə öz ideyalarını gerçəkləşdirmək imkanı qazanıblar.
Bu günə qədər layihəyə 600-dən çox ideya təqdim olunub. Hazırda bu ofisdə mobil telefonlar, smartfonlar, xüsusilə də Blackberry üçün proqram təminatı ilə bağlı, həmçinin internetlə əlaqəli müxtəlif layihələri həyata keçirilir.
“Barama” ofisi ən müasir standartlara cavab verən avadanlıq, son modifikasiyalı kompüterlər, sürətli İnternet və kommunikasiya vasitələri ilə təmin olunub.
Öz ideyalarına qanad verib onları reallaşdırmaq arzusunda olanların nəzərinə,www.Barama.az internet səhifəsində “İnnovasiya təklif forması”-nı doldurub göndərmək lazımdır. Təklif olunan ideyalar arasında ən uyğun və maraqlı, həmçinin kreativ olanlar ekspert qrupumuz tərəfindən seçilir. Təkliflər il boyunca qəbul edilir.