Azərbaycana düşən pay Beynəlxalq türk dili olimpiadalarından
Artıq Azərbaycanın da 5 qitə üzərində 130-dan artıq ölkə və daha artıq sayda millətə məhz bu dildə öz gerçəklərini anlatmaq imkanı var. Məhz bu imkandan Azərbaycanın diaspor fəaliyyətlərində məqsədyönlü istifadə edərək, daha böyük nailiyyətlər əldə etmək, haqq səsimizi dünyaya daha yüksəkdən duyurmaq mümkündür. | |
Ötən ayın ən yaddaqalan hadisələrindən biri də, heç şübhəsiz ki, Türkiyədə keçirilən IX Beynəlxalq Türk Dili Olimpiadası oldu. Bu böyük tədbirin əhəmiyyəti hansısa yarış və ya müsabiqədən qat-qat artıq idi. Çünki sözügedən olimpiada dünyanın beş qitəsindən olan ölkələr arasında əsl mədəniyyət və dialoq körpüsü qurmağa xidmət edir. 130 iştirakçı ölkə arasında Azərbaycan da layiqincə təmsil olunurdu. Elə bu olimpiadadan ölkəmizin payına düşən töhfə də kifayət qədər böyük idi. Sadəcə, ona görə yox ki, ölkəmiz bu yarışda layiqincə təmsil olundu və bir neçə mükafat əldə etdi. Həm də ona görə ki, bu yarışın timsalında dünyanı qucaqlayan, 5 qitə arasında sülh və dostluq körpüsü quran dil həm də bizim dilimizdir. Bu, doğma dilimizdən ancaq bir şivə qədər fərqlənən, rahatca danışdığımız və rahatca anladığımız qardaş Türkiyənin türkcəsidir. Finala vəsiqə qazanmış azərbaycanlı şagirdlərin Avropa və Asiyanın qovşağındakı iki böyük şəhərdə izləyicilər qarşısında hər çıxışı, tutduqları yerlərdən asılı olmayaraq, böyük coşqu, həyəcan və alqışlarla qarşılandı. Üstəlik, belə bir mötəbər yarışın final mərhələsinə vəsiqə qazanmaq özü də elə böyük uğur sayıla bilər. Sözün əsl mənasında, bir ümumdünya müsabiqəsi sayılan bu olimpiadanın açılış və finallarına qatılan Türkiyə dövlət rəsmilərinin sayı da bu gerçəyi bir daha ortaya qoyurdu. Məhz bu olimpiadanın gedişini Türkiyə Böyük Millət Məclisinin Sədri, dövlət nazirləri və hökumət üzvləri yaxından izləyirdilər ki, bu da hansısa bilik yarışı və ya fənn olimpiadasında rast gəlinəcək bir hadisə deyildi. Elə olimpiadanın mahnı nominasiyası üzrə finalında Türkiyənin dövlət naziri Egemen Bağışın çıxış etməsi və birinci yerin qalibi olan tacikistanlı Şahrux Yunusova mükafatı şəxsən təqdim etməsi də deyilənlərin sübutu idi. Bundan başqa, Türkiyənin tanınmış ictimai xadimləri və sənət adamları da müsabiqənin işində yaxından iştirak edirdilər. Münsiflərin də hər bir sahə üzrə ən peşəkar adamlardan seçilməsi həm müsabiqənin mötəbərliyini, həm də obyektivliyini ortaya qoyurdu. Olimpiadanın mahnı finalında Azərbaycanı təmsil edən Qafar Şamilovun çıxışı böyük alqışlarla qarşılansa da, ilk üçlüyə düşmədi. Şeir nominasiyasının finalında isə ölkəmizin uğuru kifayət qədər böyük idi. Çünki Azərbaycanı təmsil edən Mehparə Zeynalova ikinci yerə layiq görüldü. Bununla yanaşı, birinci yeri tutan Gürcüstan təmsilçisi Leyla Qurbanova da milliyyətcə azərbaycanlı idi. Təbii ki, onun uğuru da bizim uğurumuz sayılmalıdır. Ancaq məsələnin daha vacib tərəfi isə olimpiadada əldə edilən mükafatlar, tutulan yerlərlə bağlı deyil. Ən mühüm olanı odur ki, bu cür fəaliyyətlər və beynəlxalq müsabiqələrlə getdikcə bir dünya dilinə çevrilən ünsiyyət vasitəsi eyni soykökünə və dinə mənsub olduğumuz qardaş türklərin dilidir. Türkiyə türkcəsinin bir dünya dilinə çevrilməsi isə o deməkdir ki, artıq bu dili anlayan və danışan milyonlarla insan həm də bizi anlamaq və dinləmək imkanı əldə edir. Daha doğrusu, ən böyük fürsəti elə biz əldə edirik. Artıq Azərbaycanın da 5 qitə üzərində 130-dan artıq ölkə və daha artıq sayda millətə məhz bu dildə öz gerçəklərini anlatmaq imkanı var. Məhz bu imkandan Azərbaycanın diaspor fəaliyyətində məqsədyönlü istifadə edərək, daha böyük nailiyyətlər əldə etmək, haqq səsimizi dünyaya daha yüksəkdən duyurmaq mümkündür. Çünki dil insanların bir-birini anlamasını və qaynayıb-qarışmasını təmin edən əsas ünsürdür. Qloballaşan dünyada, informasiya texnologiyaları çağında mədəniyyətlərin qovuşması və ayrı-ayrı xalqların bir-birini anlaması da məhz dil ilə mümkün olacaq. Buna görə də Azərbaycan beynəlxalq aləmdə haqq işini təbliğ etmək üçün doğma dilimizlə yanaşı, getdikcə bir dünya dilinə çevrilən və bizə ögey olmayan türk dilinin imkanlarından da geniş istifadə etməlidir. http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=39198 |