Tələbələrimiz “Qafqaz”ı diplom üçün deyil, təhsil üçün seçirlər

25 July, 2011
Abituriyentlərin imtahan həyəcanı geridə qalıb. İndi onlar ixtisasları ilə bağlı ali məktəblər və fakültələr arasında seçim etməlidirlər. Necə də olmasa, indi seçəcəkləri ixtisas bu və ya digər formada onların gələcəklərini müəyyənləşdirəcək. Bu baxımdan abituriyentlərə yardım etmək üçün Azərbaycanın ən prestijli ali məktəblərindən biri olan Qafqaz Universitetinin rektoru, professor Ähməd Saniç ilə söhbətləşdik.
 - Əhməd bəy, Qafqaz Universiteti 2011-2012-ci tədris ilinə hansı yeniliklərlə girir?
 - Bu tədris ilinə universitetimiz bir çox önəmli yeniliklərlə başlayır. Bu il “Qafqaz”da jurnalistika və mexanika mühəndisliyi kimi iki yeni fakültə açılır. Bundan başqa, tələbə qızlar üçün 250 yerlik yataqxana istifadəyə verilir. Həmçinin 7500 kvadratmetrlik yeni tədris binamızın istifadəyə verilməsinin Azərbaycan təhsili üçün xüsusi əhəmiyyətə malik olduğuna inanıram.
 2011-ci ildə “BP-Azərbaycan” şirkəti tərəfindən kimya mühəndisliyi laboratoriyası, “Azərsel” şirkəti tərəfindən telekommunikasiya sahəsində 2G, 3G, 4G laboratoriyası və “FAB Boyaları” şirkəti tərəfindən informasiya texnologiyaları və robotlar mövzusunda innovasiya laboratoriyası qurulub. Fizika laboratoriyamız üçün yeni cihazlar alınıb.
 2012-ci ilin ilk 6 ayında yenə “BP-Azərbaycan” tərəfindən mexanika laboratoriyası qurulacaq. Universitetimizlə əlaqəli strategiya planımız da yenidən hazırlanıb.
 - Bu il hansı ixtisaslar üzrə qəbul planlarına dəyişiklik edilib?
 - Qeyd etdiyim kimi, bu il jurnalistika və mexanika mühəndisliyi fakültələri açılıb. Jurnalistika fakültəsinin Azərbaycana yenilik gətirməsi məqsədilə İstanbul Universitetinin kommunikasiya fakültəsi ilə əməkdaşlıq edirik. Qafqaz və İstanbul universitetlərinin professorları universitetimizdə üç gün boyunca “dəyirmi masa” toplantıları təşkil edərək, dərs proqramlarını hazırlayıblar. Seçməli dərslərin yardımı ilə televiziya-radio və mətbuat olmaqla iki sahə üzrə mütəxəssis hazırlayacağıq. Bununla birlikdə Azərbaycan ilə yanaşı Türkiyə, Almaniya və ABŞ kimi ölkələrdə təcrübə keçmək imkanı təşkil olunacaq.
Yeni açılan digər fakültə mexanika mühəndisliyidir. Bu fakültə “BP-Azərbaycan” şirkətinin dəstəyi ilə açılıb. “BP-Azərbaycan” ilə 3 pilləli bir layihə hazırlamışıq. İlk pillə kimya mühəndisliyi fakültəsinin açılmasıdır ki, iki il öncə buna nail olduq və “BP-Azərbaycan”ın maddi yardımı ilə müasir kimya mühəndisliyi laboratoriyası qurularaq istifadəyə verildi. Kimya və mexanika fakültələrində tədris ingilis dilindədir. “BP-Azərbaycan”ın nümayəndələri ilə əməkdaşlıq tədris zamanında da davam edəcək və tələbələrimiz “BP”nin nəzdindəki sənaye müəssisələrində təcrübə keçə biləcəklər. Äldə olunmuş razılığa əsasən, ARDNŞ-ə bağlı “Azərkimya” və Türkiyənin “Aliağa Petrokimya” zavodlarında də tələbələrimiz təcrübə keçə biləcəklər.
 Daha bir yenilik isə odur ki, beynəlxalq münasibətlər fakültəsi bu il II ixtisas qrupunda olacaq. Beynəlxalq münasibətlər üzrə mütəxəssislər ingilis dilini çox yaxşı bilməlidirlər. Ona görə də, universitetimizdə bu fakültənin tədrisi ingilis dilindədir. Professor-müəllim heyətimiz Azərbaycanla yanaşı, Türkiyə, Fransa, Ukrayna, ABŞ və Rusiyada təhsil almış mütəxəssislərdən ibarətdir.
 - Yüksək bal toplamış tələbələr ümumiyyətlə, “Qafqaz”ı seçirlər. Bu baxımdan dövlət sifarişli qəbulla əlaqəli builki qəbul planı nə qədər olacaq?
 - “Qafqaz” 1993-cü ildən günümüzə kimi kredit sistemi ilə təhsil verməkdədir və son iki ildir Boloniya sisteminə keçib. 2600 məzunumuz 46 fərqli ölkədə ya magistratura, ya da doktorantura təhsili almaqdadır. Xüsusilə, son 3 ildə yüksək bal toplamış abituriyentlər universitetimizi seçirlər. Məsələn, ötən il 700 bal yığan 7 abituriyentin 4-ü, Prezident təqaüdü alan 102 abituriyentin 25-i, 600-dən çox bal yığan 185 abituriyent “Qafqaz”ı seçib. Keçən il dövlət sifarişi ilə 251 tələbə universitetimizə daxil olub. Bu il dövlət sifarişi ilə 200 tələbənin gəlməsi gözlənilir. Dövlət sifarişi ilə qəbul olmayan fakültələrimizə yüksək balla daxil olanları da nəzərə alanda bu il təxminən 250 tələbə bizdə pulsuz təhsil ala biləcək. Universitetimizdə yüksək ballı tələbələrin artması nəticəsində üç önəmli qərar qəbul etmişik. Birincisi, tələbələrimizin dünyanın Nobel kimi önəmli mükafatlarını ala bilmələri üçün strateji planlar hazırlamışıq. İkincisi, qəbul planımıza müxtəlif ballar toplamış abituriyentlərin “Qafqaz”ı seçmələrinə imkan verən dəyişikliklər etmişik. Üçüncüsü, eyni ixtisas üzrə ingilis və Azərbaycan dillərində paralel təhsil verən bölmələrin sayını artırmışıq. Eyni zamanda Azərbaycan dilində təhsil alan tələbələrimiz üçün əlavə ingilis dili kursları təşkil olunacaq.
 - Artıq qəbul planı başa çatıb, abituriyentlər seçim etməkdədirlər. Bu seçimlərdə abituriyentlərə nə tövsiyə edərdiniz?
 - Abituriyentlər sevdikləri ixtisası seçsinlər. İnsan sevdiyi ixtisasla uğur qazanır. Ümummilli liderimiz Heydər Äliyev müəllimlikdən daha yüksək məslək tanımadığını bildirmişdi. Müəllim olmaq istəyənlər tərəddüd etmədən bu ixtisası seçsinlər. Gələcəkdə müəllimlik layiq olduğu yeri tutacaq. İkincisi, abituriyentlər müasir standartlara cavab verən, hər cür texniki imkanı olan universitetlərə üstünlük versinlər.
 - Bir abituriyent niyə Qafqaz Universitetini seçsin?
 - “Qafqaz” qurulduğu gündən etibarən təhsillə bağlı məsuliyyətini haqqıyla yerinə yetirir. Məzunlarımızın prestijli yerlərdə və vəzifələrdə işləməsi bizim göstəricimizdir. Hazırkı tələbələrimizin bizdən razı qalmaları və bizimlə bağlı söylədikləri bizim reklamımızdır. İş dünyasının və dövlətin təqdiri bizim fəxrimizdir. Məzunlarımızın 46 fərqli ölkədə işləməsi bizim bir dünya universiteti olmağımızın göstəricisidir. İstər özəl, istərsə də dövlət sektorunun məzunlarımızı işə qəbul etmək üçün universitetimizə gəlməsi məzunlarımızın gücünü göstərir. Bir nümunə çəkim. Bir dəfə “Azersun Holdinq”in başqanı Abdulbari Gözəl bəylə söhbətləşərkən, “Qafqaz”la bağlı fikir mübadiləmiz oldu. Ona Prezident Aparatının şöbə müdiri Äli Həsənovun, təhsil naziri Misir Mərdanovun, hətta Türkiyə Prezidenti Abdullah Gülün “Qafqaz”ı Harvard Universitetinə bənzətdiklərini söylədim. Abdulbari bəyin reaksiyası olduqca maraqlı oldu: “Aman “Harvard” olmayın. Qafqaz Universiteti olaraq qalın. Məzunlarınız həm bilgili, həm tərbiyəli, həm də etibarlıdır. “Harvard” məzunları özlərini o qədər fərqli görürlər ki, öz masalarını belə başqalarının təmizləməsini gözləyirlər. Bizə “Harvard”lı deyil, “Qafqaz”lı gənclər lazımdır”. Bu, bizim üçün bir şərəfdir.
 - “Qafqaz”ı seçəcək gənclərə hansı imkanları təqdim edirsiniz?
 - Tələbələrimiz bizi diplom üçün deyil, təhsil üçün seçirlər. Burada hər tələbəni böyük ideallarına qovuşduracaq şəraitimiz var. Tələbələrimizin şad və kədərli günlərində onların yanında olan tələbə-müəllim münasibətlər sisteminə malikik. Eyni zamanda, tələbələrimizi ictimai həyata hazırlayan dərnək və klublarımız fəaliyyət göstərir. Dünyanın inkişaf yolunu dəqiq görən və əksəriyyət etibarilə xaricdə doktorluq müdafiəsini edən professor-müəllim heyətimiz, həmçinin müasir laboratoriyamız və müasir kurrikulumumuz var. Tələbələrə ölkə xaricində təhsil almaq və təcrübə qazanmaq imkanları veririk. Tələbələrdən hər dərs ilə bağlı layihə hazırlamaq, onu idarə etmək və yekunlaşdırmaq tələb olunur. Bu, onların layihələrlə işləmək qabiliyyətini inkişaf etdirir. Tələbələrimizə olimpiadalarda iştirak etmək imkanı veririk. Bütün tələbələrimiz ingiliscə bilir. İkinci xarici dil kimi alman dilini öyrənmək təklif olunur. Onlar Türkiyə türkcəsi ilə yazılmış elmi kitabları tam başa düşürlər. İnformasiya texnologiyaları ilə işləmək bacarığı hər tələbəmizə aşılanır. Yəni “Qafqaz”ın tələbələrini xoşbəxt gələcək gözləyir.
 - “Qafqaz” ikili diplom proqramı həyata keçirir. Bu proqram haqqında nə deyə bilərsiniz?
 - Bu il Avropa Birliyinin qrant proqramlarından 3-ü “Tempus”, biri isə “Erasmus-Mundus” olmaqla 4 layihə qazanmışıq.
 “Erasmus Mundus” layihəsi əsasında tələbələrimiz Avropa universitetlərində təhsil ala biləcək və eləcə də “Qafqaz” Avropadan tələbə qəbul edə biləcək.
 “Tempus” layihələri isə Avropa universitetləri ilə “Qafqaz”ın elmi əməkdaşlığını nəzərdə tutur.
 Bunlardan başqa, tələbələrimiz təhsillərinin bir qismini İngiltərə və ABŞ universitetlərində almaqla iki diploma eyni anda sahib ola bilirlər. Bunu hələ ki, magistr və doktorantura pillələri üzrə həyata keçiririk. Bakalavrı da bura daxil etmək üçün çalışmalarımız davam edir.
 - Xaricdən, xüsusilə də Türkiyədən sizə tələbələr necə müraciət edə bilərlər?
 - Malavi, Nigeriya, Hindistan, Türkiyə, Rusiya, Türkmənistan, Qazaxıstan, Gürcüstan və İran kimi 14 fərqli ölkədən 400-dək xarici tələbəmiz var. Onlardan 300-ü Türkiyədəndir. Türkiyəli tələbələrin “Qafqaz”da oxuya bilmələri üçün onlar Türkiyədə ÖSYM-nin təşkil etdiyi LYS imtahanlarında iştirak etməli və ən azı 160 bal toplamalıdırlar. Xaricdən müraciət edən tələbələrimizlə tək-tək görüşürük, oxumaq istəyi olanları universitetimizə qəbul edirik. Yaxud da türk liseylərindən müsbət xasiyyətnamə ilə gələnləri qəbul edirik.
Universitetimizdə yerli və xarici tələbələr arasında fərq qoyulmur. Äksinə, onların arasında çox xoş və səmimi münasibətlər formalaşıb. Hətta azərbaycanlı və əcnəbi tələbələr qarşılıqlı olaraq bir-birlərini öz evlərinə qonaq aparırlar.
 - Məzunlarınızın işlə təminatı barədə nə deyə bilərsiniz?
 - İşləmək istəyən hər tələbəmizin işlədiyini desək, yanılmarıq. Məzunlarla məşğul olan mərkəzimiz fəaliyyət göstərir. Məzunlarımızın 86 faizi ya işləyir, ya da magistratura və doktorantura təhsilini davam etdirir. Onların 6 faizi əsgərlikdədir, 4 faizi evdar qadındır. 3-4 faiz məzunumuz isə ya işini dəyişdirir, ya da yeni iş axtarır. Məzunlarımızın əksəriyyəti isə universiteti bitirmədən iş tapır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF