Xaricdə təhsil alan gənclərlə bağlı rubrikamızın budəfəki qonağı Rüfət Hüseynovdur. Rüfət aktiv gənc olmaqla yanaşı oxuduğu ixtisas üzrə peşəkar kadr kimi də formalaşıb. O, hazırda fəaliyyətini Qafqaz Universitetinin Biznesin idarə edilməsi kafedrasında müəllim olaraq davam etdirir. Bu savadlı gəncimizlə olan müsahibəni oxuculara təqdim edirik.
- Özünüz barədə məlumat verərdiniz.
- Hüseynov Rüfət Xaliq oğlu, 1988-ci il 18 dekabrda Bakı şəhərində dünyaya gəlmişəm. 1995-2006-cı illərdə 67 saylı orta məktəbi bitirmişəm və elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə edilməsi və təşkili fakültəsinə daxil olmuşam. Təhsilimi uğurlu davam etdirərək 2011-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən Bahçeşehir Universitetində təhsil almağı yüksək təqaüdlə qazanmışam. Buna qədər orta məktəb illərində bir çox olimpiadalarda iştirak edib, müxtəlif yerlər tutmuşam. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş, Azərbaycan orta məktəblərində bir ilk olan “Əvəzsiz illər” qəzetinin baş redaktoru olmuşam. Məktəb illəri xatirələrindən də söz açsaq, məktəbimizdə keçirilən Məktəb Hökumət İdarəetmə Sistemində məktəbimizin baş naziri olmuşam.
-Türkiyədə xeyli sayda gəncimiz ali təhsil alır. Sizdə bu ölkəyə olan maraq İstanbulda ali təhsilinizi davam etdirməyə sövq etdi?
-Türkiyədə təhsil almaq əsas məqsədlərimdən biri idi. Ümumiyyətlə, bu ölkənin bizə nə qədər yaxın olması və Türkiyə təhsil sisteminin hansı səviyyədə olması barədə söz açmaq istəməzdim. Çünki bunları hər kəs gözəl bilir. Hələ 11-ci sinifdə Türkiyədə ali təhsil almaq kimi bir şansım yaranmışdı. TQDK-nın Türkiyə universitetinə qəbul üçün keçirdiyi imtahanda Ankara Universitetini qazanmışdım. Lakin ailəm icazə vermədiyi üçün bu şansı dəyərləndirə bilmədim. Türkiyədə magistr ali təhsilini qazandıqda isə ailəm və dostlarım gələcək karyerama müsbət yöndə təsir göstərəcəyinə inanaraq oxumağıma dəstək oldular. Buna görə ən çox valideynlərimə təşəkkür edirəm.
-Oxuduğunuz ali məktəb barədə söz açardınız. Buradakı təhsil, tədrisin səviyyəsi sizi qane edirdimi?
-Bahçeşehir Universiteti Türkiyənin özəl universitetləri içərisində ilk 4-lükdə yer alan universitetdir. Akademik heyəti çox zəngindir və bu universiteti seçməyimdə akademik heyətin “ağır”lığı qərarıma təsir edən amillərdən ən əsası oldu. Avropa və Amerikanın nüfuzlu universitetlərindən PHD – fəlsəfə doktorluğu qazanmış təcrübəli müəllimlərdən dərs almaq, bilik, bacarıq və akademik təcrübə baxımından çox önəmlidir. Bahçeşehir Universitetinin dünyanın 17 ölkəsində fəaliyyət göstərən korpusları var. Bu da tələbələrin daha asanlıqla GNO yüksək tutaraq digər ölkələrdə olan korpuslarında təhsil almalarına imkan yaradır.
-Hazırkı karyera və təhsil fəaliyyətiniz nə yerdədir?
-Hazırda akademik olaraq karyeramı Qafqaz Universitetinin Biznesin idarə edilməsi kafedrasında müəllim olaraq davam etdirirəm. Hazırda doktorantura üzrə Qafqaz Universitetində oxuyuram.
-Ümumilikdə ölkədə gənclərimiz, tələbələr üçün yaradılan şərait sizi qane edirmi?
-Mən sizə ali təhsil barədə fikrimi bildirə bilərəm. Ölkəmiz gəncdir, alimlərimizin sayı kifayət qədər deyil. Bunun səbəbi isə təhsil və tədris ədəbiyyatlarımızın Azərbaycan dilində az olmasıdır. Tələbələrimiz ədəbiyyat axtarışında böyük çətinliklərlə üzləşir və xarici ədəbiyyatlara müraciət etmək məcburiyyətində qalırlar. Yeni qəbul edilən “Alimlərin motivasiya proqramı” gələcəkdə hazırkı ehtiyacların qarşılanması üçün planlanıb və həyata keçirilməyə başlanıb. Artıq bu proqramın nəticəsi kimi deyə bilərik ki, Azərbaycanın dünya universitetləri reytinqləri içərisində 700-lükdə 3 universiteti yer alıb ( 651: Qafqaz Universiteti, 700+: Bakı Dövlət Universiteti, Xəzər Universiteti). Bu proses uğurla davam edərsə, gələcək 5 il içərisində təhsilimizin keyfiyyəti daha da artacaq ki, biz gənclər olaraq buna inanırıq.
- Azərbaycanda sizin ixtisasınız üzrə hazırkı durum
sizi qane edirmi?
-Mən biznesin idarə edilməsi üzrə təhsil almışam. Ölkəmizdə bu ixtisas üzrə boşluqlar dövlətimizin xaricdə təhsil proqramlarından məzun olmuş, Erasmus proqramları çərçivəsində Avropa və Amerikada elmi araşdırmalar aparan müəllimlərimiz vasitəsilə aradan qaldırılır. Buna görə gələcəyə böyük ümidlə baxmaq olar və yerli şirkətlərimizin işçilərinin peşəkar ixtisas artırması üçün bu proqram üzrə universitetlərə müraciət edərək təhsil almaları əyani sübutdur.
-Təhsilinizi uğurlu davam etdirdiyinizi dediniz. Bəs ictimai-diaspor işlərində necə aktivsinizmi?
-Bəli, bir sıra tədbirlərdə aktivlik göstərməyə çalışıram. Tələbəlik illərimdə, demək olar ki, Azərbaycanın İstanbuldakı Konsulluğunun təşkil etdiyi bütün tədbirlərdə iştirak etmişəm. Bunlara misal olaraq ümummilli liderimiz Heydər Əliyevin 90 və 91-ci il yubileyləri, Həmrəylik Günü, Xocalı soyqırımı, Novruz bayramı və s. tədbirləri göstərmək olar.
-Bəs digər azərbaycanlı tələbələr necə, aktiv idilərmi? Ümumiyyətlə, soydaşlarımızın oradakı fəaliyyəti barədə də söz açardınız...
-Tələbələrimiz kifayət qədər aktivdirlər. Gənclərimizin aktivliyinin, xarici vətəndaşlarla qurduqları ünsiyyətlərdən, təbliğatlardan da şahidi ola bilərik. Vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə əksər tələbələrimiz aktiv iştirak edirlər. Türkiyə elə bir ölkədir ki, burada Azərbaycanı qardaş ölkə kimi tanımayan vətəndaş, demək olar ki, yoxdur. Bu, vətəndaşlarımız üçün böyük bir fürsətdir. Ona görə ki, onların özlərini sərbəst, Azərbaycanda yaşayırmış kimi hiss etmələri, insanları ilə çox asan dil tapa bilmələri mümkündür. Bu şəraitin banisi, sözsüz ki, ümummilli liderimiz Heydər Əliyev olub və buna görə daim ona minnətdar olacağıq.
-Aktiv gənc kimi Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?
- Ötən illərə nisbətən, ilbəil ölkəmizdəki gənclərimizin də aktivliyi artır. Əvvəllər keçiriləcək sosial tədbirlər haqqında məlumatı çətinliklə alırdıqsa, artıq QHT-lərin sosial şəbəkələrdən aktiv şəkildə istifadə edərək keçiriləcək tədbirlər haqqında məlumat verməsi gənclərimizin sosiallaşması və təhsillərini inkişaf etdirməsi baxımından böyük, çox böyük rol oynayır.
-Son illərdə ali təhsil ocaqlarında oxuyan tələbələrimizin xarici ölkələrdə təhsillərini davam etdirməsi halları çoxalıb. Bununla bağlı dövlət proqramları da həyata keçirilir. Bunu necə dəyərləndirərdiniz?
-Bazar iqtisadiyyatı dövründə bazar payı böyük olan, iqtisadi baxımdan güclü, maliyyə və idarəçilik baxımından düzgün idarə olunan şirkətin uğurlu şirkət hesab edildiyini nəzərə alsaq, uğurlu gənc modelini ixtisaslaşmış beynəlxalq təhsil, düzgün ünsiyyət qurma bacarığı, kritik qərar vermə, punktuallıq, iqtisadi baxımdan şəxsi iqtisadi idarəetmə qabiliyyəti, xarici dil biliyi və s. təşkil edir.
Bunu dərk edən gənclər kadr bazarında daha asanlıqla iş tapmaq üçün bu modelə uyğunlaşmağa çalışırlar. Bunun üçün bəzi gənclərimiz təhsilləri üçün çox gərəkli olan ədəbiyyatları, beynəlxalq kompüter proqramları və s. çətinliklə belə olsa əldə edib, ölkəmizdə təhsillərini davam etdirir. Bu çox böyük iradə tələb edir. Bəzi gənclərimiz isə xaricdə təhsil alaraq bu model üzərindən özlərini inkişaf etdirirlər.
Dövlətimizin bu modelə biganə qalmayaraq xaricdə təhsil almaq arzusunda olan gənclərimizə şans yaratması yüksək səviyyədə təqdirə layiq görüləcək bir haldır. Sevindirici məqamdır ki, hazırda özəl və dövlət sektorunda yüksək vəzifələrdə çalışan gənclərimizin əksəriyyəti bu proqramın məzunlarıdırlar.
-Gələcək planlarınız barədə də söz açardınız.
- Düzü, öncədən planlar haqqında danışmağı sevmirəm. Həyat məqsədim hədəfə çatdıqca dostlarım və sevdiklərimlə uğurumu paylaşmaqdır. Sizə təşəkkürümü bildirirəm və kollektivinizə uğurlar arzulayıb, rəhbərliyinizə minnətdarlığımı çatdırıram ki, gənclərə belə önəm verib fəaliyyətlərini ictimaiyyətə çatdırırsınız.
Tural Tağıyev