- Ahmet bəy, ən yaxşı universitet adını qazanmağınız sirdir, yoxsa bu barədə məlumat verə bilərsiniz?
- Bizim ən yaxşı universitet olub-olmadığımızı deyə bilmərəm. Bunu sizlər deyirsiniz. Amma bu bir həqiqətdir ki, ən yaxşı tələbələr bizi seçir. Bu il 700 bal toplayan tələbələrdən dördünün bizi seçməsi əlbəttə ki, bizi sevindirir. İki ildə 25 prezident təqaüdü alan tələbə bizim universitetə gəlib. Ancaq bütün bunlar eyni zamanda bizim məsuliyyətimizi də artırır. Biz heyət olaraq bu tələbələri nobellik vəziyyətə necə gətirməyin yollarını düşünürük. 5-6 və ya 7 il bundan əvvəl bizim universitetə orta səviyyəli tələbələr qəbul olunurdu və onlar Azərbaycanın ən yaxşı mütəxəsisiləri oldular. Tələbənin bizi seçməzi səbəbsiz deyil, çünki işsiz məzunumuz yoxdur. İstər dövlət qurumlarında, istərsə də özəl sektorda dərhal iş tapa bilirlər. Əgər orta səviyyədə gələn tələbəni ən yaxşı mütəxəssis kimi yetişdirə biliriksə, yüksək səviyyədə gələn tələbəni nobellik vəziyyətə gətirməliyik. Bu baxımdan strateji planlar hazırlamışıq. Bununla bağlı ötən il 6 həftəyə qədər müzakirələr apardıq və qərar verdik. Bu gün artıq həmin planların bir qismini reallaşdırmağa başlamışıq. Düşünürəm ki, sonuna qədər də davam edəcəyik.
Qafqaz Universitetində təhsil alan tələbələrin xüsusilə dil bilgisi çox yüksək olacaq. Bundan əlavə öz sahələrində ixtisaslaşacaqlar, bilikləri dərinləşəcək. Amma təbii ki, hər tələbədən bunu gözləmək olmaz. Yəni normal bir mütəxəssis olacaq insanlara fərqli proqram tətbiq edilməli, yüksək qabiliyyətli tələbələrə isə əlavə biliklər verilməlidir. Məsələn, bu gün ingilis dilində danışmaq adi hala çevrilib, əvvəl rus dili necə idisə, indi də ingilis dili elədir. Amma ingilis dilində bir məqalə yazmaq professionallıq tələb edir. Belə olduğu halda bu tələbələr gələcəkdə akademik, professor olub ölkələrini təmsil edə bilərlər. Digər tərəfdən isə bu tələbələr bakalavr pilləsini bitirib mütləq magistratura pilləsində təhsilə başlamalıdırlar. Burada da bizim məqsədimiz tələbələrimizin Oksford, Harvard kimi ən yaxşı universitetləri qazanmalarına nail olmaqıdr. Tələbələrimiz bu universitetlərə qəbul olunduğu zaman onlar tam yetişdirilmiş hesab olunur.
- İlk dəfə olaraq bu il jurnalistika ixtisasına qəbul aparıldı. Bir müddət öncə mətbuata açıqlamanızda qeyd etmişdiniz ki, ilk il olduğundan tələbələrə ödənişsiz təhsil imkanı veriləcək…
- İstanbul Universiteti ilə barabər jurnalistika ixtisasını təşkil etmişik. İlk olaraq onlar gəlib proqramlar hazırladılar, təbii ki, dövlətin də bir standartı var. Əslində dövlətin bu standartı bizi bir az normal tədrisdən uzaqlaşdırdı. Amma seçmə fənlər vasitəsilə o geriliyi aradan qaldırmağa çalışırıq. Bu gündən etibarən İstanbulda yetişən bir jurnalistlə burda yetişən jurnalist arasında heç bir fərq olmayacaq. Qafqaz Universitetində jurnalistika ixtisasını açmaq istədiyimiz zaman mənə demişdilər ki, bura aşağı ballı tələbələr gələcək. Ancaq belə olmadı, bütün tələbələr 500 və ondan yüksək bal toplayıblar. Düşünürəm ki, bizim jurnalistlər fərqli olmalıdır. Yəni yaxşı yazı yaza bilən, düşünə bilən və söylədiyini, yazdığını bilən, dinlənilə bilən bir jurnalist olmalıdır. Eyni zamanda kompüter proqramlarını yaxşı öyrənməlidirlər. Bunun üçün bu tələbələrin başlanğıcda çox kitab oxumaları vacibdir. Universitetə orta məktəblərdən fərqli dünyagörüşünə malik gənclər gəlir. Onların balları eyni olmalarına baxmayaraq, səviyyələri cox fərqlidir. İstanbul Universitetindən müəllimlər dəvət etmişik. Çalışırıq ki, xariçi ölkələrdə təhsil alan və ya işləyən müəllimləri universitetə cəlb edək.
- Gələn ildən jurnalistika ixtisasına qəbul ödənişli olacaq, yoxsa yenə dövlət xətti ilə?
- Hələ ki, bu sahədə cox təzəyik. Hazırda istəyirik ki, jurnalistikada dövlət sifarişi davam etsin. Bu sahədə çox ciddi çatışmazlıqlar var. Jurnalistika ixtisasını açanda media nümayəndələrinə müraciət etdik. Dedilər ki, fərqli jurnalistikanın gəlməsinə ehtiyac var. Bəlkə də 3-4 il sonra yalnız dövlət sifarişi ilə deyil, özəl yolla tələbələr də qəbul edərik. Bildiyiniz kimi Azərbaycan təhsil qanununa görə, hər hansı universitet məzun verdikdən sonra magistr hazırlamaq şansına malikdir. Biz də üç ildən sonra magistratura pilləsini açacaq vəziyyətə gələcəyik. O vaxta kimi bəlkə jurnalistika fakültəsi də olar. Hələlik ixtisas kimi açmışıq, 20 tələbəmiz var. Bu sahədə mənim bir istəyim də var. Türkiyədə jurnalistika üzrə təhsil radio-televiziya istiqaməti üzrə ayrı, digər istiqamətlər ayrıdır. Ola bilsin yaxın gələcəkdə bu məsələlər də gündəmə gəlsin. Jurnalistika ixtisasında olan istiqamətlər bir-birlərindən ayrıldıqdan sonra tələbələrin sayı da artacaq. Bizdə heç olmasa iki istiqamətə ayrılsa, yaxşı olar, proqramlarımız da asanlaşar.
- Qeyd etdiniz ki, yüksək bal toplamalarına baxmayaraq, tələbələr müxtəlif dünyagörüşünə malik olurlar. Maraqlıdır, Türkiyə və Azərbaycan tələbələrini müqayisə edəndə hansı nəticəyə gəlirsiniz?
- Hazırda Azərbaycan çox yaxşı mövqedədir. Çünki, Azərbaycanın xaricə açıq quruluşu var. Mən bu baxımdan Azərbaycanlıların bu xüsusiyyətini çox sevirəm. Daha sərbəst hərəkət etməyi bacarırlar, bəlkə hərəkətlərində bir az da daha cəsarətli olmalarında fayda olar. Bir az qorxaq yanaşırlar məsələlərə, düşünürəm ki, bu qorxaqlıqları da əvvəlki dövrlərdən qalıb. Biz universitetdə hər hansı səhv edən insanı günahlandırmırıq, onları daha da cəsarətləndiririk. Çünki iş görən insan səhv edə bilər. Bax, gəncliyə bu cəsarəti verməliyik. İnsanlar səhv edə-edə doğru olanı öyrənə bilərlər. Bəzən rəhbərliyə olan bağlılıq insanın qabiliyyətinin inkişaf etməsinə mane olur. Bu qədər bağlı olmaq olmaz, mütləq gördüyümüz hər iş haqqında məlumat verməliyik. Rəhbər olaraq səhvləri görməmək lazımdır. Bizim universitetdə bu var, bunun da Azərbaycana xeyli faydalı olacağını düşünürəm.
- Universitetdə gələcəkdə daha hansı ixtisasların açılmasını planlaşdırırsınız?
- Əslində, müxtəlif fakültələrin açılması müsbət haldır. Özəl universitet olmağımıza bağmayaraq, ixtisasları ehtiyaca görə müəyyənləşdirib açırıq. Məsələn, mənə elə gəlir ki, ölkədə yaxşı dizaynerlərə ehtiyac var. Bundan əlavə, bizim demək olar ki, biologiyadan başqa bütün müəllim ixtisaslarımız var. Bu ixtisas da açıla bilər. Mühasibat ixtisası açıla bilər, bir də inşaatla bağlı bir ixtisas açıla bilər. Bunları hələki sadəcə düşünürük, amma bu, bir həqiqətdir ki, qeyd etdiyim sahələrdə Azərbaycanda gerçəkdən də çatışmazlıq var.
- Hazırda unıversitetdə nə qədər tələbə təhsil alır?
- İndi bizdə 2 min 600 tələbə təhsil alır. Bunların böyük hissəsini bakalavrlar təşkil edir, dəqiq 2200-ə qədərini. Digərləri isə magistratura və doktorontura pilləsində təhsil alanlardır. Qafqaz Universitetinə bu il 600 bakalavr qəbulu var idi, düşünürəm ki, bunların çoxu gəlib. Bizim qəbul faizimiz 100 %-dir. Amma çox savadlı tələbələrin 1-2 faizi dövlət xətti ilə xarici ölkəyə gediblər. Eyni zamanda 200 magistr kontingetimiz var idi. Bu, 200 yerdən 2-si boş qaldı. Düşünürəm ki, onların da 90 faizi qeydiyyatdan keçib. Bu il təxminən 800 tələbə qəbul olunub.
- Universitetə yüksək balla qəbul olunan tələbələrə hansı güzəştlər verilir. Bu güzəştlərdən nə qədər tələbə yararlanır?
- Dövlətin qərarına əsasən, dövlət xətti ilə oxumaq haqqı özəl universitetlərə də verildi. Bu baxımdan çalışırıq ki, savadlı tələbələrin dövlət xətti ilə təhsil almasına kömək edək. Amma təqdir edərsiniz ki, bura özəl bir qurumdur və buranın işini davam etdirməsi üçün maliyəyə ehtiyacı var. Bu il 200 tələbə dövlət xətti ilə, 400 tələbə isə ödənişli əsaslarla universitetə qəbul edilib. Dövlət xəttində kontingent olmayan, başqa ixtisaslarda təhsil almaq istəyən insanlar da var. O insanlara kömək etmək məqsədilə 660-dan yüksək bal toplayan tələbələrə ödənişsiz təhsil imkanı verilib. 650 civarında bal toplayanlardan isə 50% təhsil haqqı alınıb. Savad hər zaman bizim universitetimizdə qiymətləndirilir.
- Ümumilikdə nə qədər tələbə bu güzəştlərdən yararlanır?
- Hardasa 60% tələbəmiz bu güzəştlərdən yararlanır. Amma kimisi 10%, kimisi 20 %, kimisi 50 % faiz qədər. Yəni tələbə qazandığı uğura görə, güzəştdən yararlanır. 100% yararlananlar da var.
- İxtisasli kadrların hazırlanması üçün universitetin hansı şirkətlərlə əməkdaşlığı var?
- Bizim iki cür şirkətlərlə münasibətimiz var. “Azərsun Holdinq”, “Gilan Holdinq”, bp kimi böyük şirkətlərlə, eyni zamanda “Azercell”, “Embavuud” kimi şirkətlərlə işləyirik. Bundan əlavə, biz daha kiçik şirkətlərlə də əməkdaşlıq edirik. Onların işcilərini yetişdirəcək kurslarımız var. Bu yolla şirkətlərə xidmət göstəririk. Bunun bizim üçün iki-üç üstünlüyü var. Bunlardan biri bizim tələbələr oxumaqla yanaşı, şirkətlərlə işlədikləri üçün təcrübə qazanmış olurlar. Bu çox vacibdir, çünki hər şey kitabda yazılmır. İkinci, bu şirkətlər bizim tələbələri təcrübə üçün götürür. İstər Türkiyədə, istərsə də buradakı şirkətlərlə bizim universitetin yaxşı əlaqələri var. Biz heç vaxt hər hansı şirkətə demirik ki, bizim məzunu işə götürün. Onalar bizə müraciət edir. Bizi tanıyan şirkətlərin söylədiyi iki amil var. Sizin tələbələr bilik və etibar sahibidir. Şirkətlər tələbələrlə ünsiyyətdə olduğu üçün onları işə qəbul edir. “İşsiz məzunumuz yoxdur” deməyimizin bir səbəbi də budur.
- Qafqaz Universitetləri birliyinin təsisindən sonra universitetlərarası təcrübə mübadiləsində, elmi tədqiqat layihələrinin həyata keçirilməsində hansı yeniliklər olub?
- Hazırda xüsusilə Türkiyənin şərqindəki universitetlərlə yanaşı, Gürcüstan və Azərbaycan universitetləri Qafqaz Universitetlər birliyinə daxildir. Bu aralar Türkiyə universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq. Tələbə konfransları, ilin adamlarının təşkil etdiyi konfranslar və tələbə mübadiləsi proqramları istiqamətində müzakirələr davam edir. Ancaq Türkiyənin şərqində Atatürk Universiteti, Qars Qafqaz Universiteti daha böyükdür. Digərləri təzə açılan universitetlər olmalarına baxmayaraq, əlaqələrimiz, ortaq proqramlarımız var. Daha doğrusu bu birliyin qurulmasından əvvəl də bizim Türkiyənin universitetləri ilə əlaqələrimiz var idi. Xüsusilə İzmir, İstanbul və Ankara universitetləri ilə daha sıx əməkdaşlıq edirik. Təbii ki, əlaqələrimiz günü-gündən artır. Məsələn, sonuncu dəfə İspartada Süleyman Dəmirəl Universiteti ilə müqavilə bağladıq. Bu əlaqələr artdıqca həm tələbə, həm də müəllim heyətinin gediş-gəlişi artır. Türkiyədə olan universitetlərin qiymətləri Amerika və digər Avropa ölkələri ilə müqayisədə daha əlverişlidir. Amerikaya və ya Avropaya tələbə göndərdiyimiz zaman müəyyən çətinliklərlə qarşılaşırıq. Bəzi qrantlar tapırıq, pulsuz gedən tələbələrin sayı az deyil, ancaq nəticə etibarilə hər tələbəyə qrant tapa bilmirik. Bəzilərinin ailələri ödəmək məcburiyyətində qalır. Ancaq Türkiyə bu sahədə bir qədər daha əlverişlidir. Arzumuz budur ki, hər tələbə ən azı bir smestr və ya bir il Türkiyənin hər hansı bir universitetində oxusun. Türkiyə və orada olan universitetin ab-havası ilə tanış olsun. Qafqaz Universiteti eyni zamanda Bakı Dövlət Universiteti ilə də əməkdaşlıq edir, təxminən bir il davam edən proyektimiz oldu. Bizim tələbələr Bakı Dövlət Universitetinə gedir, eyni zamanda da Bakı Dövlət Universitetinin tələbələri bizim universitetə gəlir. Bu, tələbəyə sadəcə bir universitetdən deyil, birdən çox universitetdən məzun olmaq şansı verir.
- Qafqaz Universitetində təhsil alan tələbələrin daha hansı xarici ölkələrdə təcrübə keçmək şansı var?
- İlk vaxtlarda Amerikaya daha çox tələbə göndərirdik. Ancaq son illər Avropa Birliyinin proyektlərində qrantlar çox artıb. Buna görə də Avropa ölkələrinin universitetləri ilə də əlaqələrimiz var. Bu vaxtda qədər Türkiyəyə və Rusiyaya gedən tələbələrimizin sayı çox idi. Bizim tələbələrin bir qismi rusdilli olduğu üçün Rusiyaya qəbul olmaq da asandır. Rusiyada yaşayan çox sayda azərbaycanlı var, onlar bizə bu sahədə kömək edirlər. Son olaraq bizə təklif etdilər ki, məzunlarınızı göndərin, Rusiyadakı universitetlərdə magistr, doktorantura pilləsində təhsil alsınlar. Eyni zamanda, bizim İsveçrə, Almaniya, İsveçlə çox yaxın əlaqələrimiz var. Digər tərəfdən, İngiltərənin də bizimlə əlaqə qurmaq istəyi var.
Belə ki, İngiltərədən bir nümayəndə heyəti gəlmişdi. “Bizdən qorxmayın, bir o qədər də bahalı universitet deyilik” dedilər. Zaman keçdikcə universitetlər biri-birlərini daha yaxından tanıdıqdan sonra güzəştlər tətbiq edəcəklər. Qafqaz Universitetinin reytinqinin yüksək olduğunu eşidiblər, bizə fərqli güzəştlər edə bilərlər. Bu şəkildə tələbələrimiz xarici ölkələrdə təhsil almaq imkanı qazanarlar. Ancaq xaricə getmək bakalavr pilləsində yox, magistratura pilləsində daha asandır. Çünki burda qrantlar daha çoxdur.
- Universitetin qarşısında duran əsas məqsəd nədir?
- Qafqaz Universitetinin yaradılmasında əsas məqsəd Türkiyə-Azərbaycan qardaşlığının daha da inkişaf etdirməkdir. Heydər Əliyev universitet qurmağımızı təklif edəndə xüsusilə qeyd etmişdi ki, Azərbaycanın köhnə təhsil siteminin üstünə mütləq Avropadan və ya Türkiyədən nümunlər gəlməlidir. Heydər Əliyev “mən sizə güvənirəm, bu universiteti açın” dedi. İlk mərhələdə bizə “Sovetiski”də bir bina verdilər. Daha geniş binanın verilməsi planlaşdırıldığı vaxt bilidyiniz kimi təəssüf ki, Qarabağ, qaçqın-köçkün məsələsi ortaya gəldi. Buna görə də bizim üçün istədikləri səviyyədə bina təsis edə bilmədilər. Zaman keçir, təbii ki, universitet böyüyür və burda bir şəhərcik qurulur. Türkiyədə universitet şəhərçikləri daha çoxdur. O nümunəni də bura gətirmək istəyirik. Yəni tələbənin hər ehtiyacını ödəyən universitet şəhərciyi qurmağa çalışırıq. Bu isə ikinci məqsədimizdir. Ən önəmli məqsədimiz isə tələbələri dünya miqyası səviyyəsində yetişdirməkdir. Mən artıq yeddinci ildir ki, Azərbaycandayam, ancaq heç vaxt buranın Azərbaycan, yoxsa Türkiyə olduğu fərqini hiss etməmişəm. Türkiyədə nə hiss edirəmsə, Azərbaycanda da sizlər sayəsində onu hiss edirəm. Nəticədə buranın inkişafı və yüksəlməsi bizim fəxrimizdir. Bir də unutmayın ki, Azərbaycan təbii ehtiyatlarından doğru istifadə edir. 6-7 il bundan əvvəlki Azərbaycanla indiki Azərbaycan arasında çox ciddi fərqlər var. Doğru yoldayıq, önəmli olan bu sabitliyin davam etməsi və daha da yüksəkliklərə ucaldılmasıdır. Buna birlikdə nail olacağıq. Həm dövlət, həm də özəl quruluşlarla. Mən özümü dövlət tərəfdə görürəm, çünki dövlətin nəzarətində olan qurumuq. Burada dövlət və özəl universitetləri hər zaman ayırmağa çalışırlar. Mən isə tam tərsinə, dövlətin bir universitetiyəm, çünki nə deyirlərsə, onu reallaşdırmağa çalışıram. Nəticədə isə Azərbaycan qazanır və daha da qazanacaq.
- Söylədiniz ki, Azərbaycanda özəl və dövlət universitetləri ayrılır. Maraqlıdır, Türkiyədə də bu ənənə necədir?
- Türkiyə artıq bu dövrü keçib, hazırda dövlət universiteti ilə özəl universitetə yanaşma tərzində heç bir fərq yoxdur. Sadəcə olaraq Türkiyədə universitetlər daha az və daha çox reytinqə görə iki yerə ayrılır. Azərbaycanda da artıq eyni vəziyyət yaranıb. Hazırda Qafqaz Universiteti dövlət universitetlərindən fərqlənmir, dövlət universitetlərinin ən yaxşıları arsında yerini alıb. Bu da həmin düşüncənin yox olduğunun göstəricisidir. Əslində belə də olmalıdır. Yaponiyada universitetərin 80%-i, Amerikada isə 60%-i özəl universitetlərdir. Bu, rəqabətin yaranmasına səbəb olur. Biz özəl universitetlərlə yarışdığımız halda, indi dövlət universitetləri ilə də aramızda yarış başlayıb. Rəqabətin olduğu yerdə müvəffəqiyyət olur. Məsələn, keçən il bizim tələbələr kompüter üzrə bilk yarışmasında ikinci yeri qazanmışdılar. Bu il isə birinci və ikinci yeri qazandılar. Çünki rəqabət var idi və bu rəqabət tələbələri daha çox çalışmağa məcbur etdi. Düşünürəm ki, nə yaxşı ki, biz ikinci yerə çıxdıq. Əgər ikinci olmasaydıq, bu gün birinci və ikinci yeri ala bilməzdik. Üç ildir ki, Qafqaz Universitetinə çox yüksək səviyyəli tələbələr gəlir. Biz bu tələbələri razı salmaq məcburiyyətindəyik. Bu tələbələri yaxşı mütəxəssis kimi yetişdirə bilməsək, gələcək illərin tələbələri bizim universiteti seçməz. Buna görə də bütün bunları fikirləşmək məcburiyyətindəyik.
- Amma Qafqaz Universitetində təhsil haqqının yüksək olması tələbələri narahat edən məqamdır...
- Biz mümkün olduğu qədər tələbələri aşağı təhsil haqları ilə oxutmağa çalışırıq. Təhsil müəsisəsi ticarət müəsisəsi deyil, xalqa xidmət edən qurumdur. Ancaq burada iki amil var. Birinci amil, Azərbaycanda qiymətlər xeyli qalxıb. İkinci amil isə əgər siz əlinizdə savadlı mütəxəssisləri tutmaq istəyirsinizsə, onlara yaxşı maaş vermək məcburiyyətindəsiniz. Türkiyədən, Avropadan mütəxəssislər gətirməyə çalışırıq. “Çağ öyrətim” bizə deyir ki, “siz heç olmasa cari xərclərinizi ödəyin, binaları biz tikərik”. Ancaq biz hələ buna nail ola bilməmişik. Türkiyədə təhsil qiymətləri ən aşağı 9-10 min dolardan başlayır. Avropa, İngiltərədə isə bu rəqəm daha da yüksəkdir. Hazırda biz Avropa ilə yarışırıq. Çalışırıq ki, onlardan da yaxşı olaq ki, xaricə gedən yüksək ballı tələbələrin 1-2 faizi bizim universitetdə qalsın. Dəqiq deyə bilərəm ki, bir tələbənin yaxşı şərtlərdə təhsil alması üçün 7 min ilə 9-10 min dollar arasında vəsaitə ehtiyac var. Çünki universitet sadəcə bir mühazirə dinləmək deyil. Biz eyni zamanda tələbələrin dünyagörüşünü də formalaşdırmalıyıq. Bunu nail olduğumuz vaxt düşünmək olar ki, uğur əldə etmişik. Tələbə universitetdən məzun olduqdan sonra ictimayyətə qarışdığına görə bir tələbənin müvəffəqiyyət qazanması üçün bu gündən ictimayyəti tanımalıdır. Deyirəm ki, kaş dövlət sifarış qiymətləri bir qədər yüksək olsun, onda biz bütün tələbələri dövlət sifarişi ilə alarıq. Bu il dövlət sifarişi ilə qəbul etdiyimiz tələbələrdən sadəcə 3-ü özəl olaraq gəlib. O 3 tələbənin balları çox yüksək olmasına baxmayaraq, dövlət sifarişini yazmayıblar. Əgər yazsaydılar, onlar da dövlət sifarişli olacaqdılar. Ola bilsin düşünüblər ki, sabah dövlət məndən məcburi xidmət tələb edər. Amma dövlətin belə bir şərti yoxdur.
- Universitetinin nə qədər müəllimi xarici ölkələrdən gəlib?
- İlk işə başladığımız zaman təxminən 90% müəllimimiz Türkiyədən və ya dünyanın müxtəlif yerlərindən olan insanlar idi. Bu gün isə 80% müəllimiz azərbaycanlıdır. Ancaq bu 80%-in 75%-i xaricdə təhsil alıb və ya işləyib. Digər tərəfdən isə bizim uğur əldə etməyimizin bir səbəbi budur. Bəzi müəllimlərimiz də var ki, onlar burada mütəxəssis olub. Amma biz onları öz hesabımızla bir il Amerikaya göndərmişik. Yəni biz savadın arxasınca qacırıq, kim savadlıdır, onu da alırıq.