AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç
və həmin universitetin bir qrup nümayəndəsi ilə görüş keçirildi. Tədbir
elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafı,
birgə elmi-texniki və innovasiya layihələrinin həyata keçirilməsi, yeni
İKT biliklərinə malik gənc kadrların yetişdirilməsi istiqamətində birgə
fəaliyyətin təşkili məqsədi daşıyırdı.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev İTİ-nin ayrı-ayrı müvafiq dövlət qurumları ilə, o cümlədən yüksək elmi-texniki potensiala malik ali təhsil müəssisələri ilə əlaqələrindən söhbət açaraq bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin də getdikcə vüsət aldığını söylədi. İnstitutun elmi-texniki innovasiya proseslərində yaxından iştirak etdiyini qeyd edən R.Əliquliyev İTİ-nin bir sıra dövlət proqramları, elmi-tədqiqat, innovasiya, qrant və digər layihələrdə iştirak etdiyini bildirdi. Elmi-texniki sahənin innovativ inkişafına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinin, dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanmasının əhəmiyyətindən söhbət açdı. Müasir İKT biliklərinin əldə edilməsi, informatikanın tədrisi məsələlərinin təşkili istiqamətində görülən işlərdən söhbət açan alim İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verdi. Qabaqcıl texnologiyalarla təchiz olunmuş, müasir standartlar səviyyəsində fəaliyyət göstərən mərkəzdə innovativ tədrisin təşkili istiqamətində məqsədyönlü işlərin aparıldığını bildirdi. Elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişafı məsələlərinə də toxunan alim milli elmi informasiya fəzasının formalaşdırılmasında böyük əhəmiyyət kəsb edən e-elmin bərqərar olmasının zəruriliyin bildirdi. E-elmin şəbəkə platforması olan AzScienceNet elm kompyuter şəbəkəsinin imkanlarından söhbət açdı, yeni şəbəkə xidmətlərinin həyata keçirilməsi, bu sahədə beynəlxalq təcrübədən yararlanmağın əhəmiyyətini qeyd etdi. İnstitutun fəaliyyətini yaxından izlədiklərini söyləyən prof. Ə.Sanıç İTİ ilə birgə davamlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirdi. Elm və təhsilin vəhdətini hər bir cəmiyyətin tərəqqisində mühüm amil kimi dəyərləndirən rektor əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün niyyət protokolunun imzalanmasının məqsədəuyğunluğunu vurğuladı. Müxtəlif beynəlxalq elmi təşkilatların proqram və layihələrində iştirakın əhəmiyyətini qeyd edən alim Avropa Birliyinin qrant layihələri ilə bağlı müsabiqələrində iştirakın vacibliyini qeyd etdi. Qafqaz Universitetinin ali təhsil və elmi müəssisələr ilə mövcud əlaqələrindən də söhbət açan Ə.Sanıç universitetdə xarici ölkələrdə təcrübə keçərək informasiya texnologiyaları sahəsində ixtisaslaşmış mütəxəssislərin çalışdığını bildirdi. Müasir dövrdə gənclərin xüsusən də İT profilli sahələrə üstünlük verdiyini qeyd edən professor universitetin “Kompyuter mühəndisliyi” fakültəsində ümumilikdə 19 prezident təqaüdçüsünün təhsil aldığını vurğuladı. Görüş çərçivəsində həmçinin bu ilin oktyabr ayında keçiriləcək “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (AICT-2011) IV Beynəlxalq konfransın təşkilati məsələləri də müzakirə edildi. http://www.science.gov.az/az/index.php?id=3901 |