Bu il 600-dən yuxarı bal toplayan 102 tələbəyə prezident təqaüdü ayrılıb. Onlardan 25 nəfəri “Qafqaz” Universitetinin tələbəsidir.

Prezident təqaüdünə layiq görülən builki tələbələrlə TQDK-da görüş olub

10:08 / 01.10.2010
Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə builki qəbul imtahanlarında ən yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülən gənclərlə görüş keçirilib. Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşdə komissiyanın sədri Məleykə Abbaszadə, komissiyanın sədr müavini Namiq Əliyev, şöbə müdirləri Tariyel Bədəlov, Arzu Bağırov və başqaları iştirak ediblər. Görüşdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə yüksək nəticə göstərək ali məktəblərə daxil olan tələbələrə öz təbriklərini çatdırıb: “Biz çox şadıq ki, bizim ölkədə belə gənclər var. Ümidvaram ki, sizin aranızda Azərbaycanın məşhur alimləri oturub. İnanıram ki, sizlərdən kimsə müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə edəcək şəxslər olacaq. Arzu edərdim ki, sizlərin arasından birinci azərbaycanlı Nobel mükafatçısı çıxsın. Bu qəbul imtahanı bir daha təsdiqlədi ki, siz gələcək həyata hazırsınız. Bundan sonra, həyatda müxtəlif imtahanlar verməli olacaqsınız. Bu imtahanlardan uğurla keçmək üçün həmişə iradəli olmalı, hər zaman hansı məqsədə qulluq etdiyinizi bilməli və öz vaxtınızı boş-boşuna sərf etməməlisiniz. TQDK-nın işçiləri və kollektivi adından bir daha sizlərin hər birini təbrik edir və gələcək həyatınızda uğurlar arzulayıram”. Komissiya sədri bildirib ki, bu günlərdə prezident İlham Əliyev 2010-2011-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olan tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu il 600-dən yuxarı bal toplayan 102 tələbəyə prezident təqaüdü ayrılıb. Onlardan 23 nəfəri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, 25 nəfəri Tibb Universitetinin, 15 nəfəri Bakı Dövlət Universitetinin, 25 nəfəri “Qafqaz” Universitetinin, 7 nəfəri Dövlət Neft Akademiyasının, 3 nəfəri Dövlət İqtisad Universitetinin, 1 nəfəri Milli Aviasiya Akademiyasının, 1 nəfəri Moskva Dövlət Universitetinin Bakı filialının, 2 nəfəri isə xüsusi təyinatlı tədris müəssisələrinin tələbəsidir. Komissiya sədri vurğulayıb ki, ali məktəblərə keçirilən qəbul imtahanları zamanı ixtisaslar üzrə ən yüksək bal toplayan gənclərə prezident təqaüdü ayrılır: “Hər il TQDK tərəfindən ən yüksək bal toplayan və tələbə adını qazanan gənclərin adı prezidentə təqdim olunur. Sonra dövlət başcısı prezident təqaüdünün verilməsi haqqda müvafiq sərəncam imzalayır. Bu il də biz yüksək nəticə göstərən gənclərin siyahısını prezidentə təqdim etdik və bundan sonra ölkə başçısı təqaüdlərin verilməsi haqqda sərəncam imzaladı”. M.Abbaszadənin dediyinə görə, ənənəvi olaraq bu il də 600-dən yuxarı bal toplayanlar TQDK-ya dəvət olunub və onlarla anket sorğuları keçirilib. Həmin gənclərin həvəsləndirilməsi və ictimaiyyətə tanıdılması üçün silsilə tədbirlər həyata keçirilir. “Abituriyent” jurnalının bir nömrəsinin xüsusi olaraq yüksək nəticə göstərənlərə həsr olunması nəzərdə tutulub. Tədbirin davamında yüksək nəticə göstərən tələbələrə diplomlar və xatirə hədiyyələri təqdim olunub. Daha sonra yüksək nəticə göstərən tələbələr qəbul kampaniyasının təşkili, imtahanların keçirilməsi, test suallarının məzmunu və digər məsələlər üzrə öz fikir, təklif, irad və tövsiyyələrini səsləndiriblər. TQDK rəhbərliyi isə öz növbəsində tələbələri maraqlandıran sualları cavablandırıb. Tədbir qarşılıqlı fikir mübadiləsi çərçivəsində davam etdirilib.
Sevinc QARAYEVA 
www.525.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF