Azərbaycanda ilk dəfə Yeni Nəsil Şəbəkələr dərsi “ Azercell” in dəstəyi ilə başladı

Azərbaycanda ilk dəfə Yeni Nəsil Şəbəkələr dərsi “ Azercell” in dəstəyi ilə Qafqaz Universitetinin Kompüter mühəndisliyi bölməsinde başladı 
4 oktyabr 2010

04 oktyabr, 2010, Bakı: “Azercell”in təşəbbüsü və birbaşa iştirakı ilə Qafqaz Universitetində Yeni Nəsil Şəbəkələr (New Generation Network) adlı dərs keçirilir. 4-cü kurs üçün nəzərdə tutulan bu dərsdə tələbələrə ən son nəsil texnologiyaya aid zəruri biliklər verilir.
Yeni Nəsil Şəbəkələr (YNŞ) dərsi Qafqaz Universitetinin Kompüter mühəndisliyi bölməsinin proqramına salınıb. 4-cü kurs tələbələri həftədə 4 saat “Azercell”in peşəkar mütəxəssisləri tərəfindən keçirilən dərsdə iştirak edirlər. Proqrama əsasən, hər həftə 2 saat nəzəri biliklərə həsr edilir. Yerdə qalan vaxtın tələbələrin müstəqil işinə sərf olunması planlaşdırılıb. Məşğələlər zamanı tələbələrə araşdırma üçün mövzular təqdim edilir.
Qafqaz Universitetində ilk Yeni Nəsil Şəbəkələr dərsi sentyabrın sonunda keçirilib. “Azercell”in Əsas Şəbəkə əməliyyatları, Mərkəzi dəstək qrupunun təmsilçisi İlham Əkbərov YNŞ-nin əsasları barədə tələbələrə ilkin məlumat verib.

Yeni Nəsil Şəbəkələr dərsi əsasən 4 bölmədən ibarətdir. Fundamental GSM mövzusuna dair mühazirələrdə tələbələrə Komutasiya sistemləri (Switching systems), baza stansiya sistemləri (Base Station Systems), həmçinin GPRS və UMTS-in əsaslarına dair biliklər verilir. Digər bölüm - fundamental transmissiyaya dair dərslərdə isə tələbələr müxtəlif transmissiya sistemləri, əməliyyat və dəstək sistemlərinə dair məlumatlarla tanış olurlar. Onlar həm də İntillegent Şəbəkə Servisi bölməsi çərçivəsində sistemin əsasları, qiymətləndirmə konsepsiyaları, əlavə xidmətlər barədə ətraflı məlumat almaq imkanı qazanmış olurlar.
Yeni Nəsil Şəbəkələr - rəqəmsal rabitənin inkişaf mərhələsində ortaya çıxan texniki həll proqramıdır. Bu, rabitə texnologiyasının inkişafına təkan verən bir konsepsiyadır. YNŞ müasir rabitə sistemlərinin hər bir səviyyəsini əhatə edir. “Azercell Telekom” MMC-nin bu yeni proqram üzrə dərs verməkdə məqsədi tələbələrin universitet bilikləri ilə yanaşı YNŞ sahəsində əldə etdikləri məlumatları cəmləşdirərək, onların bilik və bacarıq səviyyəsini artırmaqdır.
Ümumilikdə, semestr boyunca Qafqaz Universitetində Yeni Nəsil Şəbəkələr dərsi ilə bağlı iki layihənin gerçəkləşdiriləcəyi planlaşdırılıb. Layihələrdən birində tələbələrin hamısı, digərində isə bəziləri könüllü olaraq iştirak edə biləcəklər. Növbəti semestrlərdə “Azercell” mobil rabitə texnologiyaları mövzusunda daha fərqli dərslərin tədrisini planlaşdırır.
Qeyd edək ki, universitetdə tələbələrə təqdim olunacaq müxtəlif mövzuların müvafiq olaraq müxtəlif mütəxəssislər tərəfindən tədris edilməsi “Azercell” şirkətinin yeniliyidir. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF