Xalq Yazıçısı Anarla“Qafqaz” Universitetində görüş

Oktyabrın 21-də “Qafqaz” Universitetində Xalq Yazıçısı Anarla  universitetinin professor- müəllim heyəti və tələbələrlə görüşü  keçirilib. Görüşdə “Çağ” Öyrətim İşlətmələrinin İdarə Heyəti sədri Enver  Özeren iştirak edib. Görüşü açıq elan edən “Qafqaz” Universitetinin  prof. Akif  Hüseynov bildirib ki, Anar bütün dövrlər üçün sevilən və  mütaliə edilən yazıçı, peşəkar ədəbiyyatşünas, yetkin kino xadimidir.  Anar milli-mənəvi dəyərlərə sıx bağlı olan bir şəxsiyyətdir. Onun  çoxşaxəli yaradıcılığı müasir Azərbaycan oxucusunun bədii-estetik  zövqünün formalaşmasında əhəmiyyətli rol oynayıb. Anarın “Sizsiz”,  “Mübarizə bu gün də var”, və s. əsərləri həm tədqiqat üsulu cəhətcə, həm  də janrca yenidir. Bu əsərlərdə ustad şairimiz Rəsul Rza poeziyasının  yeri, mövqeyi yüksək peşəkarlıqla ortaya qoyulub.
      A. Hüseynov çıxışında onu da bildirib ki, Anar haqqında çox  danışmaq olar ona görə ki, müasir Azərbaycan ədəbiyyatını onsuz təsəvvür  etmək mümkün deyil. O, zamanı özünə, özünü zamana hopduran, ciddi,  səmimi yazıçıdır. Buna görə də onun əsərləri həmişə maraqla qarşılanır.  Onun bu gün də, sabah da, gələcəkdə də oxunası əsərləri var. Olduqca maraqlı keçən görüşdə A. Rzayev universitetin professor-  müəllim heyətini və tələbələri maraqlandıran sualları cavablandırıb.Tədbirin sonunda xalq yazıçısı Anar maraqlı görüş üçün “Qafqaz”  Universitetinin rəhbərliyinə və İçtimai Televiziyanin rəhbərliyinə bütün  iştirakçılara öz dərin təşəkkürünü bildirib. Görüşdə respublikamızın  Xalq artisti Flora Kərimova, Əməkdar artist Aygün Bəylər və bir çox  tanınmış müğənnilər ifa etdikləri mahnılarla gecəyə başqa bir rəng  qatıblar.Sonda, “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren Xalq yazıçısına xatirə hədiyyəsi təqdim edib.


