Qafqaz Universiteti Texnoparkının direktoru: “Yüksək texnologiya istehsalında liderlər yetişdirəcək fəaliyyətlər diqqət mərkəzində olmalıdır”




Türkiyədə 2007-ci ildən etibarən hər il keçirilən Universitet Sənaye Əməkdaşlıq Mərkəzləri Platformasının (Üniversite Sanayi İşbirliği Merkezleri Platformu - ÜSİMP ) 7-ci Milli Konqresi artıq başa çatıb. Türkiyənin Erciyes Universitetinin ev sahibliyi və Mühəndislik Dekanları Şurasının əməkdaşlığı ilə Kayseri şəhərində baş tutan tədbirdə “Ar-Ge” (araşdırma - inkişaf etdirmə) və innovasiya ekosistemlərinin bütün əməkdaşları, o cümlədən dövlət və özəl sektor, ali təhsil sistemi, ictimai qurum və təşkilatların nümayəndələri bir araya gəliblər. Nəzəri və praktik tərəfləri ilə çox səmərəli təşkil olunan ÜSİMP 7-ci Milli Konqresində Azərbaycandan isə Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr üzrə prorektoru, dosent Uğur Arif Bölək, Qafqaz Universiteti Texnoparkının (“QUTechnopark”) İdarə Heyətinin sədri, dosent Şahin Durmaz və “QUTechnopark”-ın direktoru, dosent İsa Qasımov iştirak edib.
ÜSİMP-in təşviq xəttində yüksək texnologiyaların inkişafı
 Milli Konqreslə bağlı fikirlərini “Rabitə dünyası” ilə paylaşan “QUTechnopark”-ın direktoru, dosent İsa Qasımov qeyd edir ki, ÜSİMP ölkənin inkişafını bir çox istiqamətlər əsasında təşviq edərək dəstəkləyir. Buraya universitetlərdə tədris və araşdırma fəaliyyətləri ilə yanaşı, yeni və yüksək texnologiya istehsalı, yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, universitetlərdə texnoloji transfer mexanizmlərinin inkişafı, sənayenin yüksək texnologiya idxal və istifadə edən formasından yüksək texnologiya istehsal və ixrac edən formasına çevrilməsi, iş dünyasının universitetlərlə sıx və səmərəli əməkdaşlıq formasında fəaliyyəti, ölkə iqtisadiyyatının müsbət saldoya malik, rəqabət gücü yüksək, həmçinin dayanıqlı inkişaf formasına çevrilməsi daxildir: “Konqresdə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən faydalanaraq təhsilin tətbiq yönümlü inkişafında əhəmiyyətli islahatlara nail olan türkiyəli tədqiqatçılarla bir arada səmərəli müzakirələrə ortaq olduq. Belə proqramlarda müzakirə, müşahidə və tanışlıqlar gələcəkdə əhəmiyyətli layihələrlə öz nəticəsini verir”.
 “Davamlılığı olmayan proseslər böyük islahatlara səbəb ola biləcək elmi nəticələri ortaya çıxara bilmir”
Öz qənaətlərini qeyd edən texnopark direktorunun sözlərinə görə, inkişafda davamlılığın təmin olunması önəmlidir: “Layihələrin işlənməsi və tətbiqində davamlılıq prinsipinin təmin olunması səmərəli nəticələrin artmasına səbəb olacaq. Davamlılığı olmayan proseslər, əksər hallarda, böyük islahatlara səbəb ola biləcək elmi nəticələri ortaya çıxara bilmir. Davamlılığın təmin olunması prosesində dövlət və digər dəstəklər kimi amillərin nəzərə alınması və monitorinqi zəruridir.
Davamlılığın təmin olunması üçün dəstəklərin ayrılmasında müsbət niyyətlilik səmərəli nəticələrin ortaya çıxmasında ciddi rol oynayır”.
“Texnoparkın imkanlarından istifadə edən şirkətlərin fəaliyyətində “Ar-Ge” önəmlidir”
 Bəs texnoparklara hansı şirkətlər gəlməlidir? İ.Qasımov hesab edir ki, texnoparkın imkanlarından istifadə edən şirkətlərin fəaliyyətində “Ar-Ge” önəmlidir: “Yüksək texnologiya istehsalında liderlər yetişdirə biləcək fəaliyyətlər diqqət mərkəzində tutulmalıdır. Bu fəaliyyətlər ölkənin beynəlxalq nüfuzunun inkişafında əhəmiyyətli rol ala bilər”.
Mütəxəssisin fikrincə, Texnoloji Transfer Ofisləri (TTO) Universitetlərdəki bilikləri kommersiyalaşdıracaq: “Bəs bu bilikləri kim alacaq? İnvestisiya imkanı olan hər zaman öndə olmalıdırmı? Bu mövzuda qərar vermək lazımdır. Bu proses ölkədaxili çıxarları qorumaqla yanaşı, ölkəxarici çıxarlarımıza qarşı olmamalıdır. Texnoloji məhsullar satan bir ölkəyə çevrilmək üçün qərarlılığımız bu məsələyə aydınlıq gətirə bilər. Biz texnoloji istehsalında və ya texnolojinin satışında nə qədər qərarlıyıq? Buna da aydınlıq gətirilməlidir”.
 “Xeyrin qədər danış”
Universitet-sənaye əməkdaşlığında eyni dildə danışa bilən ortamın formalaşdırılması - “3 Ç prinsipi”nə də aydınlıq gətirən İ.Qasımov Milli Konqresdəki çıxışlardan sitat gətirib: “Kayseridə iş adamlarının dialoqunda belə bir maraqlı fikir vardı: “Universitet üçün hansı binanı inşa etdin? Xeyrin qədər danış”. Bu baxımdan beyin mərkəzlərinin də əhəmiyyəti xüsusi vurğulanmalıdır. Beyin mərkəzləri elə bir yerdir ki, orada dünyanın ən bahalı potensialı - sərvətləri mövcuddur. Beyin mərkəzlərindən faydalanmaq istəməmək və ya ona əhəmiyyət verməmək... Beyin problemi olan fərdlərə cəmiyyətimizdə dəli deyilir. Cəmiyyətimizin beynində problem olarsa, buna nə ad verəcəyik? Bəlkə, beyin mərkəzləri formalaşdıraq və cəmiyyətimizi arzu olunan formada inkişaf etdirək?” Həmçinin real vəziyyət bu gün “Universitetlərin “Ar-Ge” büdcəsi hansı vəziyyətdədir; “Kommersiyalaşa bilən araşdırmalar nə qədərdir” kimi sualları da meydana çıxarır.
 Təhsil müəssisəsindəki yanaşma ilə uzlaşmayan bazar yeni texnologiyalar istehsalına necə təsir edir?
 Araşdırma-təhsil-xidmət vəhdətinin vacibliyindən də söz açan “QUTechnopark” rəsmisi qeyd edir ki, yüksək əlavə dəyərlərə malik sənayeləşmənin təmin olunması zəruridir: “Məhsula çevrilə bilən araşdırma ortaqlığı ilə inkişaf edən elm - insanlığın xidmətindədir. Məktəbdəki yanaşmaya uyğun gəlməyən bazar yeni texnologiyalar istehsalına mənfi təsir edir və ya əksinə. Akademik təşəbbüskarlıq dəstəklənməli və inkişaf etdirilməlidir. Ümumiyyətlə, akademik araşdırma ilə sənayeni bir arada tuta bilmək önəmlidir. Həmçinin strateji düşünərək, ortaq çalışmaq lazımdır. İş fikirlərini anlatmaqdan zövq almalıyıq”.
 Yüksək texnologiyalar istehsalında vacib amil təşəbbüskar mədəniyyətə malik insanların bir arada çalışa bilməsidir
 İ.Qasımov hesab edir ki, yüksək texnologiyalar istehsalında əsas olan ortaya qoyulan imkanlardan daha çox təşəbbüskar mədəniyyətə malik insanların bir arada çalışa bilməsidir. Onun fikrincə, təşəbbüskar yanaşma və ya təşəbbüskar mədəniyyət yüksək texnologiya istehsalında davamlılığa müsbət təsir edən ən önəmli amillərdəndir.
 Silikon Vadisinin sakinlərinə ünvanlanan sual: “Nə işlə məşğulsan?”
 Mütəxəssis qeyd edir ki, Silikon Vadisinin ən üstün cəhətlərindən biri də orada təşəbbüskar mədəniyyətin formalaşdırılmasıdır: “Silikon Vadisində insanlara “Nə işlə məşğulsan” sualını verdiyiniz zaman, onlar zövqlə öz iş fikirləri haqqında sizə bəhs edirlər. Digər bir məqam isə Silikon Vadisində könüllü olaraq mentorluq mədəniyyətinin olmasıdır. Burada insanlar mentorluq təcrübəsini heç bir təmənna gözləmədən sizinlə paylaşa bilir. Bu, çox önəmli mədəniyyətdir. Silikon Vadisinin mələk yatırımçı mədəniyyəti də innovasiyaların inkişafı üçün münbit şərait formalaşdıran amillərdəndir. Mələk investorlar əllərindəki sərmayənin bir hissəsini yeni formalaşan “startup”-lara ayırmaqdan çəkinmirlər, hətta buna ciddi maraq göstərirlər”.
 Təşəbbüskara zərbə vuran, digər insanları isə təşəbbüskarlıqdan çəkindirən amillər
 Pakistanlı mentor Dr. Naeem Zafarin Silikon Vadisi təcrübələrinə əsaslanan İ.Qasımov deyir ki, ABŞ-da mələk investorlar olaraq qruplar formalaşdırılır və daha səmərəli nəticələr əldə etməyə çalışırlar. Bu yanaşma gənclər arasında təşəbbüskar yanaşmanı, mədəniyyəti daha da gücləndirir: “Təşəbbüskara ən pis təsir edən amillərdən biri də uğursuzluğu zamanı ətrafının ona göstərdiyi mənfi təsirlərdir. Bu vəziyyət təkcə həmin təşəbbüskarı deyil, onunla birgə daha çox insanı təşəbbüskar yanaşmadan uzaqlaşdıra bilir. Ona görə də təşəbbüskar mədəniyyəti çox önəmlidir. Bu prosesdə təşəbbüskarın cəsur xarakteri öz işini görməlidir. Əmin olun ki, firmanızı qurduğunuz zaman daha çox təsirli olacaqsınız”.
 Sonda “Bacardım” deyə bilənlər
 Mütəxəssisin qənaətinə görə, mələk investorluq sosial məsuliyyət duyğusu ilə “nəmlənsə” də, qazanc məqsədli olmalıdır. Bu vəziyyət davamlılığı da təmin edəcək: “Eyni zamanda ekosistemin bütün oyunçuları ilə işbirliyində ola bilmək lazımdır. Dördtərəfli işbirliyində universitet (sayılan, potensiallı olan, referansları olan), “Ar-Ge” büdcəsi olan şirkətlər, maliyyəçilər, təşəbbüskarlar iştirak edir. Bu prosesdə uğurlu olan “Bacaracağam” deyib, çalışmaya başlaya bilən və sonda “Bacardım” deyə biləndir”.
İ.Qasımovun sözlərinə görə, təşəbbüskarlıq mədəniyyətinin inkişafında maraqlı olması vacib olan tərəflərə universitetlər, iş dünyası, dövlət, cəmiyyət daxildir: “Texnologiyaların inkişafında təşəbbüskarlıq amili önəmlidir. Alimlərə nisbətən təşəbbüskar iş adamlarının fikirlərinin daha dolğun, daha real və gerçək olduğunu müşahidə edirəm. Mentorluq bacarıqları olan, həvəskar, təcrübəli alimləri yetişdirən bir cəmiyyət təşəbbüskarlar üçün münbit ortamdır. Alimlər yerinə yetirdiyi elmi araşdırmaların nəticələrinin tətbiqində nə qədər maraqlıdırsa, onun mentorluq bacarıqları da bir qədər çox inkişaf edə bilir. Elmi araşdırmalar sifariş əsasında baş verirsə, bu, nəticənin daha səmərəli olmasını təmin edir”.
 “Bu fikir bazara çıxarıldığı zaman nəyə yarıyacaq?”
 “Start-up”-ların inkişafının diqqət mərkəzində olduğu indiki məqamda ortaya belə suallar da çıxır: “Təkcə fikrə patent alınarmı? Bu fikir bazara çıxarıldığı zaman nəyə yarıyacaq? Fikri olmayan insan yoxdur. Hansı fikir innovasiyaya səbəb olacaq? Ticarətlə əlaqəsi olmayan təşəbbüskara necə dəstək verməli? Ona investisiya dəstəyi versək və ya çalışma üçün ofislə təmin etsək, nəticə necə olacaq?” Bu suallar fonunda mütəxəssisin gəldiyi ilk qənaət belədir: “Təşəbbüskarlıq mədəniyyətinin inkişaf etdirilməsi daha çox dəstəklənməlidir. Çünki dünyada rəqabətlilik sürətlə inkişaf edir. Alim gözləməməlidir ki, iş adamı onu çağırıb “mənim filan problemim var, onu həll edin”- deyəcək. Məncə, uğurlu nəticələr nümayiş etdirə bilən təşəbbüskarlar ticarətdən anlayanlardır”. Onun fikrincə, davamlı olaraq dəstək gözləyən təşəbbüskarların uğurlu olması çox da mümkün görünmür.
 Uğursuz təşəbbüskarın bəhanəsi
 Fikri olan təşəbbüskar öz fikrinin inkişafı üçün müxtəlif metodların zamanında tətbiq olunmasını da bilməlidir: “Doğrudur, dəstəkləyici ortam önəmlidir. Ancaq dəstəklər davamlılğını qorumaqla yanaşı, təşəbbüskarı rahatlığa öyrətməməlidir. Hər bir uğurlu təşəbbüskarın bacarıqlı bir fikri olmaqla, hər bir uğursuz təşəbbüskarın da bir bəhanəsi var. Əslində isə təşəbbüskarın uğursuzu olmaz. Öz fikri ilə şirkətini qurmağa çalışan şəxsin bu istiqamətdəki fəaliyyətləri uğursuz nəticələnsə də, qazandığı təcrübələr onun inkişafında mühüm rol oynayır. On görə də təşəbbüskarın uğursuzu yoxdur, desək, daha doğru olacaq”.
 Texnoloji Transfer Ofisində çalışanlar həm alimlərin, həm də iş adamlarının “dərdini” anlamalıdırlar
 Texnoloji Transfer Ofisi (TTO) akademik heyətlə və sənaye arasında uyğun ortamı təmin edə bilməlidir. TTO-da çalışanlar həm alimlərin, həm də iş adamlarının “dərdini” anlayan və həll yolu tapa bilən insanlar olmalıdır. TTO-lar universitet-sənaye əməkdaşlığında birləşdirici rola malik olmalıdır. Bəzən TTO çalışanları bu əməkdaşlığa mənfi təsir də edə bilər. Ona görə də TTO personalı seçərkən bu amili diqqət mərkəzində tutmaq lazımdır. Eyni zamanda təşəbbüskar mədəniyyətinin inkişafı üçün TTO-ların fəaliyyəti də önəmlidir: “TTO-lar alimlərin təşəbbüskar baxışının inkişafına səbəb olmaqla yanaşı, sənayeçinin problemlərinin həllində universitet potensialından geniş istifadə edir. Alimin təşəbbüskar fəaliyyəti onun dərs verdiyi tələbələrin də təşəbbüskar kimi formalaşmasında önəmli rol oynayacaq. Bu mənada universitetlərdə texnoparkların formalaşdırılması öz aktuallığını daha da artırır”.
 TTO - yüksək texnologiya istehsalında istiqamətverici rolu oynayan ən önəmli mexanizmlərdən biri
 Həmçinin TTO-lar yenilikçi baxışı hər zaman qorumağı bacarmalıdır: “Yüksək texnologiya istehsalında istiqamətverici rolu oynayan ən önəmli mexanizmlərdən biri də TTO olmalıdır. TTO-ların dəstəyi ilə tələbələrin praktik cəhətdən inkişafı dəstəklənməli və bu prosesdə sənayeçinin maraqları təmin edilməlidir. Tələbə və ya magistr kurs işi, layihə və s. kimi daxili fəaliyyətlərini iş dünyasında yerinə yetirməli və sənayeçinin problemlərinin ortaya çıxarılmasında rol almalıdırlar. Diplom və ya dissertasiya işlərinin daha böyük işlərin tədqiqinə yönləndirilməsi faydalı ola bilər. Bəs universitetlərdə tələbələri qiymətləndirərkən onun təşəbbüskarlıq baxışlarını yoxlamağa ehtiyac varmı? Hesab edirəm ki, əməkdaşlıqda ünsiyyət və hadisələrin fərqinə vararaq davranmaq daha vacibdir”.
 Həqiqət İSABALAYEVA
http://rabitadunyasi.info.az/News/?newsID=561&lang=az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF