"Magistraturanın boş qalan plan yerlərinə əlavə qəbul aparılacaq"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, iki mərhələ üzrə müsabiqənin nəticələrinə əsasən 3911 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. O vurğulayıb ki, həmin nəticələrə əsasən magistratura səviyyəsinin dövlət sifarişli yerlərində boş plan yerləri qalıb.

“Belə ki, Bakı Dövlət Universitetində 684 plan yeri üzrə 633 magistrin 320-si dövlət sifarişli ixtisasa qəbul olunub. Ümumilikdə, dövlət sifarişli yerlərə Azərbaycan Dövlət Neft Akademiyası 32%, Texniki Universitet 22%, Memarlıq və İnşaat Universiteti 18%, Tibb Universiteti 100%, Azərbaycan Dövlət Pedaqoji Universiteti 23%, Azərbaycan Dövlət İqtisad Univerisiteti 25%, Azərbaycan Dillər Universitetində 73%, Mədəniyyət və İncəsənət Universitetində 9,5%, Bədən Tərbiyəsi və İdman Akademiyasında 100% nəticə göstərib.
Özəl universitetlərə gəlincə, Qafqaz Universitetində 42%, Xəzər Universitetində 6%, Qərb Universitetində 8%, Azərbaycan Universitetində isə 23% nəticə əldə olunub”, - deyə o əlavə edib . 

M.Abbaszadə qeyd edib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunanlar iyulun 1-dən iyulun 12-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Onun sözlərinə görə, əks halda bu bakalavrın müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək: “Magistraturaya qəbulun nəticəsi ilə bağlı müraciətlərə apelyasiya komissiyası tərəfindən baxılacaqdır. Hazırda ali təhsil müəssisələrinin bakalvriaturasına qəbul imtahanlarına hazırlıq işi getdiyindən apelyasiya bir aydan sonra-iyulun 28-dən iyulun 30-dək aparılacaq. Bundan sonra, müsabiqə şərtlərini ödəyən bakalavrlardan magistraturanın boş qalan plan yerlərinə elektron ərizə qəbulu aparılacaq. Ayrı-ayrı magistr proqramları üzrə boş qalan plan yerlərinin siyahısı və ərizə qəbulunun vaxtı haqqında TQDK-nın internet saytında və “Magistr” jurnalında elan veriləcək. Qeyd edim ki, əlavə qəbula da dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (müəyyən proqramlar üzrə 80-dən), o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılacaqlar. Belə bakalavrların isə sayı çox azdır”.
http://www.sia.az/view.php?lang=az&menu=90&id=57398

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF