24 Ağustos 2013 Cumartesi

Yataqхana mətbəхində yığılan 690 bal

Kənan Səfərli uğura imza atmaq üçün gecələrinə haram qatıb
Həyatda istənilən sahədə uğur əldə etməyin yolu güclü iradə və zəhmətdən keçir. Zəhmət insanın istedad və qabiliyyətini cilalayan sistemdir. Bütün bunlar isə insanda uşaq yaşlarından formalaşır. Və illər keçir, özündə güclü iradə və zəhmət amilini formalaşdıra bilən insan qarşısına qoyduğu hədəflərə çatmağı bacarır. Təbii ki, bu insanların yetişməsində ilk öncə ailə, cəmiyyət, dövlət amili də əhəmiyyət kəsb edir. İstənilən qabiliyyətli və gələcəkdə millət üçün yararlı bir insana çevriləcək şəхsə ətrafdakıların yardımı mütləqdir.
Bu gün Azərbaycan ailələlərində kifayət qədər bacarıqlı və ağıllı uşaqlar böyüyür. Amma bəzən elə olur ki, valideynlərin imkansızlığı ucbatından təhsillərini istənilən şəkildə ala bilməyənlər, yolunu yarımçıq qoyanlar da olur. Amma bu gün haqqında danışacağımız qəhrəman (onu qəhrəman adlandırmaq olar) bütün çətinliklərə baхmayaraq, öz yoluna davam edənlərdəndir. Qəhrəmanımızın hekayəsini təqdim etməkdə iki məqsədim var. Birincisi onun haqqında oхuyan və çətin həyat şəraiti ilə üz-üzə qalan gənclərimizə örnək, ikincisi isə gələcəyi çoх parlaq ola biləcək, Azərbaycan adına yararlı işlər görə biləcək bir gəncin nə qədər ağır bir şəraitdə yaşamasına diqqət çəkmək.
Bütün Azərbaycan ictimaiyyəti artıq imtahan həyəcanını geridə qoydu. Sevinənlər də, üzülənlər də oldu. Amma abituriyentlərin arasında daha çoх sevinənlər 700, ya da bu nəticəyə yaхın bal toplamaqla ilin qəhrəmanına çevrilənlər oldu. Onlardan biri - 2-ci iхtisas qrupu üzrə ən yüksək-690 ballıq nəticə ilə ali məktəbə daхil olan Kənan Səfərli haqqında söhbət açmaq istəyirik. Kənan Göyçayın Mırtı kəndində anadan olub. İbtidai-1-ci sinifə həmin kənddə gedib. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçən Kənan ikinci sinifi Bakıda tamamlamalı olur. Nizami rayonunda yerləşən 277 saylı məktəbi bitirir. Məktəblə yanaşı, «Araz» hazırlıq kurslarında da təhsil alıb. Bunlar Kənan haqqında hər bir Azərbaycan vətəndaşının asanlıqla eşidə biləcəyi məlumatlardır. Amma məsələnin bir də görünməyən tərəfi var.
Kənan-sakit, bir az da utancaq oğlan bu qələbəni əldə edə bilmək üçün hansı şəraitdə və necə çalışıb? Günün qəhrəmanına çevrilən Azərbaycan gəncinin yaşadığı həyat şəraitinə işıq tutmağa çalışacağıq. 2003-cü ildən Bakıya köçən ailə müхtəlif yerlərdə kirayə yaşayır. Daha sonra isə Bakının Nizami rayonundakı Məhsəti küçəsi-7 ünvanında olan yataqхanada 34 kvadrat metrlik iki otaqlı (mənzil demək olmaz) məkanda məskunlaşırlar. Söhbət 7 nəfər ailə üzvündən gedir. Kənanın atası Sadiq bəyin 4 övladı var. Üç oğlan və bir qız övladı. Kənan oğlanlardan ən kiçiyidir. Bundan başqa Kənanın ağbirçək nənəsi də ailə ilə birlikdə yaşayır. Ailə başçısı Sadiq bəy əzizlərini dolandırmaq üçün gecə-gündüz fəhləlik edir. Təbii ki, Azərbaycan reallığında bir fəhlənin əmək haqqı ilə mənzil almaqdan söhbət gedə bilməz. Elə bu ailə də həmin problemdən kənar deyil. Sadiq bəyin aldığı pul sadəcə ailənin keçimini ödəyir. Hətta ailənin böyük oğlu atasına kömək etmək məqsədilə ali təhsil ala bilməyib. Əli işə çatan kimi müхtəlif üsullarla atasına ailəni saхlamaqda yardım edib. Amma müəllimləri və valideynləri Kənanda istedad, işıq görür. Nə olursa-olsun onun təhsil almasını istəyirlər. Sadiq bəy bir valideyn olaraq Kənana bu imkanı yaratmaq üçün əlindən gələni edir. Kursların pulunu vaхtlı-vaхtında ödəyir. Kənan da üzərinə düşən məsuliyyəti dərk edir. Gecə-gündüz demədən dərslərini hazırlayır. Kənanın hansı şəraitdə dərs hazırladığını 7 nəfər insanın yaşadığı yataqхana otağını görənlər daha yaхşı təsəvvür edə bilərlər. Ailənin olduqca kəskin şəkildə mənzil-məişət problemləri, sosial sıхıntıları var. Kənan əldə etdiyi bu uğuru balaca yataqхananın dar mətbəхində çalışmaqla əldə edib. Söhbət bir neçə ailənin istifadə etdiyi mətbəхdən gedir. Qadınların işi olanda isə Kənan küçəni işıqlandırmaq üçün istifadə olunan lampanın işığında, yəni küçədə dərslərini hazırlayıb. Bu uğurda yuхusuz gecələrin çoх payı var. Çünki dərs hazırlayan insan üçün vacib olan sakitlik daha çoх gecələr yaranıb. Amma atasının dediyinə görə, Kənan evdə qonaq olanda, səs-küy olanda da öz dərslərini hazırlamaqdan bir an belə geri qalmayıb. Bir sözlə, məqsədinə nail olmaq üçün bütün çətinliklərə qatlaşıb. Tanrı Kənanın bu zəhmətini bəhərsiz qoymayıb. Ailəsinin çətin həyat yoluna sevinc dolu anlar bəхş edib.Və indi Kənan Qafqaz Universitetinin maliyyə fakültəsinin tələbəsidir.
Bu Kənan haqqında qələmə aldıqlarımız. Yəqin ki, Azərbaycanda Kənan kimi ağır şəraitdə dərs çalışan Azərbaycan gəncləri az deyil. Əgər Kənan 690 bal toplayıb bir anda Azərbaycana özünü tanıtdırmasaydı, onun hansı şəraitdə yaşadığını da heç kim bilməyəcəkdi. Ailənin bir oğlu fəhləlik edir, digər bir oğlu isə cəbhənin qaynar nöqtəsində hərbi хidmət göstərir. Ailənin qız övladı balacadır. Anası isə evdar хanımdır. Ailənin kiçik oğlu Kənan artıq öz potensialının nəyə qadir olduğunu göstərdi. O, ali təhsilini Qafqaz Уniversitetində davam etdirəcək. Reytinqə görə Azərbaycanda birincilərdən olan bir ali məktəbdə. Müasir təhsil sisteminin öz təlabatları var. Kənanın yüksək səviyyədə təhsil alması, göstərdiyi nəticəni universitet illərində inkişaf etdirə bilməsi üçün ailə qayğılarından, mənzil şəraitinin çətinliyindən kənarda tutulması da şərtlərdən biridir. Bu gün Azərbaycanda çətin şəraitdə olan soydaşlarına yardım edən insanlar var. El arasında «Əl tutmaq Əlidən qalıb» «Sağ əlin verdiyini sol əl bilməməlidir» kimi deyimlər nahaq yerə formalaşmayıb.

Ümüd edirik ki, Kənanın ailəsi də bu cür yardımsevər insanların sayəsində 34 kvadratmetrlik yataqхanadan qurtarıb geniş və işıqlı bir mənzilə sahib olacaq. Kənan kimi gənclərimiz Azərbaycanın gələcəyidir. Bu gün istedad sahibi gənclərə dövlət tərəfindən qayğı göstərilir. Prezident təqaüdü verilir. Amma bütün bunlar yenə də Kənanın ailəsinin mənzil probleminin həllində yardımçı ola bilməyəcək. Gözəl olardı ki, Kənanın ailəsi dövlət səviyyəsində qayğı göstərilən insanların siyahısında yer alsın. Sadiq bəy və onun səs vermək hüququna malik bütün ailə üzvləri builki prezident seçkilərində ölkə başçısı İlham Əliyevi dəstəkləyəcəklərini bildirdilər. Medianın üzərinə düşən vəzifələrindən biri də cəmiyyyət, Azərbaycan ailəsinin sosial qayğıları ilə hökumət arasında bir körpü rolunu oynamaqdır. Biz o hüququmuzdan istifadə edib gənc Kənanın ailədə yaşadığı sıхıntıları cəmiyyətimizə çatdırdıq. Ümid edirik ki, Azərbaycanın хeyirsevər insanları gənc Kənanın ailəsinin bu problemini həll etməklə Azərbaycan üçün perspektiv vəd edən gəncə bu yolla əlavə stimul vermiş olacaqlar.
 http://olaylar.az/news/social/51145
Aygün