Qafqaz Universiteti tenderin qalibi olub
Qafqaz Universiteti 2013-2014-cü dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə 5 və 6-cı siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimləri həyata keçirmək üçün BİA-nın layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən elan edilən tenderlərdən Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında ana dili, coğrafiya, xarici dil, informatika, texnologiya, təsviri incəsənət və musiqi fənləri üzrə qalib elan edilib.
Bununla da ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə bağlı prosesə Qafqaz Universiteti də qoşulmuş oldu. Universitet təlimləri bu sahə ilə bağlı zəngin təcrübəsi olan “İnkişaf” Elmi Mərkəzi ilə birlikdə təşkil edəcək. “İnkişaf” Elmi Mərkəzi 2000-ci ildən başlayaraq, müxtəlif beynəlxalq təşkilatlarla birlikdə təhsil islahatını həyata keçirən kadr hazırlığı ilə bağlı fəaliyyət göstərir, ölkədə təlimçilər üçün kursların keçirilməsində, proqram və təlim vəsaitlərinin hazırlamasında aparıcı rol oynayır. Bu əməkdaşlıq təlimlərin daha keyfiyyətli bir şəkildə həyata keçirilməsini təmin edəcək.