TÜRKİYƏ PREZİDENTİ ABDULLAH GÜL “QAFQAZ” UNİVERSİTETİNİN YENİ KORPUSUNUN TƏMƏLİNİN QOYULMASI MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
AzərTAc xəbər verir ki, noyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, onun xanımı və dost ölkənin nümayəndə heyətinin üzvləri “Qafqaz” Universitetində olmuşlar. Türkiyə Prezidenti bu təhsil müəssisəsinin korpusunun təməlinin qoyulması və əsas tədris korpusunun açılış mərasimində iştirak etmişdir. Milli Məclisin deputatları, bu ali məktəbin professor-müəllim heyəti və tələbələri Türkiyə dövlətinin başçısını və onu müşayiət edən şəxsləri hərarətlə salamladılar. Hər iki ölkənin dövlət himnləri səsləndi. Mərasimdə çıxış edən “Qafqaz” Universitetinin rektoru, professor Əhməd Saniç, Türkiyənin “Çağ öyrətim işlətmələri” şirkətinin prezidenti Ənvər Özərən, Azərbaycanın təhsil naziri Misir Mərdanov iki qardaş ölkənin təhsil sahəsində səmərəli əməkdaşlığının son dərəcədə yüksək səviyyədə olduğunu vurğuladılar. Bildirildi ki, türk liseylərində təhsil alan şagirdlər beynəlxalq fənn olimpiadalarında Azərbaycanı uğurla təmsil edirlər. Prezident Abdullah Gül öz çıxışında bu tədris müəssisəsinin təşəkkülündə, elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin və Türkiyənin sabiq Prezidenti mərhum Turqut Özalın müstəsna xidmətlərini vurğuladı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığına əminliyini vurğuladı. “Qafqaz” Universitetinin ən yüksək reytinqə malik olan özəl ali məktəblərdən biri kimi tanındığını bildirən qardaş ölkənin Prezidenti bu universitetin dünya səviyyəli təhsil müəssisəsinə çevriləcəyinə ümidvar olduğunu söylədi. Sonra universitetin rəhbərliyi ali qonağa xatirə hədiyyələri təqdim etdi. Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və ali məktəbin rəhbərliyi universitetin yeni korpusunun təməlinin qoyulmasına start verdilər. Abdullah Gül və Abid Şərifov bu təhsil müəssisəsinin əsas korpusunun açılışını bildirən qırmızı lenti kəsdilər. Türkiyə dövlətinin başçısı və onu müşayiət edən şəxslər burada təhsil prosesi ilə də tanış oldular. Prezident Abdullah Gül universitetin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
http://www.azertag.com/