Abdullah Gül: "Qafqaz Universiteti Türkiyə və Azərbaycan qardaşlığının ən parlaq rəmzidir"

Noyabr ayının 7-də Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfəri çərçivəsində Qafqaz Universitetinin yeni korpusunun təməlatma mərasimində iştirak edib. Təməlatma mərasimində Abdullah Güllə yanaşı, onun xanımı Nayrunnisa Gül, Türkiyənin dövlət nazirləri Gürşad Tüzmən, Himet Çubukçu, Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov, Xırdalan şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, "Çağ" Öyrətim MM-nin İdarə Heyətinin sədri Ənvər Özərən, millət vəkilləri və işadamları da iştirak edib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasları üzrə mütəxəssislər hazırlanır. A.Sanic universitetin yeni korpusunun təməlatma mərasimində Abdullah Gülün iştirakını önəmli hadisə kimi qiymətləndirib: "Gərgin səfər proqramının olmasına baxmayaraq Abdullah Gül vaxt ayıraraq universitetin yeni korpusunun açılışına qatılıb. Bu da prezidentin təhsilə, elmə nə qədər ömən verdiyini sübut edir". Mərasimdə çıxış edən Türkiyə prezidenti Abdullah Gül Qafqaz Universitetini Azərbaycanla Türkiyə arasında dostluğun və qardaşlığın ən bariz nümunəsi kimi dəyərləndirib: "Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin ən bariz nümunəsi, parlaq rəmzidir. Türkiyə ilə Azərbaycan arasında təkcə siyasi, hərbi və iqtisadi sahələrdə deyil, təhsil sahəsində də sıx əlaqələr mövcuddur. Bu gün yüzlərlə azərbaycanlı Türkiyənin aparıcı universitetlərində, türkiyəli vətəndaşlar isə Azərbaycanın ali təhsil müəssisələrində oxuyur. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türkiyəli tələbələrin yüksək səviyyədə ali təhsil alması üçün lazımi şərait yaradılır. Mən ümid edirəm ki, Türkiyədə təhsil alan azərbaycanlı və Azərbaycanda oxuyan türkiyəli tələbələrin sayı ildən ilə daha da artacaq". Çıxışı zamanı A.Gül Qafqaz Universitetinin və onun məzunlarının Azərbaycanın gələcəyində mühüm rol oynayacağına inandığını bildirib: "Mən inanıram ki, universitetin məzunları Azərbaycanın inkişafına dəstək verəcək, ölkəyə böyük xidmətlər göstərəcəklər. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında gerçək əməkdaşlığın və dostluq körpülərinin təməlləri olacaqlar. Mən bu universitetin yaxın müddətdə Qafqazın ən əsas təhsil ocağına çevriləcəyinə inanıram". Universitetin müxtəlif fənlər üzrə aldığı medallara diqqət çəkən A.Gül müəssisəni dünyanın ən aparıcı təhsil ocaqları ilə müqayisə edib: "Burada gördüyüm medallar bir daha sübut edir ki, bu ali məktəb, sadəcə, Azərbaycanın deyil, bütün Qafqazın "Harvard"ı olacaq". Təhsil naziri Misir Mərdanov isə Qafqaz Universitetinin yeni korpusunun inşasını Azərbaycan və Türkiyənin təhsil həyatında mühüm hadisə kimi qiymətləndirib: "Bu gün burada Harvard kimi bir universitetin təməlini atırıq. Bu universitet yalnız bizim üçün deyil, Türkiyə üçün də önəmli bir nümunədir".
S.QARAYEVA
www.525.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF