Qafqaz Universitetində Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub
Qafqaz Universitetində Türkiyə Cümhuriyyətinin qurulmasının 84-cü ildönümu münasibətilə tədbir təşkil edilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic Türkiyə Cümhuriyyətinin qurulmasından danışaraq deyib ki, türk xalqının milli azadlıq mübarizəsi 1919-cu ildən başlayıb. Müstəqilliyi uğrunda mübarizə aparan türk xalqının başında isə Birinci Dünya müharibəsi döyüşlərində bir sıra hərbi əməliyyatlara rəhbərlik etmiş, Osmanlı ordusunun generalı Mustafa Kamal Atatürk başçılıq edib. Onun sözlərinə görə, Atatürkün ən böyük arzusu milli istiqlaliyyət elan etmək, Qərb modelinə uyğun yeni Türkiyə dövləti yaratmaq idi: "O, bu arzusuna çatmaq üçün xalqı ilə birgə mübarizəyə başlayıb. Generalın çağırışı ilə qadınından, kişisindən asılı olmayaraq hər kəs bir mehmetçik olub milli azadlıq uğrunda mübarizəyə başlayıb. Mustafa Kamal torpağını işğal etməyə gələn düşmənə də dostcasına yanaşıb, hər bir yadellinin qəlbində türkə sevgi yaradıb. Məhz ona görə də çox keçmədən bu mübarizə Türkiyənin tam və qəti qələbəsi ilə başa çatıb, ölkə işğalçılardan təmizlənib. 1923-cü il oktyabr ayının 29-da azad, müstəqil, çağdaş Türkiyə Respublikası bütün dünyaya bəyan edilib". A.Sanicin dediyinə görə, tarixi dönəmlərdə yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan qardaş xalqlar kimi hər zaman bir-birinin yanında olub. Hər iki ölkənin müstəqillik tarixi ağır və qanlı savaşlardan keçib. Yetmiş ildən sonra yenidən müstəqilliyinə qovuşan Azərbaycanı da ilk tanıyan dövlət Türkiyə olub: "Mən inanıram ki, hər iki ölkə arasında olan dostluq, qardaşlıq münasibətləri sonadək davam edəcək". Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Erkan Kılıc isə Türkiyə Cümhuriyyətinin o dövrdə mövcud olan iqtisadi vəziyyətindən danışıb. Daha sonra tədbir iştirakçılarına Cümhuriyyətin yaranma tarixini, Mustafa Kamal Atatürkün fəaliyyətini əks etdirən film göstərilib.
S.QARAYEVA
www.525.az
S.QARAYEVA