Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması hansı dəyişikliklərə yol aça bilər?

“Azərbaycanda elmi fəaliyyət, əsasən, akademiyanı, ali təhsil müəssisələrini, dövlət qurumlarının tərkibindəki elmi qurumları, qismən də özəl sektoru əhatə edir. Elmi araşdırmalarda müəyyən təkrarçılıq, elmi mövzularda qeyri-aktuallıq, dünya elmində gedən proseslərlə səsləşməyən problemlərin mövcudluğu elmi fəaliyyətdə rast gəlinən reallıqlardır. Bu məqsədlə respublikada elmi əlaqələndirmənin mürəkkəbliyini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılmasına ehtiyac var”. Bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimlərinin I qurultayında çıxış edib. AMEA prezidenti hesab edir ki, şuranın tərkibində akademik institut, universitet, biznes və patent idarələrinin nümayəndələri olmalı, şura tərəfindən veriləcək qərarlar isə respublikanın bütün elmi təşkilatları üçün icbari xarakter daşımalıdır. Ümumilikdə təklifə münasibət bildirən müxtəlif sahələr üzrə mütəxəssislər şuranın fəaliyyətinin səbəb aça biləcəyi müsbət dəyişiklikləri “Rabitə dünyası” ilə paylaşıblar.
 Əgər bu şura yaradılarsa...
 Gənc alim, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev: “Ölkəmizdə elmi əlaqələndirmənin öz mürəkkəbliyi və çətinliyi də var. Belə ki, elmi siyasətin həyata keçirildiyi əsas mərkəz Milli Elmlər Akademiyası olsa da, o, tək qurum deyil. Bu gün Təhsil Nazirliyinin nəzdində olan dövlət və özəl ali məktəblərin bir çoxunda, eləcə də ayrı-ayrı nazirliklərin, dövlət təşkilatlarının tabeçiliyində olan tədqiqat müəssislərində də elmin müxtəlif problemli məsələləri üzrə araşdırmalar gedir. Ona görə bir çox hallarda təkrarçılığa yol verilir. Ən əsası araşdırmaların beynəlxalq səviyyədə normativləşmiş fundamental meyar və prinsiplər əsasında aparılmaması bir çox hallarda elmi imitasiyaya və nəticədə heç bir fundamental və tətbiqi əhəmiyyəti olmayan araşdırmaların meydana çıxmasına səbəb olur, nəticə olmadığından da bu məqsədlərə yönəldilən büdcə vəsaitləri səmərəsiz xərclənilir, elmin inkişafına heç bir töhfə verilməmiş olur. Belə problemlərin həlli üçün Akademiyanın uyğun təsir mexanizmi yoxdur. Elə buna görə də AMEA rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması məsələsini gündəmə gətirib. Əgər bu şura yaradılarsa, artıq ölkədə elm araşdırmalar sahəsindəki mövcud problemlər aradan qaldırılmaqla, elmi fəaliyyətin təşkili, əlaqələndirilməsi və idarə olunması üçün elmi tədqiqat işlərinin yeni prinsiplər əsasında koordinasiyası mümkün olacaq. Bununla yuxarıda sadalanan neqativ hallar da aradan qaldırılacaq. Hazırda mövcud olan bütün problem şuraları vahid mərkəzdə birləşdirilməklə onların işinin yeniləşdirilməsinə də nail olunacaq”.
 “Biliklər iqtisadiyyatının və milli innovasiya mühitinin formalaşması şuranın qarşısında duran prioritet istiqamətlərdən birinə çevriləcək”
 Dünya təcrübəsinə istinad edən alim qeyd edir: “Bu təcrübə göstərir ki, elmi fəaliyyətin səmərəli və effektiv təşkilini şərtləndirən ən mühüm amillərdən biri də elmin idarə olunmasının təşkilidir. Bu gün artıq dünyada elmi tədqiqatların ənənəvi strukturları ilə yanaşı, virtual elmi qurumlar, elmi klasterlər, elmi şəbəkələr, elmi parklar və texnologiyaların inkişafı ilə yeni keyfiyyətli strukturlar meydana gəlməkdədir. Bütün bunlar isə elmin idarə olunmasının təşkilinin yeni modellərinin yaradılması zərurətini ortaya qoyur. Məhz Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması bu sistemin tərkib hissəsidir. Yaradılması təklif olunan şurada akademik institutların, universitetlərlə yanaşı, biznes və patent idarələrinin nümayəndələrinin təmsil olunması artıq əldə olunmuş elmi yeniliklərin tətbiq olunma imkanlarının artmasına səbəb ola bilər. Başqa sözlə, bir qurumda həm elm, həm də biznes nümayəndələrinin birgə iştirakı müasir dövrdə elm və istehsalat arasında əlaqələrin lazımi səviyyədə təşkilinə xidmət edən amildir. Şuranın qarşısında duran ən mühüm vəzifələrdən biri müasir dünya elminin ən son nəzəri-metodoloji yanaşma və qənaətlərinin, elmi nəticə və uğurlarının öyrənilərək tətbiq olunmasından, eləcə də yeni yanaşmaların müəyyənləşdirilməsindən ibarət olacaq.
Biliklər iqtisadiyyatının və milli innovasiya mühitinin formalaşması (elmin innovasiyası) da qeyd olunan şuranın qarşısında duran prioritet istiqamətlərdən biriни təşkil edəcək”.
 “Ali Şuranın yaradılması bu istiqamətdə işlərin daha uğurlu alınmasında müstəsna rol oynaya bilər”
 Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət: “Əgər nəzərə alsaq ki, cənab Prezidentin şəxsən özünün nəzarətində olan və ya Prezident yanında qurulan strukturlar uğurlu fəaliyyət göstərir, belə bir şuranın da uğur qazanacağını demək olar. Örnək üçün, “ASAN Xidmət” birbaşa Prezidentin təşəbbüsüdür və ölkədə bir nəfər də tapılmaz ki, ondan narazı qalsın. Halbuki bu günə qədər həmin xidmətdən 3,5 milyon dəfə istifadə edilib. Yaxud da QHT-lərə Dövlət Dəstəyi Şurasını götürək. Bu qurum da Prezident yanında fəaliyyət göstərməklə ölkədə QHT sektorunun sağlamlaşdırılmasında mühüm rol oynayır. Eləcə də Bilik Fondu və bu qəbildən olan qurumları qeyd etmək yerinə düşərdi. O baxımdan düşünürəm ki, Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması bu istiqamətdə işlərin daha uğurlu alınmasında müstəsna rol oynaya bilər.
 “Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması sürətli sosial-iqtisadi inkişafda davamlılıq və dayanıqlılığın təmin olunması üçün də zəruri addımdır”
 Qafqaz Universiteti Texnoparkının direktoru, dos. İsa Qasımov: “Ölkə prezidenti İlham Əliyevin qarşıya qoyduğu hədəflərinin inkişaf xəttində “neft kapitalının insan kapitalına çevrilməsi” fəlsəfəsi dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində özünü isbat etmiş, çox uğurlu bir istiqamətdir. Bu yanaşmada, Azərbaycanın qlobal strateji mövqeyində regional güc olmaq kimi hədəfləri tətbiq olunan istiqamətin özünəməxsus tərəflərini ortaya çıxarır. Bu da öz növbəsində, dünyanın sosial-iqtisadi inkişafında Azərbaycan modelini formalaşdırır. Hazırda bu modelin dünyanın müxtəlif ölkələrinin öyrənmə və ya tətbiq etmək istiqamətindəki fəaliyyətləri bunun əyani sübutudur. Eyni zamanda geniş və ya qlobal miqyaslı layihələrin, proseslərin icrası və idarə edilməsində səmərəli nəticələrin əldə olunması üçün bir sıra amillər nəzərə alınmalıdır. Buraya layihə və ya prosesin iştirakçısı olan bütün tərəflərin potensial imkanlarından xəbərdar olunması; mövcud imkanların istifadəsində və ya tətbiqində müxtəlif tərəflərin, hansı formada təşviq olunmasının müəyyənləşdirilməsi; müxtəlif tərəflərin sahib olduqları potensial imkanların daha səmərəli nəticələrinin təmin olunması üçün hansı istiqamətlərdə əməkdaşlığa dəvət edilməsı; nəzarət-monitorinq fəaliyyətləri kimi problemləri bürokratik mane formasından uzaqlaşdıraraq, təşviqedici (həvəsləndirici) yanaşmasının təmin edilməsi; prosesin ümumi inkişafına xidmət edən innovasiyaların ortaya çıxarılması və tətbiqi istiqamətində tövsiyələrin verilməsi; prosesin ümumi inkişafıна xidmət edən innovasiyaların ortaya çıxarılması və tətbiqi istiqamətində dəstəkləyici (nizamlayıcı qanunvericilik; maliyyə dəstəyi, vergidən azadolma və ya digər güzəştlər) funksiyanın təmin edilməsi və s. daxildir. Fikrimizcə, qeyd olunanların həyata keçirilməsi istiqamətində, eləcə də ölkəmizdə elmi tədqiqat institutları, universitetlər, texnoparklar, biznes və digər strukturların mövcud potensiallarına əsasən fəaliyyətlərində dövlət əhəmiyyətli səmərəliliyin təmin olunması məqsədi ilə təklif edilən Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması əhəmiyyətli addım olacaq. Bu, həm də Azərbaycanın sürətli sosial-iqtisadi inkişafında davamlılığın və dayanıqlılığın təmin olunması üçün də zəruri addımlardan hesab oluna bilər”.
 “Elm və texnologiyaların inkişafı istiqamətində fəaliyyətə başlayan müxtəlif qurumların mövcudluğu belə bir şuranın formalaşdırılmasını vacib edir”
 Texnopark rəhbəri qeyd edir ki, ölkənin xammal ixrac edən vəziyyətindən, hazır məhsul ixrac edən formasına çevrilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr, alınan qərarların icrasında səmərəliliyin təmin olunması üçün elmi-texniki yanaşma mühüm amillərdəndir: “Sənayenin inkişaf etdirilməsi və ya Azərbaycana məxsus sənaye markalarının formalaşması, başlıca olaraq, ixtisaslaşmış və intellektual insan gücündən asılıdır. Bu prosesdə ölkə potensialının kompleks dəyərləndirilməsi zəruri məqamlardandır. Ona görə də Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın təsis olunmasının faydalı nəticələr verəcəyi qənaətindəyik.
Təklif olunan şuranın tərkibində akademik elmi tədqiqat institutlarının, universitetlərin, texnoparkların, biznes və patent idarələrinin nümayəndələrinin olması fəaliyyətin hərtərəfli əhəmiyyətli olacağından xəbər verir. Elm və texnologiyaların inkişafı istiqamətində ölkəmizdə fəaliyyətə başladılan müxtəlif qurumların (fondların) mövcudluğu da belə bir şuranın formalaşdırılmasını zəruri etdiyi qənaətindəyik. Düşünürəm ki, Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın fəaliyyəti, qeyd olunan, müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən təşkilatların işinin səmərəliliyinin artırılması istiqamətində stimulverici və dəstəkləyici funksiyası ilə kompleks yanaşmalar tətbiq edə biləcək. Belə yanaşmaların uğurlu nəticələrini beynəlxalq təcrübədə də müşahidə edirik. Belə ki, milli xüsusiyyətləri, eləcə də bir çox qlobal layihələrin həyata keçirilməsində genişmiqyaslı dövlətlərarası ortaq layihələrimizin olduğu Türkiyədə bənzər təşkilatı - Elm və Texnologiya Yüksək Qurumunu (Bilim ve Teknoloji Yüksek Kurulu (BTYK)) nümunə göstərmək olar. Bu baxımdan, Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın fəaliyyət istiqamətləri ilə genişmiqyaslı müsbət dəyişikliklərə səbəb ola biləcəyi qənaətindəyik”.
Onun sözlərinə görə, şuranın həyata keçirə biləcəyi funksiyalar Azərbaycanda prioritet sayılan istiqamətlərin təmin olunması üçün zəruri məqamlardır. Buraya elm və texnologiya inkişafında uzunmüddətli siyasətin təsbitində hökumətə yardım, hədəflərin müəyyən olunması, prioritet sahələrin müəyyən edilməsi, plan və proqramların hazırlanması; uzunmüddətli strateji planlara əsasən ictimai təşkilatların vəzifələndirilməsi; bu məqsədlə, xüsusi təşkilatlarla (elmi tədqiqat institutları, universitetlər, texnoparklar, biznes strukturları, müvafiq dövlət təşkilatları və s.) əməkdaşlığın təmin edilməsi; ehtiyac olan qanun layihələri və qanunvericiliyin hazırlanması və ya elmi-metodoloji dəstəyin verilməsi; zəruri olan sahələr üzrə araşdırıcı insan gücünün yetişdirilməsinə, əsas istiqamət və proqramların icrasına stimullaşdırıcı və dəstəkləyici funksiyanın yerinə yetirilməsi daxildir.
 “Şuranın fəaliyyəti ölkəmizdə innovasiyalara əsaslanan inkişafı hərtərəfli dəstəkləyə biləcək ekosistemlərin formalaşdırılmasına səbəb olacaq”
 Həmçinin bu funksiyalara xüsusi əhəmiyyətli sahələr üzrə araşdırma mərkəzlərinin qurulması üçün tədbirlərin alınması; dövlətin ayırdığı maliyyə imkanları və digər stimullaşdırıcı resursların səmərəliliyinin artırılması məqsədi ilə, sektorlar və təşkilatlar arasında koordinasiyasının, eləcə də nəzarət-monitorinq fəaliyyətinin təmin edilməsi və s. aid edilir: “Ali Şura ölkəmizdə ixtisaslaşmış və insan gücünə əsaslanan dayanıqlı inkişafı təmin etmək üçün zəruri məqamlardan olan universitet-iş dünyası əməkdaşlığının da geniş vüsət almasına zəmin verəcək. Belə ki, şuranın nizamlayıcı və stimullaşdırıcı dəstəyi ilə universitet-iş dünyası əməkdaşlığı, eləcə də texnoparkların inkişaf etdirilməsinə zəmin verəcək fəaliyyətləri vacib məqamlardan sayıla bilər. Beləliklə, inkişaf etmiş ölkələr nümunəsində olduğu kimi, elmi tədqiqat institutları və universitetlərlə iş dünyası arasında qurulacaq əməkdaşlıq həm bu müəssisələrin qarşılıqlı faydalar əldə etmələrinə, həm də ixtisaslı, intellektual insan gücünün formalaşması, eləcə də formalaşacaq potensialdan səmərəli istifadəni təmin edəcək. Şuranın fəaliyyəti ölkəmizdə innovasiyalara əsaslanan inkişafı hərtərəfli dəstəkləyə biləcək ekosistemlərin formalaşdırılmasına səbəb olacaq. Bununla bağlı, ilkin mərhələdə, bir sıra işlərin yerinə yetirilə biləcəyi qənaətindəyik. Belə ki, elmi tədqiqat institutları və universitetlərdə innovasiyaların tətbiqinə əsaslanan təşəbbüskar yanaşma mühiti inkişaf etdiriləcək. Bu məqsədlə elm və təhsil müəssisələrində elmi-praktiki innovasiya mühiti inkişaf etdirilməli, bununla bağlı təşkilatlar qarşısında hədəflər (və ya öhdəçilik) qoyulmalı, müvafiq kafedralar üzrə “təşəbbüskarlıq” dərsləri təyin edilməli, təşəbbüskar mühit formalaşdırılarkən iş dünyası ilə sıx əməkdaşlıq edilməli, dərs proqramları və ya elmi tədqiqat planları hazırlanarkən iş dünyasının tələbləri nəzərə alınmalı, təşəbbüskarlıq dərsləri iş dünyasının təcrübəli mütəxəssislərinin iştirakı ilə təşkil edilməli, təşəbbüskar gənclərin “StartUp” layihələri müvafiq qanunvericiliklə təşviq edilməli və dəstəklənməli, təşəbbüskar yanaşmanın formalaşma prosesi ümumtəhsil məktəblərinin təlim-tərbiyə işində nəzərə alınmalıdır. Eyni zamanda prioritet sahələr üzrə beynəlxalq təcrübə öyrəniləcək və yerli biznes dəyərləri nəzərə alınaraq tətbiq edilmə imkanları formalaşacaq. Bu məqsədlə isə beynəlxalq təcrübənin öyrənilməsi üçün müşahidə qrupları işləməli və yerli biznes etikası nəzərə alınaraq səmərəli təkliflər hazırlanmalı, beynəlxalq təcrübənin ölkəyə gətirilməsi işində ölkə xaricindən müvafiq qaydada təlimçilər dəvət olunmalı, sahənin inkişaf etdirilməsi üçün seminar və konfranslar keçirilməlidir”.
 Şura texnoparkların fəaliyyətinin gücləndirilməsində əsaslı rol oynaya bilər
 Həmçinin şirkət və ya müəssisələr sosial-iqtisadi inkişafa səbəb olacaq elmi tədqiqat işlərinə təşviq ediləcək: “Bu məqsədlə elmi tədqiqat institutları və universitetlərdə texnopark binalarının, eləcə də şirkətlərin sərbəst fəaliyyətini təmin edəcək iş mühitinin formalaşdırılmasına dəstək verilməli, universitetlərin daxilində texnoparkların formalaşdırılması təşviq edilməli, şirkətlərin texnoparklarda fəaliyyəti dövlətin təşviqedici (həvəsləndirici) qanunları ilə tənzimlənməli (vergi, gömrük və s. güzəştlər təmin edilməli), “StartUp” layihələrin dəstəklənməsi işində investor mühiti formalaşdırılmalı və təşviq edilməlidir. Digər tərəfdən elmi tədqiqat institutları və universitetlərdə formalaşdırılmış (və ya formalaşdırılacaq) texnoparklarda Texnoloji Transfer Ofislərin qurulması və inkişaf etdirilməsi dəstəklənəcək. Bu məqsədlə Texnoloji Transfer Ofislərinin formalaşması üçün universitetlərin təqdim edəcəkləri layihələr əsasında maliyyə dəstəyi göstərilməli, ayrılan maliyyə vəsaitinin monitorinqi təmin edilməli, əldə edilən səmərəli nəticələrin müqabilində həvəsləndirici addımlar atılmalı, elmi tədqiqat institutları və universitetlərdə kafedraların (şöbələrin) nəzdində mövcud olan laboratoriya imkanları inkişaf etdirilməli və burada aparılan proseslər aktiv formada texnoparkda mövcud olan ekosistemlə (sənayeçinin ehtiyaclarına uyğun) əlaqələndirilməlidir. Elm və təhsil müəssisələrinin ölkədə fəaliyyət göstərən Sənaye Parkları ilə sıx əməkdaşlığı tənzimlənməli, Texnoloji Transfer Ofislərinin dəstəyi ilə elm və təhsil müəssisələrində çalışan professor-müəllim heyəti sənayenin inkişafında rol almalı, professor-müəllim heyəti layihə çalışmalarına cəlb olunmalı, eləcə də onlar sahibkarlıq fəaliyyətlərinə təşviq edilməli, magistr və ya doktorantların dissertasiya işləri iş dünyasının real problemlərinə, eləcə də ölkənin başlıca strateji inkişaf problemlərinin həlli istiqamətində təmin edilməli, elmi tədqiqatçılara elmi dərəcə və ya elmi vəzifə verilərkən, onların həyata keçirdikləri layihə çalışmalarını digər fəaliyyətlər kimi (pedaqoji fəaliyyət, məqalə, dərs proqramı, dərs vəsaiti və s.) nəzərə alınmasını təmin etməlidir”.
 “İnformasiya bolluğunda elmi nizamlılıq üçün belə bir qurumun olmasına çox böyük ehtiyac var”
 Əməkdar müəllim, Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrət: “Prezident yanında Elm və Texnologiya üzrə Ali Şuranın yaradılması zərurətdən irəli gələn bir hadisədir: yaradılmalı və həmən fəaliyyətə başlamalıdır. Çünki cəmiyyətimizin yaşadığı mövcud informasiya bolluğundan elmi nizamlılıq naminə istifadə üçün belə bir qurumun olmasına çox böyük ehtiyac var. İnanıram ki, yeni yaradılacaq bu şura son yaradılmış yeni qurumlar kimi səmərəli və keyfiyyətli fəaliyyəti ilə özünü sübut edəcək. Elm və Texnologiya üzrə Ali Şura elm və texnologiya üzrə ən son tədqiqat işləri, elmi mövzulara dair araşdırmaların aparılmasında çox uğurlu fəaliyyəti ilə seçilən qurumlar sırasında olacaq. Onun təhsil sahəsində də yeni texnologiyaların tətbiqində çox böyük köməyi dəyəcək. Belə bir şuranın fəaliyyəti bir sıra müsbət yönümlü elmi araşdırmaların, elmlə məşğul olanların gördüyü işlərə, onların marağında olan yeni baxışlara stimul verilməsinə səbəb olacaq. Şura gənc alimlərin elmə marağının və elm - texnologiya sahəsində beynəlxalq əməkdaşlıqların artmasına da səbəb olacaq”.
 Hətta Təhsil və Elm Nazirliyinin yaradılması da təklif edilir
 Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov: “Azərbaycanda elmi fəaliyyətin koordinasiya edilməsində əslində bir pərakəndəlik mövcuddur. Konkret bu sahəyə cavabdeh olan icra strukturu mövcud deyil. Respublikada Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası mövcuddur. Adı çəkilən şurada bütün elmi tədqiqat institutlarının, ali təhsil müəssisələrinin, sahə elmi tədqiqat qurumlarının nümayəndələri təmsil olunurlar. Lakin yenə də bu sahədə olan boşluğu doldurmaq mümkün olmayıb. Mövzularda təkrarçılıq, köhnə və aktuallığını itirmiş mövzulara müraciət, ölkəmiz üçün heç bir strateji əhəmiyyətə malik olmayan mövzularda tədqiqatların aparılması və sair hələ də qalmaqdadır. Bütün bunlar isə elmi fəaliyyətin effektivliyinə ciddi ziyan vurur və həm də dövlətin kifayət qədər vəsaiti lazımsız formada sərf edilir. Fikrimcə, ölkəmizdə Təhsil və Elm Nazirliyi yaradılmalı və elmin kurasiyası da bu nazirliyə həvalə edilməlidir. Bu nazirliyin yanında hansısa şura yaradıla bilər və qeyd olunan şura da respublikada elmi tədqiqatların istiqamətlərini müəyyənləşdirəcək, mövzuları müəyyənləşdirəcək, görülən işlərin monitorinqini aparmaqla mütəmadi olaraq elmi tədqiqatları diqqətdə və nəzarətdə saxlayıb, gələcək prioritetləri müəyyənləşdirəcək. O zaman nə təkrarçılıq, nə də köhnəlmiş mövzulara müraciət olmayacaq. Bunun digər tərəfdən xeyri həm də onda olacaq ki, elmlə təhsilin bir yerdə olması təmin olunacaq, elm tədricən ali məktəblərə gedəcək və bu gün dünyanın elm tutumlu dövlətlərinin təcrübəsi bizdə də tətbiq olunacaq”.
 Həqiqət İSABALAYEVA
http://rabitadunyasi.info.az/News/?newsID=1582&lang=az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF