“Bu günün və sabahın direktorları” sertifikatı öz sahiblərinə təqdim olundu
Təhsil Nazirliyi ilə Qafqaz Universitetinin əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təşkil olunan təlimlərdə müvəffəq olanlara sertifikatlar təqdim olunub.
Zərifə Əliyeva adına liseyin 4 saylı binasının akt zalında təşkil olunan tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə müdiri Emin Əmrullayev “Bu günün və sabahın direktorları” sertifikatına layiq görülən müəllimləri təbrik etdi: “Keçirdiyimiz təlimlərin əsas məqsədi, gələcəkdə idarəetmə sahəsində fəaliyyət göstərmək istəyən müəllimlərin bu sahədə təcrübi biliklərini artırmaq, eyni zamanda onların ixtisaslarının artırılmasında müəyyən rol oynamaqdır. Sertifikat alıb almamasından asılı olmayaraq, istənilən halda bu təlimdə iştirak etmək gələcəyin direktorları üçün müsbət bir göstəricidir. Mən hesab edirəm ki, direktor işinin mahiyyəti maddiyyat olmamalıdır. Onlar birinci növbədə öz sahəsləri üzrə mütəxəssis olmalıdırlar. Burada təşkil etdiyimiz təlimlər də buna xidmət edir. Biz növbəti təlimlərdə onu da nəzərdə tutmuşuq ki, artıq 2015- ci ilin sonlarından etibarən direktorlara keçirilən təlimlər elektron şəkildə aparılsın. Bu da təlimlərin reklamlaşdırılması deməkdir. Bu yolla bizim əldə etmək istədiyimiz nəticə ondan ibarətdir ki, bütün direktorlar bu layihədən maariflənsin və onlar da iştirak etmə imkanı əldə etsinlər”.
E.Əmrullayev direktorların yaş həddinin aşağı salınması məsələsinə də toxundu: “Əvvəlki illərdə direktorların yaş həddi daha yuxarı idi. Ancaq hesab edirəm ki, bu məsələ də göz önünə gətirilməlidir. Bu ilki hesablamalara görə orta məktəb direktorların ortalama yaş həddi 56 təşkil edir. Çox yaxşı bir nəticə olar ki, bu vəzifənin böyük faizi gənc kadrlardan təşkil olunsun”.
Azərbaycan Respublikası Təhsil Şurasının sədri professor Əjdər Ağayev də çıxış edərək Təhsil Nazirliyinə təşəkkür etdi: “Azərbaycan təhsili günü-gündən inkişaf edir. Bu inkişafın əsas səbəbkarları isə müəllimlər və onların idarəedicisi olan direktorlardır. O müəllim xoşbəxtdir ki, mahir direktorun rəhbərlik etdiyi kollektivdə fəaliyyət göstərir. Çünki kollektivin yetişməsində həmin müəssisənin rəhbərinin böyük rolu vardır. Mən layihənin təşkil etdiyi üçün Təhsil Nazirliyinə və bu işin həyata keçirilməsində böyük əməyi olan Qafqaz Universiteti müəllimlərinə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan təhsilinin inkişafı yolunda təşkil olunan bu və bunun kimi layihələr daim öz təsirini hissetdirəcək”
Qafqaz Universiteti Pedaqoji fakültəsinin dekanı Erdal Karaman da çıxış edərək bütün direktorları təbrik etdi: “Bu layihənin ən gözəl tərəfi odur ki, burada Azərbaycan Respublikası Təhsil Nazirliyi, universitetlər və orta məktəblər bir araya gəlmiş oldular. Ümid edirəm ki, bunun Azərbaycan təhsilinin daha da inkişafında böyük rolu olacaq”.
Qeyd edək ki, tədbirdə direktorların sertifikatlarının təqdim olunması ilə yanaşı həmin layihənin yenidən başlamasına da start verilib.
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=64689