“Azərbaycan müəllimi” mükafatlandırıldı


Qafqaz Universitetində “Azərbaycan müəllimi” qəzetinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Təhsil Şurası tərəfindən “Azərbaycan müəllimi” qəzeti ilin ən yaxşı mətbu orqanı seçilib və diploma layiq görülüb. Azərbaycan Təhsil Şurasının İdarə Heyətinin üzvləri, Azərbaycan müəllimi qəzetininin redaksiya heyətinin üzvləri və Qafqaz Universiteti müəllimlərinin iştirak etdiyi tədbirdə universitet - qəzet əməkdaşlığından da geniş söhbət açılıb.
“Azərbaycan müəllimi” qəzetinin əməkdaşlarının əvvəllər də universitetin qonağı olduqlarını bildirən rektor, professor Ahmet Saniç bu əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirdi: “Azərbaycan müəllimi qəzeti ilə uzun müddətdir əməkdaşlıq edirik. Bu qəzet həqiqətən də üzərinə düşən vəzifənin öhdəsindən çox yüksək səviyyədə gəlir. İllər keçdikcə yaşlanmır, əksinə daha da gəncləşir və əhatə dairəsi genişlənir”. Rektor “Azərbaycan müəllimi” qəzetinə universitetin tələbələrinin əl işi olan “Ebru “ rəsm əsərini hədiyyə etdi.
Qafqaz Universiteti Pedaqoji fakültəsinin Pedaqogika və İbtidai sinif müəllimliyi bölümünün müdiri, Azərbaycan Respublikası Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev qəzet haqqında öz fikirlərini belə bölüşdü: “Mən Azərbaycan müəllimi qəzetini və onun əməkdaşlarını təbrik edirəm. Görülən heç bir iş mükafatsız qalmır. Mən inanıram ki, bu qəzet daha çox uğurlar qazanacaq. Qəzetin Azərbaycan təhsilinin inkişafında əməyi danılmazdır. Bu yolda da sizə uğurlar arzulayıram.”
“Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynov Prezident İlham Əliyevin mətbuatın inkişafına olan dəstəyindən danışıb. O, qəzetə olan diqqətə görə Təhsil Şurasının üzvlərinə və Qafqaz Universitetinin rəhbərliyinə də minnətdarlığını bildirib: “Qafqaz Universitetində təhsil sahəsində gedən inkişaf göz önündədir. İstər tələbələrə yaradılan geniş imkanlar baxımından olsun, istərsə də müəllim tələbə münasibətləri qəzetimiz tərəfindən müsbət qiymətləndirilir. Mən hesab edirəm ki, bizim əməkdaşlığımız daha da möhkəmlənməlidir.”
Tədbirdə eyni zamanda Azərbaycan Təhsil Şurasının üzvləri, professor Kazım Kazımov, akademik Hüseyn Əhmədov və Akif Orucov da çıxış edərək öz təbriklərini çatdırdılar.
Sonda isə tədbir iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bir- birini təbrik etdilər.
İlkin

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF