700 BALLIQ TƏLƏBƏLƏRİN SEÇDİYİ UNİVERSİTET

2011-08-27

Milli jurnalistikaya yeni nəfəs “Qafqaz”dan gələcək; Professor Əhməd Saniç: “Bu günə qədər heç bir məzunumuz işsiz deyil”

Ölkənin ali və orta təhsil məktəblərində təhsilin keyfiyyətinin tez-tez müzakirə mövzusu olduğu bir vaxtda, qəbul imtahanlarından ən yüksək bal toplayan 4 abituriyentin hamısı özəl ali məktəbi- Qafqaz Universitetini seçdi. 700 bal toplayan abituriyentlər Qafqaz Universitetinin seçmələrinə səbəb kimi respublikamızda fəaliyyət göstərən özəl ali məktəblər arasında ən yüksək reytinqə malik olmasını göstəriblər. Qeyd edək ki, ötən il də 700 bal toplayanların 4-ü bu təhsil ocağını seçmişdi. Həmçinin bu universitetin tələbələri arasında 600-dən çox bal toplayanların sayı onlarladır.

Gələcəyini güclü təhsilə bağlayan bu gənclərin nə səbəbdən Qafqaz Universitetini seçməsi ilə maraqlanıb, biz də həmin ünvana üz tutduq. Elə universitetinin rektoru, professor Əhməd Saniçə verdiyimiz ilk sual da bu oldu: “Nədən yüksək bal toplayan abituriyentlər dövlət ali məktəblərini deyil, “Qafqaz”ı seçirlər?”. Ə.Saniçin sözlərinə görə, səbəb məzunların universiteti bitirərkən yüksək səviyyədə bilik əldə etməsidir: “Bizim reklamımız məzunlarımız olur. Bu günə qədər heç bir məzunumuz işsiz deyil. “Qafqaz”ın məzunu bir yerə iş üçün müraciət etdiyi zaman dərhal onu işə qəbul edirlər. Həm də bura təmiz bir mühitdir. İngiltərə, Amerika, yaxud Türkiyədəki hər hansı bir universitet kimidir; tələbə proqramı bilirsə, növbəti sinfə keçər. Buna görə burada hər kəs öz biliyinə, gücünə güvənərək yola çıxar. Nəticədə bacarıqlı və savadlı mütəxəsislər yetişir, onlar işlədikləri yerdə də etimad sahibi olurlar. Mən öz tələbələrimə və müəllimlərimə çox güvənirəm. Müəllimlərin çoxu xaricdə təhsil almış və ya orada çalışmış mütəxəssislərdir. Əksəriyyəti xaricdə ixtisasartırma kurslarına qatılıblar. Buna görə savad almaq istəyən bütün tələbələr “Qafqaz”ı seçir, biz də onlardan bacardığımız qədərini qəbul edirik. Biz kiçik bir universitetik. Bu il 600 tələbə qəbul etdik, Azərbaycanda isə ali məktəbə 30 min tələbə qəbul olunub. Ancaq nəticə etibarı ilə “Qafqaz” bir nümunədir”.

 

Rektorun sözlərinə görə, ötən il universitetə qəbul üçün tələb olunan keçid balı yüksək olub və valideynlərin şikayətlərindən sonra aşağı salınıb: “Ödənişli olanların ballarını 400-350 bala qədər aşağı saldıq. Beləcə, “Qafqaz”da oxumaq istəyənlər üçün yeni bir imkan yaratdıq. Artıq aşağı ballı tələbə də bizim universitetə gələ biləcək. Normal səviyyəli tələbələrə verdiyimiz biliklə 650 ballıq tələbələrə verdiyimiz arasında fərq olmalıdır. Biz onlara əlavə kurslar təşkil edirik. Orta səviyyədə olanları da universitet güclü mütəxəssislər kimi yetişdirəcək”.

Qəbulla bağlı plan yerlərinin dolduğunu bildirən Ə.Saniç, bu il dövlət sifarişlərini azaltdıqlarını vurğuladı: “2010-cu ildə dövlət xətti ilə 85 tələbə almaq istəyirdik, 255 tələbə gəldi. Bu il qəbul yerlərimiz artdı və dövlət xəttini bir qədər azaltdıq, 200 yer etdik. Qalan 400 nəfər ödənişli qəbul olundu”. Qeyd edək ki, bu il universitetdə ödənişlər 2 min manatdan başlayıb 4500 manata qədər artır. Dövlət xətti ilə gələnlərin keçid balları olduqca yüksəkdir. Məsələn, kompyuter mühəndisliyində keçid balı 667, kimya mühəndisliyində 650, mexanika mühəndisliyində 630-dur. Dövlət xətti ilə gələn hər tələbə üçün dövlət 1500 manat ödəyir.

Yeri gəlmişkən, bu il universitetdə jurnalistika və mexanika mühəndisliyi kimi iki yeni fakültə açılıb. Ə.Saniç jurnalistika fakültəsində təhsil alacaq tələbələrin ölkə mediasına yeni nəfəs gətirəcəyinə ümidlidir: “Şikayətlər olur ki, jurnalistika fakültəsinə aşağı ballı abituriyentlər gəlir. Ancaq elə deyil. Bizim tələbələr 500-600 bal yığanlardır. Proqramlarımız İstanbul Universiteti ilə paraleldir. Fakültə üçün İstanbul Universitetindən altı tanınmış müəllim dəvət edilib. Müəllimləri əsasən Türkiyədən gətirməyə çalışırıq. Fakültənin kafedra müdiri isə Bakı Dövlət Universitetinin tanınmış müəllimi Qulu Məhərrəmli olacaq”.

Qeyd edək ki, “Qafqaz” tələbələrə ölkə xaricində təhsil almaq və təcrübə qazanmaq imkanları verir. Həmçinin ikili diplom proqramı həyata keçirir. Bundan başqa, tələbələr təhsillərinin bir qismini İngiltərə və ABŞ universitetlərində almaqla, iki diploma eyni anda sahib ola bilirlər. Universitet 35 ölkənin ali təhsil ocaqları ilə əməkdaşlıq edir, buranın məzunları isə 46 müxtəlif ölkədə işləyirlər.

Universitetlə qısa tanışlıq zamanı isə məlum oldu ki, tələbələrin təhsil aldığı şərait olduqca yaxşıdır. Dərs otaqları lazımi avadanlıqlarla, informasiya hesablama mərkəzi müasir kompyuterlərlə təchiz olunub. Kompyuter laboratoriyaları da tələbələrin ixtiyarındadır. Burada ixtisasından asılı olmayaraq bütün bölmələrin tələbələrinə kompyuter texnologiyalarından istifadə qaydaları və ən çox istifadə olunan proqramlar öyrədilir. Təhsil ocağının rəhbəri deyir ki, universitetdə son dərəcə modern laboratoriyalar var: “Türkiyədə və ya dünyanın hansı yanında müasir laboratoriya varsa biz onları təşkil etməyə çalışırıq. Modern avadanlıqlarımız var”.

Universitetdə müxtəlif şirkətlərin köməkliyi ilə laboratoriyalar açılıb. Burada modern kimya mühəndisliyi, telekommunikasiya sahəsində 2G, 3G, 4G laboratoriyası, informasiya texnologiyaları və robotlar mövzusunda innovasiya, fizika və digər laboratoriyalar var. Kitabxanada isə 6500-dən çox kitab var. Kitablar əsasən Türkiyə, Amerika və İrandan alınır.

R.RƏFİYEVA
http://www.musavat.com/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF