700 bal toplayan abituriyentlərdən Ləman Məmmədova

Yenicə başa çatan ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Bu barədə Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.
TQDK-dan bildirilib ki, 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib. 
Modern.az saytı onlardan birini – Bakıdakı “Zəkalar liseyi”nin məzunu Əli Əliyevi artıq oxuculara tanıdıb. Bu dəfə isə 700 balı toplayan digər abituriyent Ləman Məmmədovanı sizə təqdim edirik.
Bakıxanov qəsəbəsində yerləşən 169 saylı orta məktəbin məzunu Ləman Məmmədova birinci sinifdən on birinci sinifə kimi əla qiymətlərlə oxuyub. Bütün qiymətlərinin “5” olmasına baxmyaraq Ləman qızıl medala layiq görülməyib. O bunun üçün namizdəliyinin də irəli sürülmədiyini deyib.
Modern.az saytına müsahibəsində hər zaman məktəbdə yüksək nəticələr göstərdiyini deyən Ləmanın sözlərinə görə, riyaziyyat fənni üzrə olimpiadalarda iştirak edib. Abituriyent bu il Respublika Olmipiadasında Bakı şəhəri üzrə birinci yerə çıxdığını da vurğulayıb.
“Bundan əlavə, inşa müsabiqələrində iştirak edib, uğurlar əldə etmişəm, diplomlarım da var”.
Bilik sahəsində uğurlu olmasına baxmayaraq Ləman heç zaman 700 bal toplayacağına inanmmayıb. “Heç vaxt 700 bal toplayacağımı gözləmirdim. Amma hamı, valideynlərim, müəllimlərim mənim uğur qazanacağıma inanırdılar”.
Müsahibimiz deyir ki, o imtahanda bütün suallara 1 saatda cavab verib. “Sınaq imtahanlarında yaxşı bal toplayırdım, sonuncu dəfə 672 bal toplamışdım. Qəbul imtahanından öncə çox da həyəcanım yox idi. Sualları 1 saata yazdım. İkinci dəfə də yazdıqlarımı yoxladım ki, nəticəm yaxşı olsun. İmtahan bitməmişdən əvvəl çıxmaq xoşuma gəlmir deyə, imtahan vaxtının qurtarmasını gözlədim”. 
Sevincinin həddi-hüdudu olmadığını deyən həmsöhbətimiz 700 bal topladığına görə onu təbrik edənlərinm çox olduğunu bildirib: “Hədiyyə verənlər də var...”.

Ləman imtahanlara oxuduğu məktəbin müəllimləri ilə hazırlaşdığını və cəmi 10 ay repititor yanına getdiyini bildirib, belə yüksək nəticə əldə etməsinə görə onlara minnətdarlıq edib.
Artıq abituriyentlərin ixtisas seçiminin başlamasına baxamayaraq, Ləman hələ də təhsil almaq istədiyi ixtisası seçməyib. O bunu qərarsız olması ilə əlaqələndirib. “İxtisas seçimini dəqiqləşdirməmişəm, amma yəqinki Qafqaz Universitetində təhsil alacam. Ümumiyyətlə təhsil almaq üçün mənə ancaq özəl universitetlərdən Qafqaz Universiteti və ya Xəzər Universitetində oxumağı məsələhət görürlər”.
“Universiteti bitirincə kim olmaq arzusundasan” sualına Ləman “hələ bilmirəm, amma Azərbaycanım, vətənim üçün yaxşı bir şeylər etmək istəyirəm” deyib.
Xaricə təhsil almaq L.Məmmədovanın reallaşdırmaq istədiyi arzusudur. Ləman ikinci və ya üçüncü kursdan təhsilini Amerikada davam etdirmək niyyətindədir.
Hər zaman uğurla irəliləyən və son olaraq bu uğuru imtahanda göstərən L.Məmmədovanın  gələcək abituriyentlərə məsələhəti belə olub. “Uğur əldə etmək üçün aşağı siniflərdən çalışmaq lazımdır. Fənlərdə ayrı-seçkilik etmək lazım deyil, hamısına diqqət yetirib, səylə çalışmaq lazımdır. O zaman istəyinə nail olarsan”.
Aytən ƏLİYEVA

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF