Yenicə başa çatan ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib.
Modern.az saytı onlardan ikisini – Bakıdakı “Zəkalar liseyi”nin məzunu Əli Əliyevi və Bakıxanov adına 169 saylı məktəbin məzunu Ləman Məmmədovanı artıq oxuculara tanıdıb, müsahibələrini təqdim edib. Bu dəfə 700 balı toplayan abituriyentlərdən 3-cüsünü Xavər Feyzullayevanı sizə təqdim edirik.
Bakının Binəqədi rayonundakı 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva 11 illik təhsili müddətində qiymətlərinin normal olduğunu deyir. Bütün qiymətləri “5” olmasa da, o, çalışmağın nəticənin əsas olduğunu vurğulayıb.
Müxtəlif bilik yarışmalarında iştirak edən Xavər olimpiadalarda iştirak etməsinə baxmayaraq, böyük nəticələr qazanmayıb.
Amma bunlara baxmayaraq X.Feyzullayeva hər zaman imtahanda yüksək nəticə göstərib 700 bal toplayacağına əmin olub.
““Araz” kurslarında hazırlaşmışam. 10-cu sinifdə “Araz” kursunun müəllimləri ilə evdə hazırlaşmışam. 11-ci sinifdə isə rəsmən kursun özünə getmişəm. Elə kursda keçirilən imtahanlarda da bir neçə dəfə 700 bal toplamışam”-deyə X.Feyzullayeva bildirib.
Xavər TQDK-nın keçirdiyi sınaq imatahanlarında ilk vaxtlar elə də uğurlu nəticələr əldə etmədiyini deyir. Onun sözlərinə görə, ilk sınaqlarda 500, 600 balı keçə bilmirmiş.
“Bu da proqramı tam bilməməyimlə əlaqədar idi. Amma sonra nəticələr dəyişdi. Məsələn, axırıncı sınaqdan 690 bal toplamışdım”.
İmatahan başlananda həyacanlı olan müsahibimiz sualları görən kimi həyacanın keçdiyini deyir. “Çünki suallar çox asan idi, məhz ona görə də bir saatda bütün sualları cavablandırdım. Sonra təzədən səhvimi, düzümü bir daha dəqiqləşdirim. İmatahdan isə tam 3 saatdan sonra çıxdım”.
Xavər imatahdan çıxandan sonra cavabları yoxlamaq üçün birbaşa “Araz” kursuna gedib.
“Və burda müəllimlərim cavablarımı yoxladılar, nəticəmi bildik. Amma əsas rahatlığı nəticələr rəsmən elan olunandan sonra tapdım və ilk olaraq müəllimlərimə zəng etdim”.
Həmsöhbətimiz onu ilk təbrik edənlərin valideynləri və müəllimləri olduğunu qeyd edib. “Valideynlərim, müəllimlərim məndən çox sevinirdilər. Həmin gün məni çoxlu təbrik edən, hədiyyə verənlər də var idi. Amma mənim üçün ən əsası valideynlərim və müəllimlərimin sevinclərini bölüşmək idi”.
X.Feyzullayeva deyir ki, sinif yoldaşlarından onun kimi olmasa da, yüksək nəticə göstərənlər var. Abituriyentin fikrincə, yüksək nəticə göstərmək üçün hazırlaşmaq vacibdir. Ona görə yalnız orta məktəb proqramı ilə belə yüksək nailiyyət əldə etmək mümkün deyil.
“Hazırlaşmaq vacibdir. Təkcə orta məktəb proqramı ilə yüksək nəticə əldə etmək mümkün deyil. Düzdür, orta məktəbdə biliklərə yiyələnirik, amma ondan əlavə son iki il ərzində də ciddi hazırlaşmaq lazımdır”.
Xavər artıq təhsil alacağı ixtisası da seçib. Arzusu kimya mühəndisliyi olmaqdır. “İxtisaslaşımı seçmişəm. Qafqaz Universitetinin kimya mühəndisliyində oxuyacam. Universiteti bitirdikdən sonra isə ixtisasım üzrə fəaliyyətimi davam etdirəcəm”.
Uğurlarına baxmayaraq həmsöhbətim xaricdə təhsil almaq barədə hələ qərar vermədiyini deyib. “Ümumiyyətlə xaricdə təhsil almaq barədə hələ düşünməmişəm”.
Son olaraq Xavər Feyzullayeva özü kimi yüksək nəticələr əldə etmək istəyən abituriyentlərə çalışmaq və hər zaman özlərinə inamlı olmalarını məsləhət görüb.
Aytən ƏLİYEVA
http://modern.az/articles/15965/1/