700 bal toplayan abituriyentlərin sonuncusu Cahandar Camallı



Ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. 700 bal toplamaqla maksimal nəticə əldə edən bütün 4 abituriyent ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə sənəd verib və onların hamısı Bakı məktəblərinin məzunlarıdır. Onlardan 3-ü-"Zəkalar liseyi"nin məzunu Əli Əliyev, 169 saylı məktəbin məzunu Ləman Məmmədova və 299 saylı məktəbin məzunu Xavər Feyzullayevanı artıq oxucular tanıyır. Bu dəfə isə 700 balı toplayan sonuncu abituriyent Cahandar Camallını sizə təqdim edirik.
       Cahandar Camallı Xətai rayonu 263 saylı orta məktəbin məzunudur. 1-ci sinifdən 11-ci sinfə kimi eyni məktəbdə oxuyan Cahandar Modern.az-a deyib ki, 10-cu sinfədək bütün qiymətləri "5" olub.
       "Lakin 10-cu sinifdən "Araz" kursunda hazırlaşdığım üçün iki il orta məktəb dərslərinə fikir vermədim. Ona görə bəzi fənlərdən "4" də aldım".
      Cahandar Camallı bunun səbəbini orta məktəbdə onlara tam dəyər verilməməsində və bəzən haqsızlıqların olmasında görür. "Adicə ixtisas fənnimdən - riyaziyyatdan mənə "4" yazmışdılar, amma belə şeylərin üstünə çox düşmədim. Çünki bilirdim ki, attestat imtahanında onsuz da "5" alacam. Amma qeyri-ixtisas fənləri - coğrafiya, biologiyadan "4"-üm olduğuna görə, qızıl və gümüş medala namizəd göstərilmədim, heç onun arxasınca da düşmədim, istəmədim".
      Cahandar bildirir ki, müxtəlif olimpiadalar və müsabiqələrdə iştirak etmək üçün namizədliyini irəli sürsələr də, o, bundan qaçıb. Abituriyent bunu belə izah edir: "Nədənsə daha çox TQDK-nın sınaqlarına hazırlaşmaq üçün vaxt ayırırdım və belə şeylərə həvəsim yox idi".
      İki il "Araz" kurslarında hazırlaşan müsahibimiz qəbul imtahanında yüksək nəticə göstərmək üçün səylə çalışmağın vacib olduğunu deyir. O hesab edir ki, hazırlığa getmədən yüksək bal toplamaq çətindir, yalnız orta məktəb biliyi ilə bunu etmək əlçatmazdır.
      "Yüksək nüfuzlu liseylərdə həmin il məktəbi qurtaranlar imtahanda yaxşı nəticə göstərirlər. Amma orta məktəbdən birbaşa o balı toplamaq qeyri-mümkündür".
      Abituriyentin fikrincə, orta məktəblərdə təhsilin keyfiyyətli verilməsilə bağlı bəzi problemlər var, amma o bu problemlərin nədən ibarət olduğunu özünün də dəqiq bilmədiyini qeyd edib. "Orta məktəbdə müəllimlər savadlıdır, amma orta məktəblərdə bəzi problemlər var ki, onu mən də dəqiq bilmirəm niyə elədir, yəni tam deyə bilmərəm". Cahandar əldə etdiyi uğurun 80-90 faizinin "Araz" kursunun nailiyyəti olduğuna inanır. O bildirir ki, "Araz" kursunun dinləyicisi olmamışdan qabaq sınaq imtahanlarında 300-350 bal toplayırdı.
      "Ama kursa getdikdən sonra bu göstərici iki dəfə artdı və son dəfə kurs sınaqlarında 680 bal topladım. TQDK-nın ən axırıncı sınağında isə 663 bal yığmışdım". Sınaq imtahanlarında daha çox mexaniki səhvlər buraxdığını deyən həmsöhbətimiz qəbul imtahanında ilk növbədə belə səhvlər buraxmamağa çalışdığını qeyd edib.

      "İmtahanda həyəcanlı idim, amma sonradan sualların asanlığını görüb həyəcanım azaldı. Çalışdım ki, mexaniki səhvlər buraxmayım. Çünki bəzən həyəcandan çaşıb bildiyin sualı da səhv yaza bilirsən".
  
   700 bal toplamağın bir az bəxt məsələsi olduğunu deyən Cahandar imtahandan sonra 680 bal yığacağına inanırmış. "Əvvəlcə 700 bal toplayacağıma tam əmin deyildim. Çünki imtahanda sualları saat yarıma qurtarsam da, yalnız bir sualın üstündə çox dayandım. Çalışdım səhv etməyəm, ona görə də imtahandan tam vaxtında çıxdım. Və imtahandan çıxanda 680-dən yuxarı bal gözləyirdim. Lakin kursda cavabları yoxlayandan sonra tam əmin oldum ki, balım 700-dür".
      Cahandar Camallı artıq ixtisas seçimi edib, o, Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsində oxuyacağını deyir. Xaricdə oxumağı ikinci kursdan istəsə də, hansı ölkəyə getməyi tam dəqiq bilmir.
      "İkinci kursdan xaricə getmək fikrindəyəm. Ölkəni tam dəqiqləşdirməmişəm, amma Amerika, İngiltərə kimi ölkələr fikrimdədir". Qafqaz Universitetini seçməsini isə o burada digər dövlət universitetlərinə nisbətən tələbə-müəllim münasibətlərinin yaxşı olması ilə əsaslandırıb.
      İlk olaraq onu müəllimlərinin, valideynlərinin və qohumlarının təbrik etdiyini deyən Cahandar gələcək abituryentlərə də məsələhət verib.
      "İmtahanda yüksək nəticə göstərmək üçün əzimli olmaq, dərs oxumaqdan bezməmək, vaxtı boş yerə sərf etməmək lazımdır. Nəsə alınmırsa, usanmadan üstündə fikirləşmək lazımdır. İlk növbədə isə həyəcanı yığışdırmaq lazımdır. Çünki həyəcan həddindən artıq səhv olmasına gətirib çıxarır. Bildiyin sualı da səhv yaza bilərsən". 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF