“Mən həm də iki ölkə arasındakı əlaqələrə yeni körpü salacağam”
Üstəlik, onun aparıcılıq qabiliyyəti də var. Bu il Bakıda keçirilmiş Məktəblilərin VIII Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının, eləcə də Ümumrespublika Dil və Mədəniyyət Festivalının aparıcılarından biri (digər aparıcı İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Saleh Bağırov idi) də o olub. Şakiranın Azərbaycan dilində səlist danışması dəfələrlə alqışlarla qarşılanıb. Bu günlərdə “Qafqaz”da olarkən Şakira ilə həmsöhbət olduq. Onunla söhbətə elə bu tədbirlərlə bağlı sualla körpü saldıq. O dedi: “İnsanlar Yer kürəsinin sinəsinə çətin sağalan yaralar vurub. Bu ciddi problemin həllində yetişməkdə olan nəslin üzərinə böyük vəzifələr düşür. Onlar yaşlı nəsillərin təbiətə vurduğu yaraları sağaltmalı, bitki və heyvanat aləminin hərtərəfli inkişafı üçün səy göstərməlidirlər. Elə Məktəblilərin Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası da bu amala xidmət edir. Bu mənada deyərdim ki, bu tədbirin analoqu yoxdur. O ki qaldı Ümumrespublika Dil və Mədəniyyət Festivalına bu festival türk dilinin dünya miqyasında geniş yayılmasında mühüm rol oynayır”. Daha sonra o, digər suallarımızı cavablandırdı.
- Şakira adını sənə kim verib? Olmaya, bu, valideynlərinizin, yaxud qohum-əqrəbanızın kolumbiyalı müğənni Şakiraya olan məhəbbətindən irəli gəlib?
- Bu adı mənə atam verib. Şakira ərəbcədən dilimizə tərcümədə “şükür” anlamını verir. Onu da deyim ki, bu ad məmləkətimizdə o qədər geniş yayılmayıb. Bir sözlə, mənə bu adın verilməsinin dediyiniz Şakira ilə heç bir əlaqəsi yoxdur.
- Şakira, Azərbaycan dilində sərbəst danışır, üstəlik, bir neçə Azərbaycan mahnısını da ifa edirsən. Bəlkə, Azərbaycan sevgisinin tarixindən bəhs edəsən?
- Mən buna görə hər şeydən öncə, müəllimlərimə minnətdaram. Çünki məhz onlar mənə bu dili sevdiriblər, bu dilin incəliklərini başa salıblar. O ki qaldı mahnılara... İlk öyrəndiyim mahnı “Kimlərə qaldı dünya” olub ki, onu mənə Jalə adlı (hazırda o, Rusiyada çalışır) Azərbaycan dili müəllimim öyrədib. Yeri gəlmişkən, əgər belə demək mümkünsə, hazırda repertuarımda “Kimlərə qaldı dünya”, “Sarı gəlin”, “Qonaq gəl bizə”, “Ürəyimdəsən” mahnıları var. Mən onları həmişə sevə-sevə ifa edirəm. Hər dəfə alqışlara qərq olanda özümü dünyanın xoşbəxti sayıram. Amma nə gizlədim, geniş auditoriya qarşısında həmin mahnıları ifa edəndə çox həyəcanlanıram. Bilmirəm, bunu siz hiss etmisiniz, ya yox. Bilirsinizmi niyə? Həmin anlarda hamı məni elə diqqətlə dinləyir ki... Hiss edirəm ki, qarabənizli, mozambikli qızın Azərbaycan dilində sərbəst danışmağı, üstəlik, mahnı ifa etməsi onlara bir qədər qəribə gəlir.
- Bu mahnılardan hansı sənə şirin gəlir?
- “Kimlərə qaldı dünya”. O mənə adi mahnı kimi gəlmir. Çünki bu mahnının sözlərində fəlsəfə var, odur ki, adamı düşünməyə vadar edir.
- Həmin mahnının sözlərinin kimə məxsus olduğunu bilirsən?
- Hə, Aşıq Alınındır. Eşitdiyimə görə, o, Azərbaycanın məşhur saz, söz ustadlarından olub.
- Repertuarına hansı yeni mahnı daxil etmək niyyətindəsən?
- Sözün düzü, hazırda bütün qüvvəmi təhsilə yönəltmişəm. Buna rəğmən, ürəyimi titrədəcək hansısa mahnının məni ovsunlayacağı şübhəsizdir. Təbii ki, o zaman mən özümü ram edə bilməyəcəyəm.
- Nə vaxtsa həmin mahnılardan birinə klip çəkdirmək niyyətin var?
- Ola bilər, niyə də olmasın? Hər halda, bu, gələcəyin işidir.
- Şakira, həmin mahnıları öyrənmək üçün çox vaxt sərf etmisən?
- Burada olduğum 6 ay ərzində onları öyrənmişəm. Onu da deyim ki, Azərbaycan dilini öyrənməyimdə bu mahnıların mühüm rolu olub. Məlumunuz olsun ki, hazırda mən Qafqaz Universitetinin hazırlıq kursunu başa vurmuşam. Bu ildən bu təhsil ocağında biznesin idarə edilməsinin sirlərinə yiyələnməyə başlayacağam.
- Bizim dili öyrənərkən hansı çətinliklərlə qarşılaşdın?
- Mənə elə gəlir ki, Azərbaycan dilinin qrammatikası o qədər də çətin deyil. Amma bəzi hərflərin (ə, ö, ü, ı) tələffüzündə çətinliklərlə qarşılaşdım. Kinolara baxmaqla, mahnılar ifa etməklə, kitablar oxumaqla bu problemi də yoluna qoydum.
- Bu dildən başqa hansı xarici dilləri bilirsən?
- Bilmirəm, bilirsiniz, ya yox, bizdə dövlət dili portuqal dilidir. Təbii ki, öz doğma dilimdən savayı, bu dili bilirəm, üstəlik, ingilis, bir az da ispanca danışmağı bacarıram.
- Şakira xanım, Dil və Mədəniyyət Festivalında Nəsimi adına Dilçilik İnstitutunun rəhbəri, dilçi-alim Tofiq Hacıyev Azərbaycan dilində səlist danışığınızı, mahnı ifa etməyinizi yüksək dəyərləndirdi və sizi bağrına basaraq rəhbərlik etdiyi elm ocağına elmi işçi kimi dəvət etdi. İndi bu məsələ nə yerdədir?
- Sözün düzü, türk dünyasında kifayət qədər tanınmış belə bir alimin məni yüksək dəyərləndirməsindən qürur duydum. Təəssüf ki, onun təklifini hələ də dəyərləndirməmişəm.
- Ali məktəbi başa vurandan sonra bu məmləkətdə fəaliyyət göstərmək ürəyindən keçir?
- Ali təhsildən sonra bu məmləkətdə bir neçə il qalmaq niyyətindəyəm. Amma hələ ki tam qərar verməmişəm. Bu barədə yaxınlarımla məsləhətləşmələrə ehtiyacım var.
“O ailə məni elə qarşıladı ki...”
- Şakira, bəlkə, özün barədə bir qədər ətraflı məlumat verəsən?
- Mən Mozambikin Niassa şəhərində doğulsam da, paytaxtda - Maputoda yaşayıram.
- Bakı ilə Maputo arasında bir oxşarlıq varmı?
- Bəri başdan deyim ki, Bakı çox gözəl şəhərdir. Bu şəhər həm də gözəl tarixi abidələri ilə diqqətimi çəkdi. Amma Maputo Bakı ilə müqayisədə daha çox qələbəlikdir. Bizim paytaxtda turistlər də çox olur. Məndən soruşanda ki, onlardan daha hansı gözəldir, o zaman düşünmədən deyirəm ki, hərənin öz paytaxtı daha xoşdur.
- Ölkəmizin bölgələrində olmusan?
- Yenə təkrar edirəm, indi bütün diqqətimi təhsilə yönəltmişəm. Hələlik, Sumqayıt şəhərində və Quba rayonunda olmuşam. Qubanın Qəçrəş kəndində bir ailənin müsafiri də oldum. O ailə məni elə qarşıladı ki... Yadıma düşmüşkən, bir neçə il öncə mən Türkiyədə bir türk ailəsində olmuşdum. Mənə elə gəlirdi ki, türk ailəsi qədər mehriban ailə ola bilməz. Lakin Qəçrəşdə bu qənaətə gəldim ki, sən demə, Azərbaycanda da belə imiş. Yeri gəlmişkən, Azərbaycanın digər bölgələrini də ziyarət etmək ürəyimdən keçir.
- Səhv etmirəmsə, sən “Qafqaz”ın ilk mozambikli tələbəsisən. Elə isə “Qafqaz”ın sehrinə necə düşmüsən?
- Mən Mozambikdəki türk iş adamları və təhsil könüllüləri tərəfindən açılmış Beynəlxalq Söyüd Kollecində təhsil almışam. Orada bizim müəllimlərdən biri - türk dili müəllimi Handan Güvən (o, “Qafqaz”ın məzunudur) bizə həm Türkiyədən, həm də Azərbaycandan (onun söhbətlərinə qədər Azərbaycanı neft ölkəsi kimi tanıyırdım) söz açardı. Elə “Qafqaz” barədə də ilk məlumatı ondan almışam. Az sonra qısa zaman kəsiyində beynəlxalq aləmdə tanınmış bu təhsil ocağının sehrinə düşdüm və son anda burada təhsilimi davam etdirmək qərarına gəldim. Onu da deyim ki, Türkiyədə keçirilən türk dili olimpiadalarına qatılarkən azərbaycanlılarla tanışlığım da bu seçimimdə müəyyən rol oynayıb.
- Yeri gəlmişkən, sənin ana dilində də “söyüd” ifadəsi var?
- Var, sulaq yerlərdə bitən, ensiz yarpaqları, elastiki budaqları olan ağac və kol anlamındadır. Mən burada olduğum müddətdə Azərbaycan dilindəki bəzi sözlərin bizim dilimizdə də işləndiyinin fərqinə vardım. Gələcəkdə bu kimi oxşar sözləri araşdırmaq fikrindəyəm.
- Bu məmləkət xoşuna gəlirmi?
- Bəri başdan deyim ki, gündən-günə inkişaf edən belə bir məmləkətdə təhsil almağımdan qürur duyuram. Sözün doğrusu, Azərbaycan təsəvvür etdiyimdən də gözəl, həm də demokratik bir məmləkət imiş. Məsələn, bu ölkədəki dini tolerantlıq, sözün həqiqi mənasında, məni valeh edib. Amma bu məmləkətin təbii havasına uyğunlaşmaqda bir qədər çətinlik çəkdim. Sizin məmləkətdə dörd fəsil, bizdə isə iki fəsil (qış və yay) olur axı. Amma bizdə heç qış da soyuq keçmir. Artıq Bakı küləyinə də alışmışam. Bu mənada bu kimi çətinliklərim daha arxada qalıb. Bir sözlə, indi özümü məmləkətimizdəki kimi hiss edirəm. Bu məmləkətə elə vurulmuşam ki... Amma etiraf edim ki, bura gəlməmişdən əvvəl çox həyəcan keçirirdim. Hətta güman edirdim ki, rəngimə görə qınaqlara da tuş gələcəyəm. Bura gələndən sonra isə... Mən bu məmləkətin sevilən qızlarından biri oldum. Hə, yadıma düşmüşkən, burada ilk dəfə avtobusa minəndə camaat mənə elə qəribə baxırdı ki... Sözün düzü, onda yaman sıxılırdım. Amma bizdə ağdərili insanlara heç də elə baxmırlar. Nə isə... Bir sözlə, Azərbaycan məni gözlədiyimdən də yaxşı qarşıladı. Azərbaycan barədə isə o qədər yeni məlumatlar əldə etmişəm ki... Məsələn, öyrənmişəm ki, tarixən bu ölkənin başı bəlalar çəkib. Öyrənmişəm ki, bu ölkənin Hüseyn Cavid kimi, Şıxəli Qurbanov kimi fədailəri olub. Öyrənmişəm ki, bu ölkədə Novruz bayramı hər il mart ayında geniş miqyasda qeyd olunur. Yeri gəlmişkən, qeyd edim ki, bizdə mart ayında “Fasin” adlı bir bayram keçirilir. Bu tədbirdə hər bir bölgə öz istehsal etdikləri məhsullarla təmsil olunur.
“Anam üçün yarpaq dolması bişirəcəyəm”
- Biznesin idarə edilməsi fakültəsini seçmisən. Gələcək planların nədən ibarətdir?
- Mənim atam Avropada təhsil almış bir şəxs idi. Ölkəmizdə həm göz həkimi, həm sosioloq kimi fəaliyyət göstərirdi. O eyni zamanda bizneslə də məşğul olurdu. O, 5 il öncə dünyasını dəyişdi. Bundan sonra onun firması qapadıldı. Məqsədim vətənə dönəndən sonra atamın biznes sahəsində yarımçıq qalmış işlərini davam etdirməkdir. Güman edirəm ki, “Qafqaz”da alacağım təhsili mənə hər maneəni aşmaqda yardımçı olacaq. Amma onu da deyim ki, harada fəaliyyət göstərməyimdən asılı olmayaraq, “Qafqaz” sevgisi həmişə mənimlə olacaq. İmkanım olan kimi də bu ölkəni, bu təhsil ocağını ziyarət edəcəyəm. Bir də, mənim məqsədim yalnız oxumaq deyil ki... Mən həm də iki ölkə arasındakı əlaqələrə yeni bir körpü salacağam.
- 6-7 aydır ki, buradasan, darıxmırsan ki?
- Darıxanda anama zəng edib, onunla danışıram. Bununla da bu “problemi” həll edirəm.
- Tələbəlik həyatın necə keçir?
- Şikayətlənməyə haqqım yoxdur. “Qafqaz”ın yataqxanasında məskunlaşmışam. Bu yataqxanada tələbələr üçün gözəl şərait var. Universitetin yataqxanası sanki otelə bənzəyir desəm, səhv etmərəm. Yataqxanamızda müxtəlif ölkələrdən gəlmiş tələbələr mehriban bir ailə kimi yaşayırlar. Sözün düzü, bu ali təhsil ocağını seçməyimdə onun belə imkanları da nəzərə alınıb.
- Mozambikdə anan üçün hansı Azərbaycan xörəyi hazırlamağı düşünürsən?
- Artıq bu ölkənin milli mətbəxi barədə kifayət qədər məlumatım var. Bu yay bu sahədəki biliyimi daha da zənginləşdirəcəyəm. O ki qaldı konkret sualınıza anam üçün yarpaq dolması bişirəcəyəm.
- Şakira xanım, hazırda dünyanın müxtəlif ölkələrindən iş dalınca Azərbaycana gəlmiş əcnəbilər də çalışırlar. Onların arasında Mozambikdən gələnlər də varmı?
- Burada mən hələ ki heç bir mozambikli ilə rastlaşmamışam. Rastlaşsam, çox mutlu olaram.
Qvami Məhəbbətoğlu
|