Mən Azərbaycandan ayrılmıram, Azərbaycanı özümlə aparıram.
Geçtiğimiz günlerde Qafqaz Üniversitetini ziyaret eden Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlunun APA-ya müsahibəsi
- Səfir vəzifəsindən azad olunaraq, Türkiyədə başqa bir vəzifəyə təyin edilməyinizi necə qarşıladınız?-
- Səfir vəzifəsindən azad olunaraq, Türkiyədə başqa bir vəzifəyə təyin edilməyinizi necə qarşıladınız?-
Doğrusu, bu, mənim üçün bir az sürpriz oldu. Abdulla Gül Türkiyənin prezidenti seçiləndə mətbuatda onun əski arkadaşlarını bəyəndiyi, həmin şəxslərlə çalışacağı barədə xəbərlər yayıldı. Həqiqətən də Türkiyənin İrandakı səfiri geri çağırıldı, daha bir nəfər Prezident Aparatında ictimaiyyətlə əlaqələr mərkəzinə rəhbər təyin edildi. Həmin şəxslərin arasında mənim adım da çəkilirdi. Ancaq mən Azərbaycana yeni gəlmişdim, cəmi 6 ay idi iki, burdaydım. Mən geri çağırılmağımın yaxşı olmayacağını, Azərbaycana yeni gəldiyimi, burada bəzi işlərə başladığımı dedim. Bildirdim ki, qayıtmağı arzu etmirəm. Ancaq prezident belə uyğun görüb, əmr buyurub. Biz hərbçi kimiyik, harada məsləhətdirsə, orada da işləyəcəyik. Bizim işimiz budur. Mən Azərbaycana səfir gələndə Abdulla Gül xarici işlər naziri idi. Abdulla Gül Azərbaycanın onun üçün çox önəmli olduğunu, mənə güvəndiyi üçün buraya göndərdiyini söylədi. Azərbaycan mənim üçün də çox özəldir. Azərbaycan mənim üçün mənəvi cəhətdən doğmadır. Bu təyinata çox sevinmişdim, dünyanın hansı ölkəsinə göndərilsəm, belə xoşbəxt olmazdım. Amma çox tez oldu, cəmi 11 ay keçdi. Getməyim tam ürəyimcə deyil. Uşaqlarım artıq azəri ləhcəsi ilə danışmağa başlamışdılar. Kiçik oğlum rəsm dərsi alır. Şəkil çəkəndə öz-özünə Azərbaycan mahnıları oxuyur. Deməli, buranı sevir. Yeni işlərə başlamışdıq, amma prezident çağırdı. Təbii ki, yeni vəzifəm də ali bir vəzifədir. Türkiyədə Cumhurbaşqanının özəl kalem müdiri – yəni Prezident katibliyinin rəhbəri vəzifəsində çalışacağam.
- Səfir olduğunuz 11 ayda planlaşdırdığınız bütün layihələri həyata keçirə bildiniz?
- İqtisadi sahədə xeyli iş görə bildik. Abdulla Gülün prezident seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etməsini çox istəyirdik və istəyimiz reallaşdı. Təbii ki, bu səfər prezidentin iradəsi ilə oldu, amma bunda mənim də payım var. Hələ Ankarada olanda Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşması üçün çox çalışmışdım. Yolun təməli də atıldı. Lakin mənim iqtisadi əlaqələrin inkişaf etdirilməsində nəzərdə tutduğum bütün layihələr həyata keçməyib. Məsələn, mən sərbəst ticarətlə bağlı müqavilənin imzalanmasını çox istəyirdim. Bu sənəd hər iki ölkə üçün çox faydalı olar. Daha bir layihəm təhsil sahəsində idi. Bakıdakı Anadolu liseyinin yeri çox dardır. İstəyirdim ki, pis vəziyyətdə olan bir yeri təmir etdirək. Belə bir uşaq bağçası tapdıq, şəraiti çox pis idi. Bağçanı bərpa edərək, həm şəraiti yaxşılaşdırmaq, həm də Anadolu liseyinin ibtidai sinfini oraya köçürmək istəyirdik. Bu layihəni başlasaq da, başa çatdıra bilmədik. Mən həmçinin Türkiyə ilə Azərbaycan arasında qardaş şəhərlər məsələsini reallaşdırmaq istəyirdim. Səfir olduğum müddətdə Bakıda Türk Qurultayı, Türk-Azərbaycan Diaspor Forumu oldu, nazirlərin səfərləri təşkil edildi. Dekabrın sonunda isə Türkiyənin kənd təsərrüfatı naziri Azərbaycana gələcək. Onu demək istəyirəm ki, 11 ayda nə qədər iş görmək mümkündürsə, gördük. Ancaq görüləsi hələ çox iş var. Gələn il Qafqaz İslam Ordusunun Azərbaycanı erməni terrorçularından azad edilməsinin 90 iliyi tamam olur. Bu məsələ xatırlanmalıdır, gələcək nəsillərimizin Türkiyə-Azərbaycan qardaşlığının tarixə dayandığını bilməsi şərtdir. Azərbaycanda II Dünya Müharibəsi ilə bağlı heykəllər, abidələr ucaldılıb. Halbuki bu, Azərbaycanın savaşı olmayıb. Düzdür, faşizmə qarşı müharibədə Azərbaycan xeyli insanını, maddi sərvətini itirib. Təəssüf ki, 1200-dən çox şəhid verən Qafqaz İslam Ordusuna abidə qoyulmayıb. Bu məni üzür. Buradan da Türkiyənin Qurtuluş Savaşına gedənlər olub, bütün bunlar yaşadılmalıdır.
- Türkiyə-Azərbaycan əlaqələrinin indiki durumu Sizi qane edirmi? Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün nələrə diqqət yetirilməlidir?
- Türkiyə-Azərbaycan əlaqələri hər sahədə, xüsusilə siyasi-iqtisadi sahədə inkişaf edir. Türkiyənin Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün edə biləcəyi çox şey var. Biz istəyirik ki, Azərbaycan da Türkiyədə böyük yatırımlar həyata keçirsin. Bunun artıq təməlləri atılıb, məsələn, Bakı-Tiflis-Ceyhan Əsas İxrac Neft Kəmərinin istifadəyə verilməsi, “Petkim”in alınması və s. buna sübutdur. Böyük şirkətlərlə birlikdə orta və kiçik şirkətlərin də inkişafına çalışmaq lazımdır.
- Sizcə, iki ölkənin xalqları arasında münasibətlər istənilən səviyyədədirmi? Məsələn, İstanbulun bazarlarında bəzi dükanların qarşısında “işçi tələb olunur, amma azəri və naxçıvanlı olmasın” elanları asılıb. Bu yaxınlarda türk sənətçisi Bülənd Ərsoy azərbaycanlılar üçün “mənşəyi bəlli olmayan millət” ifadəsini işlədib...
- Bülənd Ərsoyun özünün mənşəyi məlumdurmu? Belə şeyləri deyənlərin əvvəlcə şəxsiyyətinə baxın. Elanlara gəlincə, bunu edən çevrələr bəllidir. Onu yazanlar türk deyil. Türkiyədə 72 millət var. Orada erməni, yunan, yəhudi və s. millətlərin nümayəndələri yaşayır ki, onlar da türk vətəndaşlarıdır. Belə elan verənlərin kim olduğunu bilirikmi? Bunu sırf münasibətlərin pozulması üçün də edə bilərlər. Hesab edirəm ki, hadisələrin üstündə durmaq lazım deyil. Dünyanın hər yerində bu cür halların olması mümkündür. Türkiyənin içində də bəziləri digər bölgənin insanlarını alçaltmağa çalışırlar. Türkiyədə Azərbaycana qarşı böyük sevgi və rəğbət var. Hamı “Min bir gecə” serialındakı azərbaycanlı xidmətçinin hekayələrini dinləyir. Amma Azərbaycan Türkiyədə tanınmır. Azərbaycanı tanıtmaq üçün turizm səfərləri təşkil etmək, gəliş-gedişləri artırmaq lazımdır. İndiyədək Türkiyədə Azərbaycan ili keçirilməyib. Ölkələrin bir-birinin yalnız paytaxt deyil, həmçinin, əyalətlər səviyyəsində tanıması da vacibdir. Türkiyənin beynəlxalq səviyyədə hər hansı uğuru Azərbaycanda necə sevinclə qarşılanırsa, Azərbaycanın da belə bir nailiyyəti Türkiyəni sevindirir. Siz Dağlıq Qarabağda savaşa başlayın, görün, Türkiyə necə coşur. Və ya Azərbaycanın “Karvan”, “Turan”, “Qarabağ”, “Xəzər-Lənkəran” futbol klubları beynəlxalq səviyyədə bir yarışda qalib gəlsə, bütün Türkiyə coşacaq.
- Son zamanlar Türkiyədən deportasiya edilən azərbaycanlıların sayının artması nə ilə bağlıdır?
- Məndə bu barədə məlumat yoxdur, ancaq elə şeylər olur. Əxlaqsızlıqla məşğul olan təkcə azərbaycanlı yox, Ukraynadan, Moldovadan, Gürcüstandan, Rusiyadan olan qadınlar da deportasiya edilir. Bu, dünyanın reallığıdır. Məsələn, Almaniya Polşa və digər ölkələrlə vizanı ləğv etdi, deportasiyaların sayı da artdı.
- Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə Azərbaycana hansı köməkliyi göstərəcək?
- Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədri deyil. Bunu nə həmsədr olan ölkələr, nə də Ermənistan istəyir. Bizim Ermənistanla sərhədlərimiz bağlıdır ki, bunun da ermənilərə çox ciddi təsiri var. Sərhədlər təkcə ermənilərin Azərbaycan torpaqlarını işğal etməsinə görə deyil, Ermənistanın Türkiyəyə də bəzi iddiaları olduğu üçün bağlı saxlanır. Türkiyə bunun qarşılığında siyasi və iqtisadi itkilərə məruz qalır, Türkiyəyə təzyiqlər göstərilir. Amma sərhədlərin bağlı qalması Azərbaycana faydalı olduğundan, Türkiyə sərhədləri açmır. Bu bilinməlidir. Ancaq digər qonşu dövlətlər Ermənistana silah, təbii qaz verir, bu ölkəyə iqtisadi yardımlar göstərir.
- PKK ilə mübarizə sahəsində hansı addımlar atılacaq?- Bununla bağlı hökumət Türkiyə Böyük Millət Məclisindən aldığı səlahiyyəti hərbçilərə verdi. Güvənlik gücləri nə lazımdırsa, edəcək. İstər bombalasın, istə əməliyyat keçirsin...
- Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfirlə bağlı nəyə deyə bilərsiniz? - Yeni səfiri şəxsən tanıyıram, çox yaxşı, mədəni insandır. Onun işinin öhdəsindən layiqincə gələcəyinə inanıram. Xalqın içindən çıxmış adamdır. Getməyim üçün çox üzülürəm, ancaq tək təsəllim buraya gələn səfirin belə insan olmasıdır.
- Azərbaycanda aldığınız köhnə “QAZ-21” markalı maşını özünüzlə aparacaqsınızmı?
- Təəssüf ki, apara bilməyəcəyəm. Planımda köhnə bir sarı avtobus və üç təkərli motosiklet almaq da vardı. Belə maşınlara minməyi çox sevirəm.
- Azərbaycandan hansı hisslərlə ayrılırsınız?
- Mən Azərbaycandan ayrılmıram, Azərbaycanı özümlə aparıram.
/APA/