BOLONIYA PROSESI KONTEKSTINDƏ AZƏRBAYCAN TƏHSILI


Qafqaz Universitetində elmi-praktik konfrans keçirilib
Bu günlərdə Qafqaz Universiteti, Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Qafzaq Universitetində "Boloniya prosesi kontekstində Azərbaycan təhsili" mövzusunda elmi-praktik konfrans təşkil olunub. Konfransda çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, 1999-cu ildən etibarən Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Ruminiya, Slovakiya, İspaniya, İsveç və Sloveniyanın ali təhsil müəssisələrində Boloniya prosesinə keçilib. Onun sözlərinə görə, 2001-ci ildən Xorvatiya, Cənubi Kipr, Lixtenşteyn, Türkiyə, 2003-cü ildən Albaniya, Andora, Bosniya və Hersoqovina, Vatikan, Rusiya, Serbiya, Makedoniya, 2005-ci ildən başlayaraq Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın universitetlərində Boloniya sistemi tətbiq edilməyə başlanıb. Azərbaycanda ilk olaraq sözügedən prosesin tətbiq edildiyi ali təhsil müəssisəsi isə Qafqaz Universitetidir. A.Sanic vurğulayıb ki, tələbə mobilliyini asanlaşdırmaq və tələbələrin xaricdə aldıqları təhsilin öz ölkələrində tanınmasına nail olmaq üçün Avropa Birliyi tərəfindən Avropa Kredit Transfer Sistemi yaradılıb. Bu sistem bir akademik tanınma sistemidir, əsas məqsədi müxtəlif ölkələrin təhsil müəssisələrində oxuyan mübadilə proqramı tələbələrinin aldıqları təhsilin nəticələrinin tam və ədalətli şəkildə müvafiq orqanlar tərəfindən qarşılıqlı olaraq tanınmasını təmin etməkdir: "Sözügedən sistem başlanğıcda iki müxtəlif ölkələrin ali təhsil müəssisələri arasında həyata keçirilən keçişlər üçün yaradılıb. Ancaq eyni ali təhsil müəssisəsi daxilində və ya eyni ölkədəki müxtəlif universitetlər arasında da istifadə oluna bilər". Təhsil nazirinin müavini Elmar Qasımov qeyd edib ki, Avropa Kredit Transfer Sistemini başqa tələbə mobilliyi proqramlarından fərqləndirən ən vacib xüsusiyyəti xaricdə təhsil almağa gedən tələbələrin həmin universitetin tələbələri ilə birlikdə dərslərdə iştirak etmələrini həyata keçirilməsidir. Beləcə tələbələrin həmin universitetin akademik həyatında fəal şəkildə iştirak etməsi mümkün olur. E.Qasımovun dediyinə görə, bu sistem çərçivəsində xaricdə təhsil alan tələbələr sadəcə müəyyən bir müddət üçün deyil, arzu edərlərsə proqramlarını bitirənə qədər dedikləri ali təhsil ocağında qala bilərlər. Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli isə bildirib ki, sözügedən sistem tələbələrin xarici ölkədə iş tapmaq, ya da yüksək səviyyədəki iş imkanlarına daha asan nail olmalarına şərait yaradır.
S.QARAYEVA

http://www.525.az/new/2007/12/27/read=23538

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF