“Qafqaz”ın cazibəsi "
Sentyabrın 15-də Qafqaz Universitetində yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirin iştirakçısı oldum. Həmişəkindən fərqli olaraq, bu dəfə tədbirə qəzetçi kimi yox, valideyn kimi qatılmışdım. Universitetin əzəmətli binası önündə çıxış edənlərin sadaladıqları uğurlar məni ötən illərə qaytardı. Hələ 1992-ci ildə Türkiyədən aldığımız tapşırıq əsasında Azərbaycanda univerisitet açmağın şərtlərini araşdırmaq üçün informasiya şöbəsinin o vaxtkı müdiri Nədim Yalçınla işə başlamağımız yadıma düşdü. Sonralar öyrəndim ki, redaksiyamıza müraciət edən Qafqaz Universitetinin qurucuları olublar. Mənə Qafqaz Universitetinə ilk qəbul imtahanlarında nəzarətçi olmaq da qismət olub. O vaxt test üsulu ilk dəfə tətbiq edilirdi və bu universitet qə ilk qəbulunu özü müstəqil keçirmişdi. Bizə - sovet ideologiyası içərisində böyümüş uşaqlara nəzarətçi funksiyasını yerinə yetirmək haqqında verilən təlimatları indi də xatırlayıram. Çox ciddi şəkildə tapşırdılar ki, uşaqlara köçürmək, kənardan kömək almaq imkanları yaratmaq haqqında düşünmək belə olmaz. “Elmdə güzəşt olmaz” dedilər. Yaxşı yadımdadır, o vaxt nəzarət etdiyim auditoriyada tanıdığım bir abituriyent var idi. Gözü üzümdə qalmışdı, hiss edirdim ki, məndən kömək umur. Amma bu mümkün deyildi. Və həmin abituriyent qəbul olmadı. Amma sonrakı ildə uğur qazanıb “Qafqaz”ın tələbəsi oldu. Hazırda da “Qafqaz”da işləyir. Həmin tədbirdə gəlib mənimlə çox səmimi görüşdü. O vaxt “pislik” etdiyim abituriyent indi həmin “pisliyə” görə mənə təşəkkür etdi və dedi ki, həqiqətən, burada güzəştin olmaması axırda mənim özümü buraya gətirdi. Bunları niyə xatırlayıram? Əvvəla ona görə ki, bu universiteti ilk günlərdən tanımışam və onun haqqında, elə bilirəm ki, söz deməyə mənim də haqqım var. İkincisi, güzəşt sözünün nə qədər təzadlı məna çalarına malik olduğunu mən Qafqaz Universitetində gördüm, keçirilən son tədbirdə daha dərindən anladım. İndi mən sizə qətiyyətlə deyirəm ki, Qafqaz Universitetində güzəşt yoxdur. Və yenə də qətiyyətlə deyirəm ki, ən böyük güzəştlər “Qafqaz”dadır. Ziddiyyətli fikirdir, deyilmi? Amma, zənnimcə, həm də məntiqlidir. “Güzəşt yoxdur” fikrini yuxarıda anlatmağa çalışdım. Bəlkə bir qədər inandırıcı deyil, amma universitetin tələbələri, yəqin ki, bu güzəştsizliyi təsdiq edərlər. İndi də gələk ən böyük güzəştlərin Qafqaz Universitetində olması fikrinə. TQDK-nın nəşr etdiyi “Abituriyent” jurnalında ölkədə fəaliyyət göstərən bütün universitetlərdə təhsil haqqının miqdarı haqqında məlumatlar dərc olunub. Özəl universitetlərin hamısında təhsilin müəyyən qiyməti var. Yəni hansı özəl ali müəktəbə qəbul olmağından asılı olmayaraq, mütləq məyyən miqdarda təhsil haqqı ödəməlisən. Amma Qafqaz Universiteti daxili qayda tətbiq eləyib. Qəbul imtahanında 551-dən artıq bal toplayanlar üçün təhsil ödənişsizdir. Hələ bu harasıdır? 600-dən artıq bal toplayan tələbələrə təqaüd də verilir. O günkü tədbirdə bu il Qafqaz Universitetinə 686 bal toplayaraq III qrup üzrə birinci nəticə göstərmiş Gülnar Zülfüqarovaya “Noutbuk” (portativ bilgisayar) hədiyyə edildi. 676 bal toplamış Səmayə Orucova Qafqaz Universitetini seçdiyinə görə bilgisayar qazandı. O gün hədiyyə alanların hamısı haqqında məlumat versəm, bu köşədə yer qalmaz. Təkcə onu deyim ki, bu il Qafqaz Universitetinə daxil olmuş 280 nəfərdən 50-si 551-dən artıq bal topladığı üçün pulsuz təhsil alacaq. Nəzəri cəhətdən həmin tələbələrin sayı elə 280 nəfər də ola bilərdi. Bu halda Qafqaz Universiteti bütünlüklə ödənişsiz ola bilərdi. Bax budur güzəşt!!! Bu qayda heç dövlət universitetlərində də yoxdur. Elmdə güzəşt yoxdur, maddi güzəştləri boldur. Deməli, tələbənin bir işi var - yaxşı oxumaq. Yaxşı oxu, yaxşı mütəxəssis ol. Ölkə də qazansın, sən də. Budur “Qafqaz”ın cazibəsi.
www.zaman.az
www.zaman.az