Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov Qafqaz Universitetində
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov Qafqaz Universitetində
görüş keçirib. Görüşdə gələcəkdə Qafqaz Universitetində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətləri üzrə kadrların hazırlanması imkanları nəzərdən keçirilib. Bu barədə məlumatı AZADİNFORM-a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən veriblər. “Çağ-Öyrətim” şirkətinin prezidenti Ənvər Özerenin təşəbbüsü ilə keçirilən görüşdə universitetin rektoru Əhməd Sanıc fakültələr, ixtisaslar, tələbə və müəllim korpusu haqqında məlumat verib. “Qafqaz Universiteti Azərbaycanda fəaliyyət göstərən ən böyük özəl təhsil müəssisələrindən biridir. Universitetdə 2200 tələbə təhsil alır. Burada Malayziyadan, Türkiyədən, Orta Asiya respublikalarından gəlmiş 400-dən çox tələbə müxtəlif ixtisaslara yiyələnir. Universitetdə hüquq, kompyuter və sənaye mühəndisliyi, dövlət və bələdiyyə idarəetməsi, pedaqoji və s. bu kimi gərəkli ixtisaslar öyrədilir. Bu təhsil ocağı 40 mindən çox kitabın toplandığı zəngin kitabxanaya malikdir”,-deyə Ə.Sanıc əlavə edib. Görüşdə Qafqaz Universitetində xəritəçəkmə, geodeziya, kadastr məsələləri ilə bağlı yeni ixtisasların, fakültələrin yaradılması perspektivi araşdırılıb.