Ziyad Səmədzadə: “Təhsil real iqtisadi həyatla əlaqələndirilməlidir”
Ahmet
Saniç: “Qafqaz Universiteti illərdir Prezident İlham Əliyevin neft
kapitalını insan kapitalına çevirməliyik yönündə ideyalarını həyata
keçirməkdədir”.
|
|
Dünən
Qafqaz Universitetinin Texnoparkında “KoçSistem Azərbaycan” MMC-nin
Tədqiqat Mərkəzi açıldı. Bu münasibətlə keçirilən tədbirdə bildirildi
ki, əsas məqsəd “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkəmizin rəqəmsallaşması
prosesinə dəstək verməkdir.
Qafqaz
Universitetinin rektoru, prof. dok. Ahmet Saniç çıxışında bu mərkəzin
əhəmiyyətindən danışdı: “Güclü ölkələrin güclü universitetləri olur.
Güclü universitet olmağın ən önəmli şərtlərindən biri isə sənaye və iş
dünyası ilə əməkdaşlıq etməkdir. Güclü sənaye müəssisələrinin olması və
onların fəaliyyətlərində uğur qazanmasının şərtlərindən biri isə
universitetlərlə əməkdaşlıq etmələridir. Bu əməkdaşlıq yüksək səviyyədə
olarsa, iqtisadiyyat və sənayenin inkişafı baxımından güclü bir ölkə
formalaşacaqdır. Qafqaz Universiteti illərdir Prezident İlham Əliyevin
neft kapitalını insan kapitalına çevirməliyik yönündə ideyalarını həyata
keçirməkdədir. 5 mindən artıq məzunumuz Azərbaycan və dünyanın 67
ölkəsində ya çalışmaqda, ya da magistratura və doktorantura təhsili
almaqdadır. Texnoparklar quraraq yenə də Prezidentimiz İlham Əliyevin
ideyası olan qeyri-neft sektorunun inkişafı mövzusunda çalışmaları davam
etdiririk. “Koç holdinq” Türkiyə Cümhuriyyətinin qurulmasından etibarən
bu ölkənin sənayesinə böyük xidmətlər göstərib, iş həyatında daima
profesionallığı təmsil edib. Bu şirkətin 90 illik təcrübəsini
Azərbaycanımıza gətirməsi baxımından bugünkü tədbirimiz çox önəmlidir.
Universitetimizin professor, müəllim, tələbə heyəti bu təcrübələrdən
yararlanmaqla yanaşı, bu şirkət də universitetimizin potensialından
faydalanacaq, innovasiya və istehsal baxımından müsbət enerji bəxş
edəcəkdir”.
“KoçSistem
Azərbaycan” MMC-nin direktoru prof., dok. Ali Bülent Kutvan isə
çıxışında dedi ki, təmsil etdiyi şirkət Azərbaycanın bütün bölgələri,
ümumiyyətlə, Qafqaz bölgəsi üçün özəl və dövlət qurumları üçün idarəetmə
modelləri təqdim etməyə hazırlaşır: “Biz xidmətimizi daha
genişləndirib, qlobal bazara çıxmağı hədəfləyirik. Hədəfimiz yerli
məhsullar istehsal etmək və bunu Azərbaycan adı ilə dünyaya təqdim
etməkdir. Bununla Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan
vermək istəyirik”.
İqtisadi
siyasət komitəsinin sədri Ziyad Səmədzadə: “Mən çox sevinirəm ki,
Azərbaycan iqtisadiyyatı, Azərbaycan sənayesinin tarixində yeni bir
hadisənin baş verməsi mərasimində iştirak edirəm. Müasir dövrümüzdə ən
önəmli məsələlərdən biri də rəqabətə davamlı iqtisadiyyat, rəqabətə
davamlı sənaye sahəsi yaratmaqdır. Azərbaycanda son illərdə bu
istiqamətdə böyük işlər görülür. Dünyada baş verən qlobal sarsıntılara
baxmayaraq, Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir. Ölkəmizdə
neft faktorundan asılılığın aradan qaldırılması istiqamətində cəsarətli
addımlar atılır. Cənab Prezidentin təhsilin inkişaf strategiyası ilə
bağlı imzaladığı sərəncamda birbaşa göstərilir ki, təhsil real iqtisadi
həyatla əlaqələndirilməlidir. Qafqaz Universiteti dünyanın aparıcı
universitetlərindən birinə çevrilir. Biz çox sevinirik ki, artıq Abşeron
rayonunda böyük gələcəyi olan universitet yaradılıb. Qafqaz
Universiteti yarandığı gündən innovativ düşüncə, kreativ düşüncələr
istiqamətində də böyük işlər görür və biz bunun bu gün əyani şahidiyik.
Biz Milli Məclisin İqtisadi siyasət komitəsi olaraq bu universitetlə
təmasda olacağıq, Azərbaycanda innovativ iqtisadiyyatın inkişafı
istiqamətində qanunvericilik bazasının təkmilləşməsi üçün bu təcrübədən
istifadə edəcəyik. Fürsətdən istifadə edərək, bir daha Qafqaz
Universitetinin rəhbərliyinə, “KoçSistem Azərbaycan” MMC-nin
rəhbərliyinə uğurlar arzulayıram”.
Azərbaycan
Dövlət Neft Şirkətinin “Azərkimya” İstehsalat Birliyinin Müşahidə
Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Qafqaz
Universitetinin Texnoparkında “KoçSistem Azərbaycan” MMC-nin Tədqiqat
Mərkəzinin açılmasını mühüm hadisə adlandırdı: “Biz 6 ildir ki, Qafqaz
Universiteti ilə çox sıx əməkdaşlıq edirik, dostluq edirik. Biz Qafqaz
Universitetinə yaxşı bir kadr mənbəyi kimi də baxırıq. Burada yetişmiş
onlarla mütəxəssis artıq kimya zavodlarında çalışır. Biz onların həm
hazırlığı ilə, həm mühəndislik işləri görməsi bacarığı ilə tanışıq və
onlardan çox razıyıq. Yeni açılan mərkəz də inanıram ki, tələbələrin
hazırlanmasında öz effektini verəcəkdir”.
|