Universitet yataqxanaları yeni tələbələri qəbul etməyə hazırdırmı?
Yeni tədris ilinin başlanmasına az qalıb. Universitetlərə qəbul olan tələbələrin əsas problemi kirayə ev tapmaq, yaxud yataqxanalarda yerləşmədir.
“Tibb Universitetinin xarici tələbələr üçün nəzərdə tutulan 5 saylı yataqxanası 10 gündür təmirə bağlanıb”. Bunu Modern.az-a universitetinin həmkarlar İttifaqı komitəsinin sədri Cahangir Qasımov deyib. Onun sözlərinə görə, Tibb Universitetinin ümumən 5 yataqxanası var. Onlardan 2-si oğlan, 2-si qız, biri isə xarici tələbələrə məxsusdur. C.Qasımov hazırda təmir işləri gedən yataqxananın 2015-ci ildə istifadəyə tam hazır olacağını bildirib.
“Qız tələbələrinin hamısını yerləşdirə bilirik. Oğlan yataqxanalarında isə problem var. Hərbi tibb fakültəsi yaradıldığı üçün oğlan tələbələrin sayı bu il artıb. Bunların yarıdan çoxu rayon sakinləridir”.
C. Qasımovun sözlərinə görə, ötən tədris ilində Tibb Universitetinin yataqxanalarında 1156 nəfər tələbə yerləşdirilib. Bir tələbə üçün ödəniş 20 manatdır.
Qafqaz Universitetinin prorektoru Natiq Paşa bildirib ki, qız və oğlan bölgüsü olmaqla universitetin 2 yataqxanası var.
“Yataqxanalar yeni təmir olunub. Yeni tədris ilinə tam hazırdırlar. Hər yataqxanaya 300 tələbə qəbul edə bilərik”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) mətbuat katibi Yusif Ağayev deyir ki, DİA-nın 2 yataqxanasında hazırda məcburi köçkünlər məskunlaşıb. “Orda tələbə çox azdır. Lap imkansızlardı”.
Azərbaycan Dövlət Neft Akademiyasının mətbuat katibi Tahirə Qafarlı qeyd edib ki, Akademiyanın 7 yataqxanası var.
“ Onlardan 6-sı yenidən inşa olunmaq üçün sökülüb. Hazırda onlardan yalnız 1-i tələbələrə qəbul edə bilər. Bu yataqxanada isə əsasən xarici tələbələr qalır. Amma azərbaycanlılar da var. Yataqxana yeni tədris ilinə tam hazırdır. 350 tələbəni yerləşdirə bilərik”.
Bakı Slavyan Univeristetinin (BSU) hazırda 3 saylı qızlar yataqxanası tələbələrə məxsusdur. Yataqxananın 1-ci mərtəbəsində məcburi köçkünlər məskunlaşıb. 2-ci mərtəbəsində xarici tələbələr yaşayır.
Qeyd edək ki, xarici tələbələr üçün hər növ şərait yaradılıb. Ona görə də onlar aya 100 manatdan çox pul ödəyirlər. Yataqxananın 3-cü mərtəbəsində həm köçkünlər, həm də qız tələbələr var. 4-cü mərtəbə isə yalnız qız tələbələrə məxsusdur.
BSU-da təhsil alan tələbələr aya 15 manat ödəyir. Xatırladaq ki, yataqxananın 4-cü mərtəbəsi ötən ilin may ayından sentyabra qədər təmir olunub.
Məltəm Talıbzadə
|