Türkiyənin mədəniyyət və turizm naziri Qafqaz Universitetində
Bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və onun başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetinin tələbə və müəllim kollektivi ilə görüşüb. Qeyd edək ki, nazir Ə.Günay və onun başçılıq etdiyi nümayəndə heyəti şair Almas İldırımın 100 illiyinə həsr olunan yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib. Görüş zamanı türkiyəli qonaqlara Qafqaz Universiteti barədə ətraflı məlumat verən Universitetin rektoru professor Ahmet Sanic deyib ki, bu təhsil müəssisəsi 1993-cü ildə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Universitet Türkiyə və Azərbaycanın elmi-texniki və pedaqoji potensialını birləşdirərək yüksək səviyyəli mütəxəssislər hazırlayır. Avropada geniş istifadə olunan Boloniya sisteminin tətbiq edildiyi universitetdə dərslər Azərbaycan dilində keçilir. Bəzi fənlər isə türk və ingilis dillərində tədris olunur. A.Sanic vurğulayıb ki, Qafqaz Universitetində mühəndislik, iqtisadiyyat və idarəetmə, hüquq, filologiya fakültələri nəzdində avtomatlaşdırılan sistemlərin və hesablama texnikasının proqram təminatı, hesablama maşınları, kompleksləri, sistem şəbəkələri, riyaziyyat, biznesin təşkili və idarə edilməsi, beynəlxalq münasibətlər, beynəlxalq hüqüq ixtisasları üzrə mütəxəssislər hazırlanır. Ərtoğrul Günay bildirib ki, Türkiyə ilə Azərbaycan arasında sıx dostluq əlaqələri mövcuddur: "Mən Türkiyə xaricinə ilk səfərimi dost və qardaş Azərbaycana etdim. Azərbaycanda olmaqdan böyük bir həyəcan və sevinc duyuram. Azərbaycanda doğulub Türkiyədə yaşayan şair Almas İldırımın 100 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək məqsədilə buraya gəlmişəm. Bu toplantı ölkələrimiz arasındakı tarix, tale və mədəniyyət birliyinin gözəl bir nümunəsidir". Görüşün sonunda Ə.Günaya Qafqaz Universitetinin xüsusi plaketi və "Çağ" Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən tərəfindən "Heydər Əliyev və Çağ öyrətim" kitabı təqdim edilib.