Dünyadakı Azərbaycan və parlaq gələcək
Çinlilərin bir sözü var: bir il sonranı düşünürsənsə, düyü ək, 10 il sonranı düşünürsənsə, ağac ək, 50 il sonranı düşünürsənsə, nəsil yetişdir. Bir neçə gün əvvəl “Gülüstan” sarayında 15 illik yubileyini keçirən, daha doğrusu, xalqa 15 ilin hesabatını verən “Çağ” Öyrətim İşlətmələri şirkəti çinlilərin bu bölgüsünü də təkzib elədi. Yəni bu gün Azərbaycanda müşahidə olunan sürətli inkişaf fonunda “Çağ” elə möhtəşəm uğurlara imza atıb ki, bu gün dünyanı heyrətə salan çinlilər bu uğurlar üçün 50 il zaman müddəti hesablaya bilərdilər. “Çağ” isə 15 ilə o uğurları yerləşdirə bildi. Türk liseyləri məzunlarının, valideynlərin, millət vəkillərinin, başda Misir Mərdanov olmaqla, Təhsil Nazirliyi rəhbərliyinin, Türkiyədən və Azərbaycandan çoxsaylı qonaqların qatıldıqları bu yubiley gecəsində könüllər coşub-daşdı, gözlərdən fərəh yaşları axdı. “Çağ”ın məzunları bu gün dünyanın inkişaf etmiş ölkələrində öz təhsillərini davam etdirir, mühüm postlarda çalışırlar. Ən başlıcası isə bu məzunlar harada çalışmalarından asılı olmayaraq, hamısı azərbaycançılıq prinsipini başının üstündə bayraq edir, o ölkələrdə diaspor fəaliyyətinin güclənməsi üçün çalışırlar. O gənclər tamaşaçılara təqdim edildikcə hiss edirdim ki, ətrafımda oturanlar qürur duyurlar, özlərini daha güclü, daha uğurlu hiss edirlər. Çünki bu gənclər insana özünə güvən duyğusu verirlər. Onlara bu xalqın uğurlu sabahı kimi baxırsan. Bu gənclər Avropa Şurasından tutmuş, uzaq Afrika ölkələrinə qədər yayılıblar. Getdikləri hər yerdə Azərbaycanı uğurla təmsil edirlər. Qaradərili, qalındodaqlı afrikalı bir uşağın şirin bir ləhcə ilə bizim kövrək “Ayrılıq” mahnımızı oxuması da elə bu məzunlardan birinin təşəbbüsü və uğurlu təcrübəsi, Azərbaycanı tanıtma fəaliyyətidir. Səhnədə sıralanan o gənclər: “Biz bu liseylərdə vətənpərvərliyi öyrəndik, sevgini öyrəndik, səmimiyyəti öyrəndik, fədakarlığı öyrəndik, bayraq sevgisini öyrəndik, ataya-anaya ehtiram göstərməyi, insanların əlindən tutmağı öyrəndik”, - dedilər. 1992-ci ildən bəri keçən illər xatırlandı, şirkətin hansı fədakarlıqlar sayəsində inkişaf etdiyi dilə gətirildi. Natiqlər “Çağ” Öyrətim İşlətmələri Şirkətinin işini Azərbaycan təhsilinə böyük təkan kimi qiymətləndirdilər. Şirkətin qurucuları mərhum Prezident Heydər Əliyev cənablarının “Çağ”a qayğısından danışdılar, onun uzaqgörənliyindən bəhs etdilər. Son günlərdə İstanbulda Türkiyə Böyük Millət Məclisinin sədri Bülənd Arınçın himayəsi ilə keçirilən və xalqın böyük rəğbətini qazanan Beynəlxalq Türk Dili Olimpiadasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən türk liseylərində təhsil alan müxtəlif irqlərə, dinlərə, rənglərə, mədəniyyətlərə mənsub şagirdlərin yarışdıqları vurğulandı və bu tədbirlərin türk xalqlarının aydın gələcəyindən xəbər verdiyi ifadə edildi. Nəticə olaraq onu deyə bilərəm ki, mən o gün “Gülüstan” sarayında Azərbaycanın dünyaya yayılmış böyük bir potensialını gördüm. Dünyanın ən modern ölkəsində təhsil alan, çalışan bu gənclərin Azərbaycanın inkişafında mühüm rol oynayacaqlarına bir daha inandım. Bu şirkəti quran, onun bu günə gəlməsi üçün hər cür fədakarlığa qatlanan Anadolu insanına, bu təşəbbüsə qollarını açan və dəstək verən hər bir azərbaycanlıya salamlar olsun.
Enes Cansevər
http://www.zaman.az/site/?name=yazar&news_id=3853&yid=1
Enes Cansevər
http://www.zaman.az/site/?name=yazar&news_id=3853&yid=1