"Çağ" 15 ildir müstəqil Azərbaycanla qoşa addımlayır




ƏNVƏR ÖZƏRƏN: "QARABAĞDAKI HAQLILIĞIMIZI GÜCLÜ İNSANLAR YETİŞDİRMƏKLƏ SÜBUT EDƏ BİLƏRİK"
"Biz Azərbaycanda çox çətin dönəmlərdə işə başladıq. 1992-ci ildə Naxçıvan blokada şəraitində, digər tərəfdən torpaqlar işğal olunmuş və qaçqınlar var idi... Amma heç bir xalqın inkar etmədiyi bir iş var idi ki, hansı şərait olursa, olsun, təhsil işinə böyük önəm verilməlidir. Çünki xalq cəhalətdən qurtararsa, yaxşı bilik alarsa beynəlxalq aləmdə də bizi təmsil edəcək insanlar yetişər. Qarabağ məsələsindəki haqlılığımızı dünyaya, diasporamızı güclü tutacaq insanlar yetişdirməklə sübut edə bilərik. O zaman da "Çağ" Öyrətim İşlətmələri Şirkəti qarşısına bu məqsədi qoyaraq Azərbaycanda fəaliyyətə başladı". Məlumdur ki, 1992-ci ildə Azərbaycan xalqı ağır durumla üz-üzə qalmışdı. Ölkənin bütün sferalarında özbaşınalıq duyulur, siyasi, iqtisadi, sosial, mədəniyyət sahələrində tənəzzül hökm sürürdü. Məhz bu ərəfədə qardaş Türk xalqının nümayəndələri yenidən bizə öz yardım əllərini uzadaraq, Azərbaycan xalqının bu çətinliklərdən əzmlə çıxmasına, təhsilli və nurlu gələcəyinin məhv olmamasına köməklik göstərdi. Artıq 15 ildir ki, "Çağ" ölkəmizdə özünü milli formada yetişdirən, Azərbaycançılığı başa düşən, vətənini, bayrağını canından, qanından çox sevən insanlar yetişdirir. Heç təsadüfi deyil ki, 1994-cü ildən indiyə qədər, ümumilikdə "Çağ"ın liseyləri ölkəmizə beynəlxalq olimpiadalarda 46-sı qızıl olmaqla 200-dən çox medal qazandırıb. "Çağ" Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərənlə də bu 15 il ərzində qət etdikləri çətin və şərəfli yol barədə söhbət etdik. Qarşılaşdıqları problemlərdən, əldə etdikləri nailiyyətlərdən danışdıq.
FƏALİYYƏTİMİZƏ ÜMUMMİLLİ LİDER YAŞIL İŞIQ YANDIRDI -
"Çağ" Öyrətim İşlətmələri Şirkəti Azərbaycanda 15 ilini qeyd edir. Həmçinin respublikamızın müstəqilliyinin elan olunmasından da 15 il keçir. Demək olar ki, "Çağ" Öyrətim Şirkəti Azərbaycan müstəqilliyə addım atar-atmaz burada yarandı. Şirkətimizin burada yaranmasının xeyir-duasını verən ümummilli lider Heydər Əliyev Naxçıvanda olanda şirkətimizin nümayəndə heyətini qəbul etdi. Beləliklə də "Çağ" Öyrətim Şirkətinin xarici aləmə çıxışının ilk qapısı ümummilli liderin göstərişi ilə Naxçıvanda başladı. Həmin çətin anlarda Azərbaycanda təhsil işinə başladıq. Başqa cür də ola bilməzdi ki, durub gözləyək ki, şərait yaxşı olsun ondan sonra biz burada iş quraq. Çünki, iki qardaş xalqın bir-birinə belə yanaşması münasib düşməzdi. Türkcə belə bir söz var ki, dost dar gündə bəlli olar. Amma Azərbaycanla Türkiyə yalnız dost deyil, qardaşdır. Bizim qardaşlığımızın tarixi 4 min illik tariximizdə axtarılmalıdır. 40 əsrdir bu coğrafi ərazidə Türk dövlətləri olaraq yaşayırıq. 1992-ci ildəki çətin anlarda da şirkətimizin ilk nümayəndələri bura gəldi və ölümlərini gözə alaraq işə başladılar. Amma nə olur-olsun, bir-birimizə mənəvi dəstək olmalı idik. Türk qardaşlarının burada olması Azərbaycan xalqının özünə olan inamını artırırdı. Burada baş verən haqsız hadisələr bu vəsilə ilə dünya miqyasına çıxarılırdı. Necə ki, 1920-ci ildə Azərbaycan xalqının Türkiyədə Atatürkün başlatdığı istiqlal savaşının yanında idi və kasıb olmalarına baxmayaraq yardımlar edirdilər, biz də köməkliyimi əsirgəməməli idik. Atatürk deyirdi ki, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Ulu öndər Heydər Əliyev isə "Azərbayanla Türkiyə bir millət, iki dövlətdir" deməklə bu münasibətləri daha dəqiq ifadə etdi.
"ÇAĞ"-la AZƏRBAYCANDA ÖZƏL TƏHSİLİN ƏSASI QOYULDU
"Çağ" Öyrətim Şirkətinin Azərbaycandakı fəaliyyətinə önəm verilməsi ilə ölkənin gələcəyinə, bu gününə, sabahına təhsildən başqa heç bir şeyin vacib olmadığını qarşımıza məqsəd qoyaraq fəaliyyətə başladıq. Demək olar ki, çətin şərtlərlə biznesmen səviyyəsində özəl məktəb quruculuğuna başladıq. Bu illər bunu sübut etdi ki, həqiqətən "Çağ" Öyrətimə Prezident tərəfindən yaşıl işıq yandırılması Azərbaycan-Türkiyə qardaşlığının nə qədər möhkəm olduğunu, etimada sədaqətlə 15 ildə nə qədər dəyərli iş həyata keçirdiyini sübut etdi. Burada təhsil, ona yaradılan şərait hər keçən gün inkişaf edir. Azərbaycanda 4500-dən çox məktəb var. Bu qədər məktəb içərisində "Çağ" Öyrətim Şirkətinə məxsus məktəblərdə təhsil alan gənclər az saydadır. Lakin Azərbaycanın azad bazar iqtisadiyyatına keçməsi və özəl təhsil sisteminin burada bir nümunəsinin həyata keçirilməsi şirkətimizlə başladı. Bizim burada olan şirkətimizə diqqət və qayğı, 15 il içərisindəki əziyyət və nailiyyətlər, hər zaman ümummilli liderin fəaliyyətimizi nümunə göstərməsi, Prezidentimiz İlham Əliyevin müxtəlif görüşlərdə şirkətimizi dəyərləndirməsi, Azərbaycanın beynəlxalq aləmdə səsinin yüksəlməsinə bir vəsilə olur. Rəsmi səviyyələrdə deyilən "Azərbaycanda bu məktəblərin sayı artmalıdır" ifadələri, bizə göstərilən diqqət onu göstərir ki, hər gün, hər il daha müvəffəqiyyətli çalışırıq. Həmçinin bütün Azərbaycan xalqının və onun Prezidentinin etimadını doğrultmaq bizə diqtə edir ki, daha məsuliyyətlə işləyək.
YETİRMƏLƏRİMİZ DÜNYANIN 50-dən ÇOX UNİVERSİTETİNDƏ TƏHSİL ALIR
Azərbaycan gəncləri olduqca savadlıdır. Bu gün dünyanın 40-a yaxın ölkəsinin 50-dən çox universitetində yetirmələrimiz təhsil alır. Yalnız bu il Türkiyənin Orta Doğu Texnik Universitetinə "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Bakı özəl türk liseyindən 20 şagird qəbul olub. Bu böyük göstəricidir və Türkiyənin özündə heç bir məktəb bu qədər şagirdi birbaşa həmin universitetə göndərə bilməz. "Qafqaz" Universiteti 1996-cı ildən indiyədək hər il beynəlxalq konfranslar keçirir. Ən axırıncı belə konfrans isə "Qloballaşma prosesində Mərkəzi Asiya, Avrasiya iqtisadi və beynəlxalq münasibətlər" adlı oldu ki, buraya 20 ölkədən 200-dən çox tədqiqatçı alim qatılmışdı. Vurğulamalıyam ki, Azərbaycan xalqının qlobal düşüncə tərzi var və əgər dövlət bütün bu prosesləri dəstəkləməsə belə müvəffəqiyyətlər əldə etmək çox çətin olar.
"QAFQAZ"I BİTİRƏN 80 FAİZ MƏZUNUMUZ İŞLƏ TƏMİN OLUNUB
"Çağ" Öyrətim İşlətmələri Şirkəti və ona bağlı olan təhsil müəssisələri Təhsil Nazirliyinin proqramları daxilində iş görür. O cümlədən "Qafqaz" Universitetinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının proqramına əsasən tələbə qəbul edirik. Bu səbəbdən də universitetimiz Azərbaycanda özəl ali məktəblər içərisində nümunəvi bir təhsil müəssisəsidir. Həmin universitetə doktorluqlarını dünyanın müxtəlif ölkələrində bitirən gənc müəllim kadrları cəlb olunub, tələbələrimizə ingiliscə hazırlıq təhsili verilir. Bununla da onlar dünyaya çıxdıqları zaman dil bilmələri səbəbindən rahatlıqla işlə təmin oluna bilirlər. Universitet beynəlxalq kitabxanalarda 10 mindən çox jurnala abunədir. "Qafqaz" Universitetində təhsilin, tələbələrə yaradılan şəraitin yüksək səviyyədə olması, bütün işlərə ciddi yanaşılması məzunlarımızın işlə təmin olunmasında problem yaratmır. Çünki ətraf bizdən bilikli, savadlı insan tələb edir və əgər bunu yetişdirə biliriksə, heç kim bizim məzunumuzu xətirlə işə qəbul etməyəcək. Sərbəst bazar iqtisadiyyatı bunu istəyir. Buna görə də universitetin məzunlarına iş aləmində tələbat böyükdür. Demək olar ki, məzunlarımızdan 80 faizi hazırda işlə təmin olunmuş vəziyyətdədir.
BİLİKLİ ŞAGİRDLƏRƏ HƏMİŞƏ GÜZƏŞTLƏR EDİRİK
Bilikli və bacarıqlı şagirdlərə hər zaman köməyimiz olur. Məsələn, universitetdə yüksək bal toplayan tələbələrimiz, məsələn, 500-600 balı keçdikdə biz onlardan təhsil haqqı almırıq və 600 balı keçibsə ona təqaüd ayırırıq. Liseylərə də qəbul imtahanlarında güzəştlərimiz var. Ola bilsin ki, qəbul zamanı şagird ilk 3 dərəcəni göstərir. Biz onlara müəyyən 50, 40, 30 faiz güzəştlər edirik. Əgər şagird beynəlxalq olimpiadalarda iştirak edərək medal qazanıbsa, artıq həmin şagird məktəbi qurtarana qədər bizdə pulsuz təhsil alır. O cümlədən qaçqın şagirdlərə müəyyən hədd daxilində köməklik göstəririk. Bildirim ki, bizim şagirddən aldığımız ödənişlər məktəblərin yerləşdiyi yerə, iqtisadi vəziyyətə görə çox fərqlidir. Məsələn, Bakıda yaşayan valideyn nisbətən çox qazandığı üçün daha yüksək məbləğ ödəyir. Amma Lənkəranda bu qiymət bir az aşağıdır. Amma bu o demək deyil ki, Bakıda dərslər daha yaxşı keçilir, Lənkəranda yox. Ərazisindən asılı olmayaraq, tədris etdiyimiz dərs hər yerdə eyni keyfiyyətə malikdir. Daim liseylərimizdəki şəraiti yaxşılaşdırmaq üçün biznesmenlərlə əlaqə qururuq və onlardan sponsorluq etmələrini istəyirik. Əks təqdirdə bizim şagirdlərdən aldığımız pul onun təhsil xərclərinin yarısını belə ödəmir. Deyək ki, şagird Lənkəran liseyinə girir və onun verdiyi pul təxminən xərclərin 60 faizini, Bakıda isə xərcləri yalnız başa-baş ödəyir. Amma təhsil mənəviyyat məsələsidir və ondan gəlir sahəsi kimi istifadə etmək düzgün deyil.
UĞURLARIMIZA SEVİNMƏYƏNLƏR BİZƏ İFTİRA ATIR
Sonda demək istəyirəm ki, söylədiklərim bu 15 il ərzində əldə etdiyimiz nailiyyətlərin yalnız bir qismidir. Amma bəzi insanlar bu müvəffəqiyyətləri heçə sayaraq fəaliyyətimizlə bağlı iftira xarakterli sözlər danışırlar. Bu gün "Çağ" Öyrətim Şirkəti hamının gözü qabağındadır və Azərbaycanda təhsil xidməti göstərir. Lazımsız ifadələri isə Azərbaycan-Türkiyə qardaşlığını istəməyənlər işlədir. Məzun etdiyimiz gənclər dünyanın müxtəlif ölkələrində, Azərbaycanın dövlət qurumlarında çalışırlar və onlar yüksək əxlaqa və xarakterə malik, vətənpərvər insanlardır. 2003-cü ildə dünya olimpiadasında Azərbaycana 3 qızıl, 1 gümüş medal qazandırmışdıq. Ümummilli lider dedi bu, bu Azərbaycan üçün əfsanəvi bir qalibiyyətdir. Çünki 69 ölkə içərisində dünya üçüncüsü olduq. Bu gün Lomonosov Universitetində 40-a yaxın yetirməmizin oxuduğunu deyincə, Prezidentimiz bildirdi ki, bu çox böyük nailiyyətdir. Çünki hələ Sovetlər dövründə biz ildə 1-2 tələbəni güclə ora göndərə bilirdik. Bu şirkətdə həqiqətən insanlar fədakarlıqla çalışırlar. Bu isə bəllidir ki, ölkələrimizin müvəffəqiyyətlərinə sevinməyənlərin paxıllığına səbəb olur...
Yasəmən

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF