Heydər Əliyevin milli təhsilimizə qayğısının canlı təcəssümü




“Çağ” Öyrətim Şirkəti - 15Azərbaycanla Türkiyənin tarixi qardaşlığının çağdaş örnəklərinin yaradılmasında, ölkəmizdə yeni tipli təhsil sisteminin formalaşmasında müstəsna xidməti olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətə başlamasından 15 il ötür. Azərbaycan ictimaiyyəti, respublikanın təhsil işçiləri bu əlamətdar tarixi böyük təntənə ilə qeyd edirlər. Azərbaycan Respublikası dövlət müstəqilliyi qazanandan sonra ilk növbədə dəyişməyə, yeniləşməyə zərurət duyulan sahələrdən biri də təhsil sistemi olmuşdu. Ölkəmizin dövlət müstəqilliyini birinci olaraq tanımış qardaş Türkiyənin bir qrup təhsil işçisi tarixi qardaşlığa sadiq qalaraq öz qabaqcıl təcrübəsi ilə respublikamıza təşrif gətirdi. Onlar Azərbaycanda fəaliyyətə 1 noyabr 1991-ci il tarixdə Naxçıvanda ilk özəl türk liseyinin açılmasına imza atan Muxtar Respublika Ali Məclisinin sədri, türk xalqlarının böyük oğlu Heydər Əliyevin xeyir-duası ilə başladılar.Çox keçmədi ki, Bakı və Sumqayıt şəhərlərində də özəl türk liseyləri açıldı. O vaxt mürəkkəb siyasi böhran şəraitində xalqın tələbi ilə respublika rəhbərliyinə dəvət olunan böyük xilaskar Heydər Əliyevin gərgin və çoxşaxəli tarixi missiyasını həyata keçirməyə başlaması ilə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinə də geniş meydan açıldı. Elə birinci ildə qazandığımız uğurlara dəstək verən milli təhsilin böyük hamisi Heydər Əliyevin diqqət və qayğısı ilə 1993-cü ildə Quba, Lənkəran, Şəki, Əli Bayramlı, Ağdaş, Mingəçevir və Gəncə şəhərlərində də Bakı Özəl Türk Liseyinin filialları yaradıldı. Sonrakı illərdə bu filiallar müstəqil liseylərə çevrilməklə, onların sayı 12-yə çatdı. Bakıda və digər bölgələrdə fəaliyyət göstərən “Araz” ali təhsilə hazırlıq kursları ölkəmizdə bu qəbildən olan ən səmərəli tədris mərkəzləridir. Beləliklə, “Çağ” şirkəti 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 10 ali təhsilə hazırlıq kursu və 1 ali məktəb — “Qafqaz” Universiteti ilə respublikanın təhsil sistemində mötəbər mövqe qazanıb. İnternat-məktəb tipli liseylərimizdə şagirdlərin təhsili, tərbyiəsi, istirahəti ahəngdar surətdə uzlaşdırılmışdır. Məktəblilər yüksək keyfiyyətli tədris prosesi və zəruri xidmətlərlə əhatə olunmuşlar. Əla təmirli binalar və rahat avadanlıqlı sinif otaqları, çeşidli, hətta ingilis dilində olan dərslik, dərs vəsaiti və əlavə oxu nümunələri ilə zəngin kitabxanalar, müasir laboratoriyalar, video və audio materiallardan istifadə kabinələri, ən son modelli kompyuterlərlər və internet şəbəkəsinə sərbəst çıxış fənlərin tədrisini dünyanın ən yaxşı məktəbləri səviyyəsində təşkil etməyə imkan verir. Azərbaycan və ingilis dillərində dərslər aparan yüksək səviyyəli, xüsusi təhsil metodikalarına yiyələnmiş müəllimlər təşəbbüskarlıqla çalışırlar. Yay və qış tətili dövründə müəllimlər ixtisas seminarlarına cəlb edilir. Bu seminarlara xarici ölkələrdən ingilisdilli mühazirəçilər dəvət olunur. Müəllimlər Türkiyənin və digər xarici ölkələrin qabaqcıl təhsil müəssisələrinə təcrübə mübadiləsinə göndərilir. Liseylərimizdəki elmi-texniki dərnəklərə, özfəaliyyət yaradıcılığına, bilik yarışlarına hazırlıq prosesinə respublikanın tanınmış alimləri, mədəniyyət xadimləri cəlb olunur. Müəllimlərin 60 faizi, şagirdlərin isə əksəriyyəti azərbaycanlılardır. Şirkətin kollektivləri Azərbaycanın təhsil sistemində 2004-cü ildən Türkiyə Cümhuriyyətinin Standartlaşdırma İnstitutunun təsdiq etdiyi “TS EN İSO 9001:2000" keyfiyyəti idarəetmə sertifikatına uyğun fəaliyyət göstərir. Tarixən qısa müddətdə qazanılan sanballı nəticələrə görə böyük öndər Heydər Əliyev “Çağ” öyrətim liseylərinin fəaliyyətinə çox yüksək qiymət vermişdi: “Bu şirkətin açdığı məktəblərin əldə etdiyi nailiyyətlər çoxdur. Mən onların işindən məmnunam. Onlar həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif müsabiqələrdən müvəffəqiyyətlə keçir və medallar alırlar. Biz bu məktəblərin işini başqa məktəblər üçün nümunə kimi göstəririk”. Azərbaycanda təhsil islahatlarının uğurla həyata keçirilməsinə ciddi önəm verən böyük dövlət qurucusu Heydər Əliyev “Çağ” şirkətinin fəaliyyətini də daim diqqətdə saxlayır, onun problemlərinin həllinə hər cür kömək göstərirdi. Şirkətimizin rəhbərləri və nümayəndələri ilə çoxsaylı görüşlərdə dünya şöhrətli siyasətçinin söylədiyi xoş sözlər və məmnunluq kollektivimizi daim uğurlara ruhlandırmış, yüksək nəticələrə istiqamətləndirmişdir. Bircə faktı xatırladaq ki, 1977-ci ildən sonrakı 1 ildə dövlət başçısının şirkətinizin təmsilçilərini 4 dəfə qəbul etməsi sonrakı dövrdə fəaliyyətimizdəki yüksəlişi təmin etmişdi. Bütün bunlara görə ulu öndər şirkətimizin “Fəxri baş müəllimi” adına layiq görülmüşdür. Müstəqil dövlətimizin memarının layiqli davamçısı, Prezident İlham Əliyev də öz sələfi kimi, təhsil sahəsində Türkiyə – Azərbaycan əməkdaşlığının gözəl örnəklərini yaratmış, yeni tipli təhsil ocaqları qurmuş, çevik, səmərəli tədris prosesi təşkil etmiş “Çağ” şirkətinin uğurlar qazanmasını himayə edir. Möhtərəm Prezident şirkətimizin qayğıları ilə daim maraqlanır, onun nümunəvi təcrübəsini təşviq edir. Onun işimizə verdiyi qiymət dəqiq və tutumludur: “Türk liseyləri Azərbaycanın gələcəyi üçün gözəl kadrlar yetişdirirlər”. Əlamətdar yubiley ötən dövrdə qazandığımız nailiyyətlərə iri planda nəzər salmaq baxımından öyünlü bir tarixdir. 15 ildə liseylərimizi 3800, hazırlıq kurslarımız 10 min, “Qafqaz” Universiteti üç min gənc bitirmişdir. 2006-cı ildə liseylərimizin məzunlarının 98 faizi elə birinci il ali məktəblərə qəbul olmuşlar. Onların 36-sı ölkə üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin sırasında olmuşdur. Respublikanın 10 şəhər və rayonunda fəaliyyət göstərən “Araz” kurslarının müdavimlərinin 90 - 95 faizi hər il tələbə adı qazanır. Şagirdlərimiz respublika fənn olimpiadalarında ən yüksək göstəricilər qazanırlar. Beynəlxalq olimpiadalarda Azərbaycan Respublikasını təmsil etmək şərəfi 13 ildir ki, əsasən, liseylərimizin şagirdlərinə qismət olur və onlar bu yüksək etimadı həmişə layiqincə doğruldurlar. Şagirdlərimiz 1994-cü ildən bu günə kimi beynəlxalq olimpiadalarda 47 qızıl, 74 gümüş və 87 bürünc medal qazanmışlar. Şirkətimizdə bir sıra maraqlı ənənələr meydana gəlib formalaşmışdır. Azərbaycan xalqının həyatındakı əlamətdar hadisələr, xüsusən dövlət və milli bayramlar, tarixi günlər, görkəmli adamların yubileyləri təhsil ocaqlarımızda valideynlərin, millət vəkillərinin, hökumət nümayəndələrinin, ziyalıların iştirakı ilə geniş qeyd edilir. Hər il Bakı şəhərində keçirilən “Bilik sərgisi”ndə şirkətimizin təhsil müəssisələrində oxuyan şagird və tələbələrin elmi və bədii yaradıcılığı, təhsil nailiyyətləri geniş nümayiş etdirilir. Ötən il şirkətimizin təşkilatçılığı, Heydər Əliyev Fondunun fəal dəstəyi ilə keçirilən “Azərbaycan — fərqli sivilizasiyaların qovşağı” beynəlxalq festivalı ölkəmizin mədəni həyatında maraqlı bir hadisə oldu. Şirkətimizin yubileyi və 31 Mart Azərabycanlıların Soyqırımı Günü münasibətilə tariximizin müxtəlif dövrlərində soydaşlarımızın erməni təcavüzünə məruz qalmalarına dair ayrı-ayrı müəlliflərin orijinal yazıları “Birgə yürüdük biz bu yollarda” adı altında nəşr olunaraq, müxtəlif beynəlxalq qurumlara, dövlət və hökumət təşkilatlarına, ictimaiyyət nümayəndələrinə çatdırılmışdır.Bu ilin aprelində Azərbaycanda ilk dəfə olaraq yubileyimizə həsr olunmuş Beynəlxalq Ətraf Mühiti Mühafizə Layihə Olimpiadası keçirilmişdir. Bu, ölkəmizin tarixində ilk beynəlxalq olimpiada kimi qalacaqdır. Olimpiadada təsis edilmiş 8 qızıl, 10 bürünc medalın 12-si Azərbaycanda qalmaqla, onlardan 3 qızıl, gümüş və 1 bürünc medalı şirkətimizin şagirdləri qazandılar. “Qafqaz” gimnaziyasında ölkəmizdə ilk dəfə yaradılmış “Ana-ata” məkiəbi də faydalı təşəbbüs kimi təhsil ictimaiyyətinin diqqətini cəlb etmiş və yüksək qiymətləndirilmişdir. Təhsil ocaqlarımızda müxtəlif elmi-texniki yaradıcılıq dərnəkləri fəaliyyət göstərir, rəngarəng yarış və oyunlar da keçirilir. Liseylərimizin yuxarı sinif şagirdlərinin iştirakı ilə şirkətimizdə “Çağdan xəbərlər” bülleteni, “Gülüstan” və “Çinar” jurnalları buraxılır. Şirkətimizin fəaliyyətinə hər il tədris prosesinin sonunda Azərbaycanın ən böyük təntənələrinin keçirildiyi Heydər Əliyev adına Sarayda möhtəşəm “Məzun” gecəsi ilə yekun vurulur. Fasiləsiz təhsil kompleksinin ən yüksək pilləsi sayılan, şirkəti dünyada məşhurlaşdıran “Qafqaz” Universiteti 1993-cü ildə fəaliyyətə başlamışdır. Hazırda universitetdə 4 fakültədə 20 ixtisas üzrə bakalavr pilləsində tələbələr təhsil alırlar. 2001-ci ildə Təhsil Nazirliyi tərəfindən universitetə pilot ali təhsil müəssisəsi statusu verilmişdir. Bu, müasir təhsil texnologiyalarını tədris prosesində tətbiqinə imkan vermişdir. 2004-cü ildə universitet respublika təhsil müəssisələri içərisində ilk olaraq “TS-EN-İSO 9001" keyfiyyət sertifikatı almışdır. Ali məktəbdə ixtisas üzrə magistratura pilləsi də fəaliyyət göstərir. Ötən ildən Ali Attestasiya Komissiyasının qərarı ilə universitetə 4 ixtisas üzrə aspiranturaya qəbul keçirilir. Bu il universitetin nümunəvi yataqxanası istifadəyə verilmişdir. Bu ilin mayında universitetdə şirkətimizin 15 illik yubileyinə həsr olunmuş “Qloballaşma prosesində Qafqaz və Mərkəzi Asiya – iqtisadi və beynəlxalq münasibətlər” mövzusunda II beynəlxalq konfrans keçirilmişdir. Konfransda 30-dan çox ölkədən gəlmiş qonaqların və həmyerlilərimizin 203 elmi məruzəsi dinlənilmişdir. İl boyu şirkətimizin yubileyinin keçirilməsinə ciddi hazırlıq aparılmışdır. Xüsusi redaksiya heyəti şirkətimizin Azərbaycanda fəaliyyətə başlamasının tarixi, liseylərimizin, kurslarımızın və universitetimizin açılışı, dünəni və bu gününə, əldə edilmiş nailiyyətlərimizə həsr olunmuş kitab-albom hazırlanmışdır. “Azərbaycan Respublikası” adlı xüsusi kitabça isə 20 min tirajla şirkətimizin dostlarına paylanmışdır. Yubileyə hazırlıq dövründə Bakı özəl türk liseyinin yeni binasının təməli qoyulmuş, daxili spartakiada və “Ana dili” müsabiqəsi keçirilmişdir. Yubileyimiz respublika ictimaiyyətinin təmsilçiləri, Türkiyədən və digər ölkələrdən gələn qonaqlarımızla birlikdə təntənə ilə qeyd olunacaq. Ötən 15 ildəki öyünclü fəaliyyətimizə geniş baxış xalq qarşısında məsuliyyətimizi daha da artırır, şirkətimizi yeni uğurlara qanadlandırır.
Ağarəsul MƏMMƏDOV, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin müşaviri, kimya elmləri namizədi

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF