“Gənclərdə “Start-up” ruhu sürətlə inkişaf edir”
|
||||||||||||
“Start-up”çı gənclər Azərbaycanın inkişafına töhfə verəcəklər. Bunun faydasını biz yaxın gələcəkdə görəcəyik” | ||||||||||||
Son zamanlar “təşəbbüskar olmaq”,
“təşəbbüskarlıq” və s. kimi söz və ifadələri çox eşidirik. Müxtəlif
müəssisələrdə təşəbbüskarlıqla bağlı seminarlar verilir. Oxucularımız
üçün də maraqlı olacağını nəzərə alaraq, eskpertlərdən “Təşəbbüskarlıq
nədir?”, “Kimlərə təşəbbüskarlar deyilir?”, “Təşəbbüskarlığa stimul
verən amillər hansılardır?” və s. suallarımıza cavab öyrənməyə çalışdıq. Qafqaz Universitetinin Texnoparkının direktoru İsa Qasımov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin son bir neçə ildə inkişaf ilə bağlı imzaladığı bütün sərəncamlarda təşəbbüskar yanaşma xüsusilə vurğulanır: “Təşəbbüskarlıq deyildikdə əsasən innovativ sahibkarlıq nəzərdə tutulur. Hazırda dövlət texnoparklarında bu tip sahibkarlara bir çox güzəştlər də tətbiq olunur”. Təşəbbüskar yanaşmanın dünyada çox populyar olduğuna diqqət çəkən İ. Qasımov fikrini belə davam etdirdi: “Müəyyən hədəfləri olan və bu istiqamətdə özünü yetişdirən insanlar təşəbbüskar insanlardır. Misal üçün, tələbələrimiz arasında elələri vardır ki, ümumiyyətlə, oxumağa maraq göstərmirlər. Elə tələbələrimiz də vardır ki, imtahanlardan keçmək xatirinə yaxşı oxuyurlar. Nümunə çəkdiyimiz bu iki tip tələbələrdən heç biri təşəbbüskar deyil. Amma elə tələbələrimiz də vardır ki, öyrəndikləri şeyləri seçib öyrənirlər ki, bu mənə gələcəkdə lazım olacaq. Belə gənclər oxuduqları materiallara bu nöqteyi-nəzərdən yanaşaraq, anlamadıqları məsələləri də müəllimlərindən öyrənməyə, araşdırmağa çalışırlar. Onların gələcəyə dair bir təşəbbüsləri olur”. “Təşəbbüskar yanaşmada səmərəlilik həmişə yüksək olur” Müsahibimizin sözlərinə görə, təşəbbüskar yanaşmada səmərəlilik həmişə yüksək olur: “Dünyanın bütün inkişaf etmiş ölkələri yeni təşəbbüslərə qapı açmaqla buna nail olublar. Azərbaycan da ölkəyə qoyulan sərmayənin səmərəliliyini artırmaq məqsədilə təşəbbüskar yanaşmanı inkişaf etdirmək istəyir”. İ. Qasımov dünyada “təşəbbüskar sahibkar” və “təşəbbüskar bürokrat (məmur)” ifadələrinin də geniş yayıldığını dilə gətirdi: “Sahibkarın təşəbbüskar olması kimi, bürokratların da təşəbbüskar olması çox vacibdir. Dövlət vəsaitlərinin səmərəli istifadə olunması, Dövlət proqramlarının uğurla həyata keçirilməsində dövlət qulluqçusunun nə dərəcədə təşəbbüskar olmasından çox şey asılıdır”. “Təşəbbüskarlığın inkişafı üçün sərbəst bazar mühiti formalaşdırılmalıdır” Təşəbbüskarlığın inkişafına təkan verən amillər haqqında da danışan İ. Qasımov sözlərini belə davam etdirdi: “Təşəbbüskarlığın inkişafı üçün birinci növbədə sərbəst bazar mühiti formalaşdırılmalıdır. Çünki sərbəst bazar mühiti olduğu təqdirdə, insanlar daha çox qazanmaq istəyərlər. Bu da istər-istəməz innovativ sahibkarlığın inkişafını sürətləndirər. Eyni zamanda da qanunvericilik işləməlidir”. Müsahibimiz Azərbaycanda mövcud vəziyyəti belə şərh etdi: “Azərbaycan əmək bazarında köhnə - planlı iqtisadiyyatın yetişdirdiyi insanlar çoxdur. Təşəbbüskar mədəniyyət tam formalaşmayıb. Son dövrlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan və bir çox sahələri əhatə edən dövlət proqramları isə ölkədə təşəbbüskar yanaşmanın inkişafına ilə bağlı böyük ümidlər verir”. Gənclərdə “Start-up” (yeni biznes təşəbbüsü) ruhunun sürətlə inkişaf etdiyini qeyd edən İ. Qasımovun sözlərinə görə, tələbələr arasında öz işini qurmaq istəyənlərın sayı çoxalmaqdadır: “Start-up”çı gənclər Azərbaycanın inkişafına töhfə verəcəklər. Bunun faydasını biz yaxın gələcəkdə görəcəyik”. “Təşəbbüskarlıq dərsi verən kəslər bazarda formalaşan insanlar olmalıdırlar” Uşaqların təşəbbüskar böyüməsi üçün təhsil sisteminin rolundan da danışan İ. Qasımov qeyd etdi ki, bu sahədə hazırkı vəziyyət qənaətbəxş hesab oluna bilməz: “Orta məktəblərdə bir neçə ildir ki, kurikulum tətbiq olunur. Hansı ki, kurikulum şagirdlərin təşəbbüskar şəxsiyyət kimi yetişməsini qarşıya məqsəd qoyur. Ali məktəblərdə isə yaxşı olardı ki, təşəbbüskarlıq dərsləri keçirilsin. 2-3 universitetdə təşəbbüskarlığa yaxın mövzuda dərslər keçilir. Amma bu hələ tam təşəbbüskarlıq dərsi demək deyil. Çünki təşəbbüskarlıq mövzusunda dərs verən kəslər bazarda formalaşan insanlar olmalıdırlar, auditoriyada yox. Bazarda formalaşan insanların bu işə cəlb olunması həm də bu sahədə kitabxananın zənginləşməsinə səbəb olardı”. Sonda isə İsa Qasımov bildirdi ki, təşəbbüskarlığın inkişafı üçün hadisələrə kompleks yanaşmaq lazımdır: “Vətəndaşların təşəbbüskarlıq ruhunun inkişaf etdirilməsi üçün canlı və dinamik bir sistem formalaşdırılmalıdır. Belə olan təqdirdə, təşəbbüskarlıq insanların həyat tərzinə çevrilə bilər. Təşəbbüskarlıq insanların həyat tərzi olmalıdır”. “Start-up”çular bəzi hallarda onlara dəstək verilmədiyindən şikayətlənirlər” Mövzumuzla bağlı fikirlərini “Zaman-Azərbaycan”la bölüşən internet üzrə ekspert Vüqar Bayramov isə bildirdi ki, hansısa innovativ ideyaları olan, müstəqil düşünə və fikirlərini həyata keçirə bilən insan təşəbbüskar insandır: “Təşəbbüskarlıq dəstəyə ehtiyac hiss etmir. Hazırda çox populyar bir söz var “start-up”. “Start-up”çular bəzi hallarda onlara vəsait dəstəyi verilmədiyindən şikayətlənirlər. Amma onlar bilməlidirlər ki, “start-up”çulara başlanğıcda heç kim pul verməz. Ona görə də yeni biznes təşəbbüsü olan insan birinci növbədə ideyasını müəyyən səviyyədə reallaşdırmalıdır. Daha sonra kimdənsə kömək ala bilər. Burada söhbət təkcə vəsait dəstəyindən getmir. Bu, ağıllı insanların mənəvi dəstəyi də ola bilər. Çünki “start-up”çuya ən yaxşı dəstək mənəvi dəstəkdir”. “Cəmiyyətimizin əsas problemlərindən biri uşaqların məqsədsiz böyümələridir” Müsahibimizin sözlərinə görə, uşaqların təşəbbüskar böyüməsində cəmiyyətin üzərinə böyük yük düşür: “Misal üçün, ABŞ-da uşaqlara məktəb yaşından öyrədirlər ki, gördüyün bütün işin maddi qarşılığı olmalıdır. Sosial layihələrdə belə, bir məqsəd güdməlisən”. Azərbaycanda da insanlara uşaq yaşlarından etibarən öyrətmək lazımdır ki, onların birinci növbədə məqsədləri olmalıdır: “İnsan ot və ya mamır kimi məqsədsiz yaşaya bilməz. Hazırda bizim cəmiyyətimizin əsas problemlərindən biri uşaqların məqsədsiz böyümələridir. Tələbələrimizin böyük əksəriyyəti nə üçün oxuduqlarını bilmirlər”. Müsahibimizin sözlərinə görə, Azərbaycanda İT (informasiya texnologiyaları) sahəsində yeni biznes təşəbbüsləri çoxalmaqdadır: “Ümumi götürdükdə isə, Azərbaycan gəncləri bu sahədə passivdirlər. Bunun əsas səbəbkarı ölkənin təhsil sistemidir. Azərbaycan təhsil sistemi gənclərdə yeni təşəbbüslər irəli sürməyə həvəs oyatmır”. Elvin Əliyev http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=65997 |