Beynəlxalq Mendeleyev Olimpiadasında qızıl medal qazanan oğlan

 O artıq Kanadanın Alberta Universitetinin tələbəsidir

Bildiyimiz kimi, bu ilin mayında Bakıda məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçirilib. Dünyanın 14 ölkəsindən şagirdlərin qatıldığı bu olimpiadada azərbaycanlı şagirdlər bir qızıl, üç bürünc medal qazanıblar.

Bu bilik yarışmasındaında ölkəmizi təmsil edən 12 məktəblidən biri Lənkəran Özəl Türk Liseyinin şagirdi Aqil Əzimzadə Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalına layiq görülüb.

Aqil 1993-cü ildə Lənkəran rayonundakı Verarul kəndində doğulub. VI sinfə kimi Verarul kənd orta məktəbində oxuyub. Sonra Lənkəran Özəl Türk Liseyinin VII sinfinə qəbul olub. Bu il həmin liseyin XI sinfini bitirib.

O, 2008-2010-cu illərdə Respublika Kimya Olimpiadasında gümüş və qızıl medallara layiq görülüb.

2008-ci ildə Cənubi Koreya Respublikasında kimya, fizika və biologiya fənləri üzrə keçirilən V Beynəlxalq Elm Olimpiadasında III yeri tutaraq bürünc medalla kifayətlənib, 2009-cu ilin aprelində Türkmənistanda keçirilən 43-cü Beynəlxalq Mendeleyev Olimpiadasında İngiltərədə düzənlənən kimya üzrə Dünya Olimpiadasında da bürünc medallarla Vətənə qayıdıb.

Nəhayət, 2010-cu ilin mayında Bakıda məktəblilərin kimya üzrə keçirilən 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasında 3 turun nəticəsinə görə ən yüksək bal toplayan Aqil qızıl medala layiq görülüb. Həmin Olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən Təhsil naziri Misir Mərdanov, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, təşkilat komitəsinin həmsədri Valeri Vasilyeviç Lunin, kimyaçı alim, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov Aqil Əzimzadəni və bürünc medal qazanmış şagirdlərimizi bu möhtəşəm bilik yarışında uğur qazanmaları münasibəti ilə təbrik edibilər.

Bu günlərdə Aqillə telefon əlaqəsi yaradaraq, şəklini redaksiyamıza göndərməsini xahiş etdim. Sonra bir xeyli söhbətləşdik. Onun yüksək təhsil alması üçün hər cür şəraitin yaradıldığına görə, Azərbaycan Prezidenti İlham Əliyevə, Təhsil Naziri Misir Mərdanova öz dərin təşəkkürünü bildirdi. Oxuduğu Lənkəran Özəl Türk Liseyinin kimya müəllimi Yaqub Özkelikə, Bakı Dövlət Universitetinin kimya müəllimi Xamməd Əsədova, “Qafqaz” Universitetinin müəllimi Yusif Abdullayevə ona göstərdikləri qayğıya, yüksək bilik əldə etməsində hər cür köməklik göstərdiklərinə görə minnətdarlıq etdi. Sonra Aqil sevincək halda onu da fəxrlə əlavə etdi ki, artıq Kanadanın Alberta Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olunmuşam. Hazırda Yaponiyanın Tokio şəhərində kimya üzrə keçirilən Dünya Olimpiadasına hazırlaşıram. Oradan da medalla qayıdacağını valideynlərinin və müəllimlərinin başlarını uca edəcəyini əminliklə dilə gətirdi.

Biz də Aqil Əzimzadəyə bütün bu məsuliyyətli işlərində uğurlar diləyir, ona daha uca zirvələr fəth etməyi arzulayırıq!

TƏHSİL aylıq jurnal

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Orqanı 

Sentyabr 2010

Ə. Daşdəmirli

                                        


 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF