Türk dili sevdalıları könülləri coşdurur

2003-cü ildə 17 ölkədən 62 məktəblinin iştirakı ilə ilk müsabiqəsini keçirən Beynəlxalq Türk Dili Olimpiadası builki, onuncu yarışın məşəlini 135 ölkədən gəlmiş 1500 məktəblinin iştirakı ilə yandıraraq öz işinə başladı.


Türkiyənin məşhur şoumeni Bəyazid Öztürkün apardığı olimpiadanın tamaşaçıları arasında Türkiyənin dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət və media nümayəndələri, eləcə də qonşu ölkələrdən gəlmiş yüksəkrütbəli məmurlar, elm, mədəniyyət xadimləri var.

Türkiyənin, eləcə də digər türkdilli ölkələrin hər il fərəh və göz yaşları ilə izlədikləri Beynəlxalq Türk Dili Olimpiadasının builki mərhələsi öz işinə başladı. “İnsanlıq əl-ələ, bayram o bayram ola” devizi ilə öz işinə başlayan builki tədbirlərə dünyanın ən müxtəlif irqlərini, din və dillərini təmsil edən, Braziliyadan Vyetnama, Pakistandan Amerikaya qədər dünyanın dörd bir tərəfindən gəlmiş məktəblilər qatılıblar. Onlar türk dili sevdalılarıdır. Hamısı da türkcə danışır, mahnı, şeir oxuyur.

Afrikadan gəlmiş qaradərili bir məktəblinin Türkiyənin qüruru olan “İstiqlal” marşını oxuması dövlət başçısından tutmuş, sıravi vətəndaşadək hər kəsin köksünü qabardır, gözlərinə fərəh yaşı endirir.

Türkiyə dövləti, hökuməti və eləcə də iş dünyası tərəfindən dəstəklənən, rəğbət görən bu tədbir haqqında təhsil naziri Ömər Dinçər belə deyir: “2100-cü ildə dünyada işlək dilin sayı çox az olacaq. Amma biz inanırıq ki, o az dillərin arasında bizim sevimli türkcəmiz də var. Çünki məhz bu möhtəşəm tədbir sayəsində türk dili dünya dilləri arasında sürətlə irəliləyərək yayılır, sevilir və rəğbət qazanır”.

Tədbirin açılış mərasimində Türkiyənin dövlət və hökumət nümayəndələri, İstanbul rəhbərliyi, tanınmış elm, mədəniyyət və media nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan məktəbliləri 2003-cü ildə keçirilən ilk olimpiadadan bəri bütün yarışlarda uğurla iştirak ediblər və dəfələrlə yarışın qalibi olaraq, ölkəmizə medallarla dönüblər.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43716

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır