Türk dili olimpiadası və ya İstanbuldan Bakıya uzanan sevgi yolları

Heydər Əliyev Beynəlxalq Aeroportuna toplaşan həmkarlarım qısa tanışlıqdan sonra Türkiyə haqqında keçmiş təəssüratlarını və xatirələrini bölüşürdülər. İstanbulun gözəlliklərini tərifləyə - tərifləyə doymayanlar da var idi, səfər proqnozlarını səsləndirənlər də. Həmkarlarımın bəziləri İstanbulu “su yoluna döndərmişdi”, bəziləri isə bu meqapolislə ilk görüşə yollanırdı. 10-cu Beynəlxalq Türk Dili Olimpiadasında iştirak etmək üçün İstanbula səfərimiz belə başladı.
Türkün möhürü - Sultan Ahmet məscidi
2 saat yarımlıq uçuşdan sonra İstanbula, Türkiyənin ilk qadın pilotu Sabiha Gökşenin adını daşıyan hava limanına çatdıq. Artıq hava da qaralırdı, qanımız da. Çünki ilk günü İstanbulun gözəlliklərini gəzmədən hoteldə keçirəcəyimizi düşünürdük. Amma təşkilatçıların sürprizi korlanan əhvalımızı da, yol yorğunluğumuzu da yadımızdan çıxardı. Kasımpaşada dəniz kənarında şam yeməyi İstanbulun gecə gözəlliklərini tox qarın və acgözlüklə izləməyimizə vəsilə oldu. Anadolu yakasından Avropa yakasına doğru uzanan sonsuz dəniz sahilləri, yaşıllıqlar və məscidlər bir saatdan artıq davam edən yolçuluğumuzu daha mənalı edirdi. Amma Sultan Ahmet məscidinə çatanda təəccüb və marağım daha da artdı. Gecənin qaranlığı Sultan Ahmet məscidinin əzəmətinə şahidlik etməyə mane olmurdu. Onun tarixini öyrəndikcə isə bu ecazkar tikiliyə daha çox valeh oldum. Sultan Ahmet dünyaya türkün gücünü göstərir, cümlə-cahana əsl möcüzənin nə olduğunu izah edir.
Burada bir haşiyə çıxıb onun ərsəyə gəlmə səbəblərini qeyd etmək istərdim. 1453-cü ildə Osmanlı İstanbulu fəth etdikdən sonra böyük bir mədəni qənimətə də sahib çıxmışdı. O cümlədən, Ayasofya məbədi türklərin əlinə keçmişdi. Ayasofya xırda rekonstruksiyadan sonra müsəlman abidəsinə çevrildi. Amma bu, xristianları daha da qıcıqlandırdı. Onlar müsəlmanların heç bir mədəniyyətə sahib və  Ayasofya kimi məbədi yaratmaq iqtidarında olmadıqlarını söyləyirmişlər. Osmanlı sultanı Birinci Əhməd isə bütün bu fısıltıları boğmaq və xristianlara türkün gücünü göstərmək üçün memar Sedefkar Mehmetə bu məscidi tikdirir. Özü də xüsusilə tapşırıq verir ki, bu məscid Ayasofya məbədinin qarşısında tikilməlidir ki, hamı müqayisə apara bilsin. Beləliklə, bizim 3 gün öncə ətrafında şəkil çəkdirmək üçün növbəyə düzüldüyümüz möhtəşəm Sultan Ahmet məscidi ərsəyə gəlir. Məscidi ziyarətə gələn avropalıların böyük heyrəti və təəccübü də, əslində, onların türk mədəniyyətini və gücünü qısqandıqlarını bir daha nümayiş etdirir.
Bəşəriyyət tarixinin bənzərsiz salnaməsi
Ayasofya məbədi dünyanın sirrlərini bəlkə də ən çox bilən, bəşər tarixinin ən böyük müharibələrinə, ən böyük sülhlərinə, düşmənliklərə və barışa, Bizansa, Osmanlıya şahidlik etmiş, qədim və orta əsr tarixinin bütün sirlərini dilsiz daşlarına həkk etmiş böyük bir tarixdir. 17 əsrdir bu dünya ilə yaşayan, sahiblərini, hökmdarlarını, qullarını, keşikçilərini, keşişlərini, axundlarını torpağa basdıran, basdırdıqca da ucalan bənzərsiz bir salnamədir. Dəmir darvazalarından içəri ayaq basan kimi cavabını bilmədiyim və heç vaxt da tapa bilməyəcəyim qeyri-iradi suallar diqqətimi yayındırır, sirli mozaykaları, tilsimli rəsmləri sakit və sükutla izləməyə mane olurdu. Görəsən, Fateh Sultan Mehmet fəthdən sonra ilk cümə namazını bu böyük məbəddə qılarkən Allaha dua edərək nə deyirdi, hansı hissləri keçirirdi? Yəqin ki, belə böyük gücü və qüdrəti türk xalqına bəxş edən böyük yaradana təşəkkürünü bildirirmiş... Ya da...
Rəvayətə görə, İstanbulun fəthinə az qalmış Ayasofyanın divarlarında çatlar yaranıbmış. Tarixin ironiyasına bax ki, bu çatları təmir etmək bir türk memara həvalə olunub. Və o türk memar divarlardakı çatları əlavə bəndlər tikərək aradan qaldırıb. O bəndlər ki, sonradan Osmanlı sultanları həmin bəndlərin üzərində minarələri tikdiriblər. Memar işini qurtardıqdan sonra Fateh Sultan Mehmetə deyir ki, artıq mən minarələrin yerləşəcəyi bəndləri tikmişəm. İndi oraya sahib olmaq və minarələri ucaltmaq sənin öhdənə qalıb. Söz yox ki, sultan memarın sözü ilə və onun acığına İstanbulu fəth etməyib. Amma bu dialoqun özü tarixi zərurəti və İstanbulun ən çox kim tərəfindən haqq edildiyini ən bariz şəkildə ortaya qoyur.
Cümhuriyyətin ifadəsi
İstanbulun hər guşəsi böyük bir tarixi özündə yaşadır. Amma Taksim meydanının ifadə etdiyi tarixi həqiqətlər türk xalqının qürur duymalı gerçəkliklərdir. Taksim meydanı Türkiyə Cümhuriyyətini ifadə edən rəmzdir. Meydanın mərkəzində yerləşən Atatürk və silahdaşlarının bürüncdən və qiymətli daşlardan hazırlanmış heykəli bu dairəvi yollar qovşağına xüsusi məna verir. Burada hərəkət etmək xeyli müşkül məsələdir. Gecə yarısı onminlərlə insanın arasında həm yolunu, həm də yol yoldaşlarını itirməmək qəhrəmanlıq olardı. Amma çox təəssüf ki, biz o qəhrəmanlığı göstərə bilmədik. Bir qrup halında daxil olduğumuz Taksimdən müxtəlif qruplara bölünərək ayrıldıq.
Üsküdara gedərkən...
Cümhuriyyətin yaradılış izlərini ən çox daşıyan bölgələrdən biri də şübhəsiz ki, Üsküdardır. Tarixi binaların, qədim üslublu evlərin böyük üstünlük təşkil etdiyi, şəhərin qatmaqarışığından yorulmuş və sakitlik axtaran istanbulluların əsas iqamətgahlarından biridir. Şəninə mahnılar qoşulan, şeirlər yazılan məşhur Üsküdarın ən məşhur bölgələrindən biri Çamlıcadır. Yerli əhali bura aşiqlər səmti də deyir. Hər tərəfi şam ağacı ilə bəzənmiş, yaşıllıqlar məskəni və hər nəsildə insanın istirahət yeri olaraq tərcih etdiyi Çamlıcaya bizlər də üz tutduq. Buranı xüsusi edən səbəblərdən biri Günəşin batışının ən aydın və möhtəşəmliyi ilə Çamlıca təpəsindən izlənilməsidir. Burada günəşin qürub anını seyr edərək bir stəkan çay içmək zövqünü heç nə əvəz edə bilməz...
Əsas hədəf: ən doğru və ən tez
İstanbulda ikinci günə “Cihan” xəbər agentliyi və “Zaman” qəzeti ilə tanışlıqla başladıq. Türkiyənin ən tirajlı qəzeti olan və gündəlik bir milyondan artıq oxucu ilə görüşən “Zaman” qəzetindən olan həmkarlarımız Azərbaycanı nə qədər çox sevdiklərini və ölkəmizdə baş verən böyük müsbət dəyişiklikləri maraq və sevinclə izlədiklərini bildirdilər. “Cihan” xəbər agentliyi isə Azərbaycan sevgisini Bakıda nümayəndəliyini yaradaraq göstərib. Agentlik üçün əsas məqsəd ən doğru xəbəri ən tez zamanda insanlara çatdırmaqdır. Agentliyin iş prinsipləri ilə yerində tanış olan azərbaycanlı jurnalistlər qardaş ölkədəki həmkarlarımıza müsahibə də verməyə macal tapdılar.
“Saman yolu” televiziyası ilə tanışlığımız da maraqlı səhnələrə şahidlik etdi. Burada türkiyəli həmkarlarımızın göstərdiyi diqqət və xoş münasibət də bizi yetərincə məmnun etmişdi.
İstanbulda TÜRKÜN olimpiadası
Və nahəyat, əsl məqsədə gəlib çatdıq. İstanbul Sərgi Mərkəzi sayca 10-cu Beynəlxalq Türk Dili Olimpiadasına ev sahibliyinə əla hazırlaşmışdı. Ümumiyyətlə, Türkiyə, ən əsası İstanbul bu tədbirə hazırlıq zamanı hər bir detala həssaslıq göstərib. Son bir ayda bütün Türkiyə mediasında bununla bağlı materiallar əksini tapıb, böyük stendlərlə tədbirin reklamı aparılıb. Aparılan təbliğat işləri isə buraya toplaşan onminlərlə insanın timsalında öz uğurlarını göstərirdi.
10-cu Beynəlxalq Türk Dili Olimpiadasına dünyanın 135 ölkəsindən 1500 məktəbli qatılıb. Əsas məqsədi türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanış olmaq, onları bir araya gətirmək olan yarışmada şagirdlər inşa, qrammatika, nitq, xalq rəqsləri, şeir, rəsm, tamaşa, musiqi, dünyagörüşü daxil olmaqla 14 kateqoriyada çıxış ediblər. Azərbaycanı bu olimpiadada təmsil edən 65 məktəbli də xüsusi fəallığı ilə həm təqdir, həm də diqqət toplayıb.
Əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan olimpiadanın keçirilməsinə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ayrı-ayrı ölkələrdəki nümayəndələri fəal dəstək göstərirlər. Ölkəmizdən beynəlxalq müsabiqədə iştirak edən məktəblilərin seçimi Təhsil Nazirliyinin dəstəyi ilə “Çağ” Öyrətim İşlətmələri Şirkəti tərəfindən aparılıb. Elə azərbaycanlı media əhlinin bu tədbirdə iştirakı da “Çağ” Öyrətim İşlətmələri Şirkəti, “Zaman” qəzeti və Qafqaz Universitetinin təşəbbüs və təşkilatçılığı ilə reallaşıb.
Bizim mayakımız - üç rəngli BAYRAĞIMIZ!
Əvvəlcə, İstanbul Sərgi Mərkəzi kimi böyük bir məkanda Azərbaycan guşəsini necə tapacağımla bağlı suallar məni narahat etdisə də, az sonra bütün narahatçılığım yerini haqlı bir qürura verdi. Qarşıdan gələn hər kəsin əlində Azərbaycanın üçrəngli bayrağı həfifcə dalğalanırdı və bu bayraqlar mənim üçün mayak olmuşdu. Bayraqların-mayakların izi ilə Azərbaycan guşəsinə üz tutdum.
Dünyanın müxtəlif ölkələrindən türkdilli xalqların pavilyonları bir-birini əvəz edirdi. Hər kəs öz mədəniyyətini və tarixini yüksək səviyyədə təqdim etmək üçün bir-biri ilə yarışırdı. Afrika xalqlarının ritmik rəqs musiqiləri, zərb alətləri, Rusiya Federasiyasından gəlmiş türkdilli xalqların milli musiqi və məişət alətləri, avropalıların öz təqdimatlarına hopmuş soyuq duruşlarını gördükdən sonra sıra sərgidəki BİZimlə tanışlığa gəlmişdi.
Sərgi salonunda ən böyük guşə Azərbaycana məxsus idi. Burada xalqımızın mədəniyyətini, tarixini və bu gününü xarakterizə edən rəsmlərdən, kiçik heykəllərdən ibarət mükəmməl bir təqdimat hazırlanmışdı. Qız qalası, Mömünə Xatun türbəsi, Nizaminin məqbərəsi, Şirvanşahlar sarayı, İçərişəhər, Şəki Xan Sarayının maketləri, eləcə də, xalqımızın mədəniyyətini, adət-ənənələrini əks etdirən müxtəlif məişət əşyaları, musiqi alətləri, milli geyim nümunələri qardaş ölkə ictimaiyyətinin məmnun baxışları ilə canlanırdı. Qonaqlara, həm də ev sahiblərinə təqdim olunan paxlava dilimləri isə onların dillərini yetərincə şirin edirdi... Tariximizi bu günümüzə daşıyan bu guşə bizə özümüzlə nə qədər qürur duysaq azdır, söylətdirirdi.
Eşqimiz bir, yolumuz bir- Azərbaycan - Türkiyə
Sərgi ilə tanışlıqdan sonra açıq havada təşkil olunan Azərbaycan konsertinin tamaşaçısı olduq. Olimpiadanın azərbaycanlı qəhrəmanları Azərbaycan sevgisi ilə oraya toplaşan minlərlə qan qardaşlarımıza sözün həqiqi mənasında unudulmaz bir musiqi bayramı yaşadaraq, bayramı bayrama qatdılar. Uşaqlarımızın ifasında səslənən “Qarabağ şikəstəsi”, “Sarı gəlin”, “Çırpınırdı Qara dəniz”, “Azərbaycan” mahnıları gurultulu alqışlarla biri-birini əvəz edərkən biz media əhli də bu möhtəşəm anı fotoaparatımızın yaddaşına köçürmək üçün daha münasib mövqe axtarışında idik. Minlərlə insanın əlində Azərbaycan bayrağı, dilində Azərbaycan türkcəsi bizim balaca sənətçilərimizə yoldaşlıq etməsini həyəcansız izləmək mümkün deyildi.
Balaca bir azərbaycanlı şagirdin dilindən səslənən böyük Nazim Hikmətin “Günəşi içənlərin türküsü” adlı möhtəşəm şeir minlərlə tamaşaçını ayağa qalxmağa və bu möhtəşəm şeir ziyafətini ayaq üstə alqışlamağa vadar etdi.
Konsertin sonuncu musiqi parçası isə əslində bu gecənin ən gözəl xülasəsi idi.
“Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan - Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan - Türkiyə.
Beləliklə, İstanbulda bir qardaşlıq örnəyi, birlik səhnəsi daha yaşandı. Mən də bu səhnənin canlı şahidlərindən olduğum üçün özümü şanslı sayıram.
Balaca Mərdin böyük dərsi
12 yaşlı Mərd və bacısı 10 yaşlı Suna Azərbaycan konsertinə anaları ilə gəlmişdilər. Məndən sadəcə bir neçə addım öndə getdikləri və uşaqlar yüksək səslə danışdıqları üçün danışıqlarını eşidə bilirdim. Suna əlindəki Azərbaycan bayrağını yelləyərkən əlindən salmışdı. Bu “səhvi” isə ona baha başa gəldi. Qardaşı Mərd onu bayrağı əlindən saldığı üçün əməlli başlı danlayırdı: “Sən necə olur ki, qardaş ölkənin bayrağını düşürürsən? Bu, ABD bayrağı deyil, qardaşlarımızın bayrağıdır”.
Suna israrla bayrağı qəsdən salmadığını, əlindən düşdüyünü sübut etməyə çalışsa da, qardaşını yola gətirə bilməmişdi. Mərdin cavabı yenə hazır idi: “Əgər o bayrağı daşıya bilməyəcəksənsə, əlinə almayacaqsan”.
İnsanın əlindən bu heyrətamiz mənzərə qarşısında sadəcə susub dinləməkdən başqa heç nə gəlmir...
Tükənməz sevgi yollarının yolçuları
Əslində, İstanbulda qardaş ölkə vətəndaşlarının Azərbaycana sevgisini ən gözəl şəkildə ifadə edən bu kimi səhnələri çox yaşadıq. Gündə yüzminlərlə insana xitab edən yazarlardan da, dəniz kənarında balıq tutan sadə istanbulludan da gördüyümüz münasibət bizi həm sevindirir, həm də qürurlandırır. Demək ki, ulularımızın, öndərlərimizin qurduğu bəndlər çox sağlamdır, zaman - zaman türkün arasına girmək istəyən mikroblara qarşı qardaş xalqlar yaxşı vaksinlidirlər, demək ki, ortaq tarix və mədəniyyət hər şeydir və nəhayət, sevgimiz səmimi və möhkəmdir. Biz isə İstanbuldan-Bakıya, Azərbaycandan Türkiyəyə uzanan sevgi yollarının növbəti yolçuları idik.
Aqşin ŞAHİNOĞLU
Bakı-İstanbul-Bakı
http://www.yeniazerbaycan.com/news/15853.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır