“Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” başa çatmışdır

31 may - 1 iyun 2012 tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə Türkiyənin Amasya Universitetində “Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” keçirilmişdir.
Mayın 31-də simpoziumun açılış mərasimində Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin sədri Mütallip Ulutanrıverdi, həmin dərnəyin fəxri üzvü Orhan Kayıhan, Qafqaz Universitetinin dosenti, Qafqaz Araşdırmaları İnstitutunun direktoru Mehmet Rıhtım, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli, Amasiya Universitetinin rektoru, professor Metin Orbay, Giresun Universitetinin rektoru, professor Aygün Attar iştirakçıları salamlayaraq Həmzə Nigarinin ömür yolu və yaradıcılıq fəaliyyəti haqqında mülahizələrini paylaşmışlar. Açılış mərasimində çıxış edən natiqlər Qarabağ mövzusunu xüsusi olaraq dilə gətirməklə gələcəkdə Həmzə Nigari Simpoziumlarından birinin Qarabağda təşkil olunması arzusunu ifadə etmişdir. Nəzərə çatdırılmışdır ki, Qarabağ ədəbi irsinin Amasiyada Həmzə Nigari ilə davam etməsi türk dünyası tarixində böyük hadisədir, araşdırılmağa hər zaman ehtiyac duyulur.
Simpoziumda çıxış edən Azərbaycan Respublikasının millət vəkili Qənirə Paşayeva  bildirmişdir ki, Amasiya XIX əsrdə Azərbaycanın müxtəlif bölgələrindən  köç edən insanlara qucaq açmışdır. Amasiya bizim üçün qürur və fəxr bölgəsidir. Bu gün Həmzə Nigarini təkcə anmaq yox, gənclərə lazımi şəkildə anlatmaq, onun zəngin elmi-nəzəri irsinə sahiblənmə duyğularının aşılanmasının vacibliyini qeyd etmişdir. Nigarinin qazi kimi qazi, elm adamı kimi elm adamı, könül adamı kimi könül adamı olduğunu xüsusi vurğulamışdır. 
Simpoziumun açılış mərasimində İstanbul Universitetinin professoru, tanınmış təbib İbrahim Yıldırım və Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutunun direktoru Mehmet Rıhtım Həmzə Nigarinin ömür yolu və ədəbi yaradıcılığı ilə bağlı tədqiqatlardan və bu sahədə qarşıda duran vəzifələrə aid geniş məruzələri dinlənilmişdir. Onlar Həmzə Nigari irsinin qorunması və təbliği məqsədilə həm Amasiyada, həm də Azərbaycanda muzey və mərkəzlər yaradılması zamanının yetişdiyini dilə gətirmişlər. 
İyunun 1-də simpozium iki bölmədə öz işini davam etdirmişdir. Bölmə iclaslarında Azərbaycan və Türkiyədən olan 50-dən çox ədəbiyyatşünas, dilçi, mənbəşünas, tarixçi, folklorşünas, memar, filosof alimlərin və digər elm adamlarının Şərq fəlsəfəsi, Həmzə Nigarinin dövrü, həyatı, poetikası, müəllimləri, ədəbi irsində Qarabağ ruhu, divan ədəbiyyatı, siyasi və mədəni həyatın səhifələri, dil və ədəbi özəlliklər, dil və üslub xüsusiyyətləri, XIX əsr İslam bölgəsinə təsir, şeiriyyətin seyri və mənəvi-mədəni tarixin təsviri mövzuları ətrafında məruzələri dinlənilmişdir. Həmçinin, Qafqaz Universiteti, Qafqaz Araşdırmaları İnstitutunun əməkdaşları dos.Mehmet Rıhtım, prof.dr.Minaxanım Təkləli və Fəridə Əliyeva məruzə ilə çıxış etmişlər. Simpozium zamanı Həmzə Nigarinin divanından səsləndirilən parçalar dinləyicilərin ruhunu oxşamış, onlara Qarabağ acısını canlı şəkildə bir daha yaşatmışdır. 
MİRAS İctimai Birliyi və Qafqaz Universiteti adından tədbirin fəxri qonaqlarına xüsusi hədiyyələr təqdim olunmuşdur. 
Azərbaycanın xalq musiqiçiləri və rəqqasları simpozium iştirakçıları qarşısında və Amasiya şəhərinin Şahzadələr meydanında maraqlı proqramla çıxış etmişlər. 
Simpozium iştirakçıları Amasiya şəhərinin tarixi və görməli yerləri ilə, o cümlədən Həmzə Nigari və İsmayıl Şirvaninin türbələrini ziyarət etmişlər.
Amasiya valisi Abdil Celil Öz və Amasiya Universitetinin rektoru Metin Orbay Azərbaycan nümayəndə heyətini qəbul etmişdir.
Simpozium çərçivəsində keçirilən tədbirlər Türkiyə mediasında geniş işıqlandırılmış, açılış mərasimi isə TRT AVAZ kanalı ilə canlı yayımlanmışdır. 
http://qu.edu.az/view_news.php?news=2343&link=224&lang=az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır