İstanbulu mənə sevdirən 3 gün

Bu böyük şəhərin hər yerində Azərbaycana qarşı xüsusi məhəbbət gördük

Atatürk hava limanının personalı avropalılar kimi nizam-intizamlı və işinə məsuliyyətlə yanaşan insanlardan qurulub. Bundan öncə bir neçə dəfə İstanbula gedərkən bunun canlı şahidi olmuşdum. Hətta sonuncu dəfə bizim nümayəndə heyətindəkilərdən birinin təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisəsi düşmüş, onu saxlamışdılar. Nümayəndə heyətimizdəki azərbaycanlı millət vəkili nə qədər çalışsa da, onu azad etmirdilər. Amma bu dəfə nümayəndə heyətimizdəkilərdən biri təhlükəsizlik xidmətinin əməkdaşına «abi, onsuz da vərdiş etmisiniz, biz Azərbaycandan gələnləri yoxlamadan buraxa bilərsinizmi» deyə müraciət edəndə onun üzü güldü. «Əlbəttə ki, biz qardaşıq, keçə bilərsiniz» deyə cavab verdi.

Deməyim odur ki, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə İstanbula 3 günlük səfərimiz zamanı bu böyük şəhərin hər yerində özümüzə qarşı xüsusi məhəbbət gördük. Qeyd edək ki, biz Türkiyəyə bu il onuncusu keçirilən Beynəlxalq Türk dili olimpiadasına tamaşaçı olmaq üçün yollanmışdıq. Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu olimpiadaya 135 ölkədən 5000 uşaq qatılıb. Finalı iyunun 14-də olacaq olimpiadada iştirakçılar türk dilində şer söyləyir, rəqs edir və başqa kateqoriyalarda öz qabiliyyətlərini nümayiş etdirirlər. Olimpiadanın keçirilməsində məqsəd dünyanın müxtəlif ölkələrində türk dilinin gözəlliyini və əzəmətini nümayiş etdirmək, tanıtmaq və sevdirməkdir. Ötən il Azərbaycan olimpiadada 7 qızıl, 10 gümüş, 4 bürünc medal qazanıb. Bu il də bir Azərbaycan nümayəndəsi qızıl medala layiq görülüb.

X Türk Dili Olimpiadasının açılış mərasimində iştirak etmək üçün “Çağ” Öyrətim İşlətmələri Şirkətinin və Qafqaz Universitetinin təşkilatçılığı ilə Azərbaycandan bir qrup mətbuat nümayəndəsi qardaş ölkəyə səfər edib. İyunun 1-dən 3-dək davam edəcək səfər çərçivəsində Azərbaycan media nümayəndələri iyunun 2-də Beynəlxalq Türk Dil Olimpiadası çərçivəsində keçirilən Azərbaycan gecəsinə də tamaşa etdilər. Tədbirdə azərbaycanlı uşaqlar Azərbaycan və türk musiqiləri ifa etdilər, türkcə şeirlər səsləndirdilər. Tamaşaçılar uşaqlarımızın ifasında Azərbaycan rəqsləri ilə də tanış olmaq imkanı əldə etdilər. Tədbirin keçirildiyi yerdə iynə atsan yerə düşməzdi. 350 nəfərlik Azərbaycan nümayəndə heyəti ilə yanaşı, xeyli sayda Türkiyə vətəndaşı uşaqlarımızın çıxışını maraqla izləyirdi. Tədbirdən sonra olimpiadalarda bir neçə ildir iştirak edən təcrübəli türk dostlarımız «hər il Azərbaycan göstəriləri olanda belə olur. Başqa ölkələrin çıxışları olanda isə zal boş qalır. İştə Azərbaycan bizim üçün bir başqa».

Olimpiada çərçivəsində İstanbul muzey Mərkəzində tədbirdə iştirak edən 135 ölkənin stendləri də qurulmuşdu. Bu stendlərdə həmin ölkələrdən olan uşaqlar iştirak edirdi. «İnsanlıq əl-ələ» devizi ilə keçirilən tədbirdə dünyanın hər yerindən – həm Afrikadan, həm Asiyadan, həm Avropadan, həm də Avstraliyadan olan uşaqları görmək mümkün idi. Çox maraqlı bir mənzərə yaranmışdı. Başqa sözlə demək, həqiqətən insanlıq əl-ələ idi. Qurulan stendlər arasında Azərbaycanın stendi isə ən böyüyü idi. «Bu əvvəlki illərdə də belə olub, bu il də belədir» - deyə təşkilatçılar qürurla vurğulayırdılar. «Azərbaycanın bizim üçün önəmi bir başqadır» deyə əlavələrini də edirdilər.  

Azərbaycanın türklər üçün önəmi
Doğurdan da, Azərbaycanın türklər üçün bir başqa olduğunu söyləmək mümkündür. Şəxsən biz bunu keçirdiyimiz bütün görüşlərdə, getdiyimiz bütün yerlərdə gördük. Məsələn, bizim qaldığımız otelin əməkdaşlarından biri Azərbaycandan olduğumu bilincə məni bağrına basdı. «Mənim babam da azərbaycanlıdır. Vaxtilə Qarsa gələrək orada məskunlaşıb» dedi.

Bizim qrupa ayrılmış avtobusu idarə edən sürücü də davamlı olaraq azərbaycanlılara məhəbbətindən danışırdı. İndiyədək Azərbaycanda olmamasını böyük bir çatışmazlıq kimi qələmə verən sürücü imkan düşən kimi bu arzusunu reallaşdıracağını deyirdi.

Səfər zamanı bizim nümayəndə heyəti Türkiyənin bir neçə tanınmış telekanalında – Kanal D-də, CNN Turk-də, Samanyolu-nda, LİG TV-də, «Zaman» qəzetində, «Cihan» agentliyində oldu. Orada görüşdüklərimizin hamısının Azərbaycan haqda kifayət qədər məlumatlı olduqlarını gördük. Demək olar ki, görüşdüklərimizin hamısı «Azərbaycan bizim üçün bir başqa ölkədir» dedilər.

Bizə 2 saatını ayıran Barış Tünay
CNN Turk-dəki görüşümüz xüsusilə əlamətdar oldu. Bu telekanalın genel müdiri Barış Tünay çox pozitiv bir həmkar idi. İşinin gərgin vaxtında bizə 2 saata yaxın vaxt ayırdı, bütün studiyalarını gəzdirdi, canlı yayım gedən studiyalara apardı, bütün suallarımızı cavablandırdı. CNN Turk-də gördüklərimiz həqiqətən çox mükəmməl idi. Xüsusilə də bizim telekanalları təmsil edən həmkarlarımız bu görüşdən xeyli faydalandılar. Barış bəylə görüşdə Azərbaycan-Türkiyə əlaqələri, media orqanlarının iki qardaş ölkənin problemlərinə münasibətindən də danışdıq. Bizimkilər Türkiyə telekanallarının Azərbaycan haqqında az məlumat vermələrindən şikayətləndilər. Barış bəy bu iradla razılaşdı, amma əlavə etdi ki, onlar Azərbaycan haqqında xəbər qıtlığı yaşayırlar. Azərbaycandakı xəbərlərə çıxış imkanları olsa, bizdən daha çox xəbər verə bilərlər. Biz eyni iradları «Zaman» qəzetinin rəhbərliyi ilə görüşdə də səsləndirdik. Onlar da eyni səbəb gətirdilər: “Bizə Azərbaycanla bağlı xəbərlər az gəlir”. Sonra da əlavə etdilər ki, yaxın vaxtlarda bu problem aradan qaldırılacaq. Çünki bu günlərdə «Zaman»ın təmsil olunduğu media holdinqə daxil olan «Cihan» xəbər agentliyinin Bakı bölməsi fəaliyyətə başlayıb. Bu bölmə mütəmadi olaraq Azərbaycan xəbərlərinə yer ayıracaq.

Türkiyəli jurnalistlərlə görüşdə türk mediasının ermənilərə aşırı məhəbbətindən, türk telekanallarında «Sarı gəlin»in erməni musiqisi kimi təqdim edilməsindən, erməni jurnalist Hırant Dinkin ölümündən sonra keçirilən aksiyalarda səsləndirilən «Hepimiz erməniyiz» şüarından da gileyləndik. B.Tunayın bu iradlara münasibəti çox tolerant oldu: “Arkadaşlar, mən öz adıma mesajımı aldım». Bizimkilər ona bir müddət ermənilərin müdafiəçisi kimi çıxış edən Mehmet Əli Biranddan da xeyli şikayət etdilər. O da diplomatcasına bu iradlara münasibət bildirməkdən yayındı.

Redaksiyası “Azərbaycan” nəşriyyatından böyük olan “Zaman” qəzeti
Səfər zamanı diqqəti cəlb edən görüşlərdən biri də «Zaman» qəzetində oldu. Qeyd edildi ki, hazırda «Zaman» Türkiyənin ən tirajlı qəzetidir. Qəzetin gündəlik tirajı 1 milyon 342 mindən çoxdur. Bircə faktı demək kifayətdir ki, qəzetin hazırda yerlədiyi bina bizim yüzlərlə qəzetimizin məskunlaşdığı «Azərbaycan» nəşriyyatının binasından böyükdür. Qəzetdə yayım işi ilə məşğul olanlardan əlavə 4000 əməkdaş çalışır. Xəbərlərin xarakterindən asılı olaraq qəzetin gün ərzində bir neçə nömrəsi çap olunur. Rəngli nəşr olunan, səhifələrinə görə, bizim gündəlik qəzetləri 2 dəfə üstələyən «Zaman»ın bir nüsxəsinin qiyməti cəmi 40 kuruş, bizim pulla 20 qəpikdir.

Təbii ki, bizim həmkarlar türkiyəli həmkarlarının aylıq gəlirləri də maraqlandılar. Məlum oldu ki, Türkiyə mediasında çalışan adi repartyorun ortalama əmək haqqı 1000-1500 dollardır. Amma köşə yazarları bundan dəfələrlə çox alırlar. Barış bəy dedi ki, köşə yazarlarının alacaqları onların məşhurluğuna görə müəyyənləşir. Elə tanınmış yazarlar var ki, onların həftəsinə 10 min dollardan çox verilir. Bunun bizə heç vaxt qismət olmayacağını bildiyimizdən mövzunu çox uzatmayıb başqa mətləblərə keçid aldıq. 

Azərbaycan fədaisi Süleyman bəy
Bu yazıda səfəri koordinasiya edən «Zaman» qəzetinin əməkdaşlarının fədakarlığını qeyd etməmək ədalətsizlik olardı. 3 gün ərzində qəzetin direktoru Süleyman bəy İstanbulu bizə bir peşəkar kimi anlatdı. Hətta hərdən adama elə gəlirdi ki, o vaxtilə hardasa bu vəzifəni icra edib. Həmkarımız İstanbulun hər daşı haqqında məlumatlı idi və hər yeri xüsusi məhəbbətlə bizə tanıdırdı. Həmin bu Süleyman bəy İstanbulu bizə tanıtmaqla kifayətlənməyib, türk həmkarları ilə görüşlərdə Azərbaycanın təbliği ilə də məşğul olurdu. Hər yerdə özünü əsl azərbaycanlı kimi tanıdırdı. Getdiyimiz yerlərə onun qara Azərbaycan kişmişi, Şəki kələğayısı kimi hədiyyələr aparması da bunu deməyə əsas verirdi.

Səfərin proqramının peşəkarcasına tərtib edildiyini vurğulamağa da ehtiyac var. 3 gün müddətində bizi İstanbulun demək olar ki, əksər tarixi məkanlarına apardılar. Nümayəndə heyətində təmsil olunanlara “Panorama 1453” muzeyini, Sultan Əhməd camisini, Ayasofiyanı, Şamlıcanı, İstanbul bulvarını, İstanbul Miniatur Parkını görmək nəsib oldu.  Bir sözlə, təşkilatçılar əlimizdə olan qısa müddət ərzində İstanbulu bizə daha da doğmalaşdırmağa çalışdılar. Başqalarını bilmirəm, şəxsən mən İstanbulu sevdim.

İlham QULİYEV,
Bakı-İstanbul-Bakı

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF