İstanbulda “Azərbaycan gecəsi”

Çox gözəl bir həftə sonunu geridə qoyduq. İstanbulda 10-cu Beynəlxalq Türkcə Olimpiadaları çərçivəsində keçirilmiş “Azərbaycan gecəsi”ndə iştirak etdik. Coşqulu və möhtəşəm bir proqram idi.
Azərbaycan mədəniyyətinin nümunələri ən gözəl şəkildə təbliğ olundu. Məktəbli gənclərimizin söylədikləri mahnı və şeirlər, ifa etdikləri milli rəqslər bir azərbaycanlı kimi köksümüzü qabartdı.
İstanbulda Azərbaycan muğamını dinləmək çox gözəldi. Üstəlik də bu muğamı səsləndirən peşəkar müğənnilər deyildi. Olimpiadada iştirak etmək üçün qardaş ölkənin yolunu tutmuş məktəblilərimiz özlərinə məxsus şirin və saf üslubla milli musiqimizi havalandırırdılar.
“Azərbaycan gecəsi”nə türkiyəli bacı və qardaşlarımızın marağı olduqca böyükdü. Proqramın keçirildiyi əraziyə daxil olmaq üçün ciddi-cəhd göstərirdilər. Yer olmadığı üçün proqramı bir qədər kənardan izləmək məcburiyyətində qalanların üzündəki məyusluq isə dərhal sezilirdi. Oturmağa yer tapmasalar da, onlar iki saatadək davam edən proqramı isti havada izləməkdən qaçınmadılar.
Bu mənzərə türkiyəlilərin qəlbində yatan Azərbaycan sevgisinin ən bariz nümunəsi idi. Türkiyədə Azərbaycanı, doğrudan da, sevirlər. Özü də ən saf duyğularla və təmənnasız.
Proqram həm də Azərbaycan bayraqlarının nümayişi ilə yadda qaldı. İştirakçıların hərəsinə bir bayraq düşürdü. Sürəkli alqışlarla müşayiət olunan proqramda tez-tez havaya qaldırılan bayraqlarımız qələbəliyin üzərində ləpələnən dalğaları xatırladırdı.
Proqram başa çatdıqdan sonra yerə xüsusilə fikir verdim: “bir bayraq yerə düşər, qardaşlığımızı qısqananlar da bundan istifadə edərlər, məsələni konteksdən çıxararaq, fitnəkarlıq edərlər, yeni bayraq böhranı çıxarmağa çalışarlar” əndişəsi ilə... Ancaq minlərlə bayraqdan bir dənə belə yerə düşməmişdi. Hərə öz bayrağını özü ilə evinə aparmışdı.
***
Olimpiada haqqında qısaca məlumat verəsi olsaq, bu, olduqca nəhəng təşkilatçılıq işi idi. Bu il burada 135 ölkədən 1500-dək şagird “Türkiyə türkcəsinin ən yaxşı bilicisi” olduğunu sübut etmək üçün tər tökür.
Bu olimpiada ənənəvilikdən çox uzaqdır. Burada iştirakçılar yalnız yarışmır, həm də ünsiyyət qurur, dostlaşır, öz mədəniyyətlərini bir-birlərinə tanıdırlar. Bunun üçün olimpiada çərçivəsində İstanbul Sərgi Mərkəzində təntənəli bir mərasimi və ya bayramı xatırladan Mədəniyyət Şöləni keçirilir. Şöləndə bütün iştirakçı dövlətlərin stendləri qurulub. Bu stendlərdə hər dövlətin özünəməxsusluqları nümayiş olunur.
Bu şöləndə də “balans” Azərbaycanın xeyrinə pozulub. Stendlərdən ən böyüyü məhz ölkəmizə ayrılıb. Şölənə qatılanların stendimizə olan diqqət və marağı da böyük idi. Stendimizin qarşısındakı qələbəlik gün boyu seyrəlmədi.
Sonradan təşkilatçılardan öyrəndik ki, hər il Azərbaycan stendi digərlərindən yaxşı mənada fərqlənir. Stendimizin böyük və maraqlı olması üçün “Çağ”ın xüsusi canfəşanlıq göstərməsi alqışa layiqdir.
***
Ümumilikdə, proqramda iştirak etmək üçün Azərbaycandan 450-yə qədər qonaq dəvət edilmişdi. Proqramı Azərbaycandan yüzdən çox jurnalist izləyirdi. Qələm əhlindən əlavə, sənətçilərimiz, məmurlarımız və ziyalılarımız da proqramın iştirakçıları arasındaydılar. İyunun 14-nə qədər davam edəcək olimpiadalar çərçivəsində keçirilən digər proqramlarda iştirak etmək üçün Azərbaycandan yeni qonaqların dəvət ediləcəyini öyrəndik.
Bu baxımdan Beynəlxalq Türkcə Olimpiadalarının Azərbaycandakı tərəfdaşı olan “Çağ” Öyrətim Şirkəti böyük bir təşkilatçılıq işinin öhdəsindən uğurla gəldi. İndiyə qədər hansısa qurumun bu qədər insanı başqa bir ölkəyə qonaq qismində aparmasının şahidi olmamışam. Bunu, məncə, şirkətin Azərbaycana və onun vətəndaşlarına verdiyi dəyərin göstəricisi kimi qiymətləndirmək lazımdır. Növbəti olimpiadalarda görüşmək ümidi ilə...
http://www.zaman.az/az/columnistDetail_getNewsById.action?newsId=43755

Natiq Pənahlı
n.penahli@zaman.az
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır