İSTANBUL İSTANBUL OLALI... BÖYLƏDİR

“Yeni Müsavat”in müxbiri türkcə olimpiadalardan yazir...
3 günlük İstanbul, 4 ton paxlava və İstanbulda Eurovision sonrası Azərbaycan düşüncələri...
 

- Polis bəy, mən Bakıdan gəlmişəm dostlarımla. İndi isə azmışam. Mənə yardımçı olarsınız? - Pardon, anlamadım. Nə yapmısız? -Azmışam da, azmışam. - Tövbə, tövbə... Kardeşim, git işinə. Başımı belaya sokma benim...
Bu kiçik dialoqun qəhrəmanlarından olan gənc jurnalist az keçmədən İstanbul hava limanında dostlarını tapır və dediyi ilk fikir bu olur: “Türk polisi bizimkilərdən də kobud imiş. Adi bir yardım müraciətimə necə aqressiv cavab verdi. Şükür bizimkilərə”. Bu “adi müraciətin”ün nədən ibarət olduğunu öyrənəndə isə heyətin türkiyəli rəhbəri və türKcəni az-çox bilən həmkarlar uğunub gedir. Məlum, bizim dilimizdəki “azmaq” sözünü Türkiyə türKcəsində bizim “qızmaq” (minlərlə üzrlər) anlamına gəlir. İndi yazının girişində yazdığım dialoqa bu prizmadan bir daha baxın, türk polisinin reaksiyasının səbəbini anlayarsız...
İSTANBUL AĞZINI AÇIB, ADAMI UDURMUŞ...
Bu məzəli əhvalat səfər boyu jurnalist heyətinin əsas lətifələrindən birinə çevrilir. İçində bəndəniz də olmaqla 27 jurnalistin bulunduğu heyət isə 30 may- 14 iyun tarixləri arasında təşkil edilən 10-cu Beynəlxalq Türkcə Olimpiadaları çərçivəsində, İstanbulda keçirilən tədbirlədən biri olan Kültür Şöləninə qatılmışdı.  5 qitədən 135 ölkənin qatılması ilə 1-2-3 iyun tarixlərində, İstanbul Sərgi Mərkəzində keçirilən sərgini, habelə elə həmin mərkəzdə keçirilən Azərbaycanla bağlı konserti izləmək üçün “Qafqaz” Universitetinin təşkilatçılığı ilə bu qədim şəhərə gələn həmkarlar 3 gün boyunca gözəlim İstanbulun altını üstünə çevirdilər. Topqapı sarayı, Aya Sofya Məscidi, İstanbul Akvarium, Qız Qülləsi, Boğazda gəmi gəzintisi və.... İstanbul gəzintisi deyərkən ağlınıza gələ biləcək bir çox şey... Amma Türkcə Olimpiadaları izləmək üçün gəlib də - bilirsiz, burada 135 ölkədən olan uşaqlar Osmanlı türkcəsində şeirlər, mahnılar səsləndirir – qardaş dillə bağlı bu cür məzəli bir kriz yaşayan ilk heyət bəlkə də bizimki idi.
“Yeyib-içdiklərin sənin olsun, sən bizə gördüklərini danış” deyə bir atalar sözündən yola çıxıb, acizanə bəzi şeylər anladacağam. Məlum, indi Azərbaycan oxucusunu İstanbul reportajı ilə təəccübləndirmək mümkün deyil. Əksəriyyətin yolu nə zamansa  bura düşüb. Düşməyənlər Türkiyə kanallarının, xüsusən də serialların yardımı ilə gözəlim şəhəri qarış-qarış gəziblər az qala. Ən pis halda isə çoxunun əlində internet var, maraqlanan istədiyini axtarır,  tapır və bu da İstanbul. Amma bu qədim və turistik şəhərə ikinci səfərimi gerçəkləşdirən birisi olaraq ilk dəfəki təəssüratım dəyişməyib. Bu şəhər həddən ziyadə qələbəlik, dinamik, səsli-küylü, bir sözlə, yorucudur... Şəhərin mərkəzi küçələrində gəzdiyin zaman ayaq altında qalacağın, az qala havasızlıqdan boğulacağın təəssüratı yaşayırsan. Türkiyəlilərin tez-tez “İstanbul adamı udar” kəlamı var ha, adam bu şəhərdə gəzərkən onu hərfi mənada yaşayır. Hər addımda əcnəbi, hər yerdə bu şəhərin xaotik olduğunu sənə anladan detal. Tutaq ki, istanbulluların qürurla bəhs etdiyi Taksim meydanını gəzirsən və az qala qarşındakının dabanını basaraq addımlamaq zorundasan. İnsan tıxacı, qələbəlik bəzən gəzintiyə çıxanların gözünü elə yorur ki, səni rahatlıqla itələyib də yollarına davam edə bilərlər. Çünki burda gəzintiyə çıxmaq da ürək istəyir. Bacarmırsan, Taksimə çıxmayacaqsan, kardeşim... Təxminən belə...
OSMANLI ABİLƏR BİZDƏKİ EUROVİSİONA HEYRAN QALIB?
Bu arada biz İstanbulda olanda şəhər öz fəthinin 559-cu ildönümünü yaşayan günlər içində idi. Amma şəhərdəki turist bolluğu bununla bağlı deyildi. Heç Türkcə Olimpiadalarının da bunda böyük payı yox idi. Bu, İstanbulun hər zamankı halı. Turistik şəhər hər zaman turist axınına uğrayır. Eurovision müsabiqəsindən yenicə çıxan bizlərdə bu turistlərin “suyunun suyu” qədər belə qonaq yox idi, maləsəf. Eurovision demiş, Türkiyə insanının Bakıda keçirlən yarışma ilə bağlı təəssüratlarını da bölüşək. Səfər boyu istər qəzetçi, istər sadə insan olsun, bir çox kəsimdən insanlarla qarşılaşdıq. Müxalifət jurnalisti olanda nə olar, eşitdiyimi deməyə məcburam. Osmanlı abilər Baku Cristal Hall-da keçirilən müsabiqəyə rəsmən bayılıblar. Söhbət zalın dizaynından tutmuş təşkilatçılığın, təqdimatın səviyyəsinə qədər çox şeydən gedir. Hətta bir yemək zamanı təsadüfən qarşılaşdığımız maqazin jurnalistlərindən olan Fateh bəy dedi ki, bu yarışma olmasaydı, Azərbaycanın gözəlliklərindən xəbərdar olmayacaqdıq: ”Sizdəki alev qüllələri Dubaydakı qüllələrə oxşayırdı. Mən hər müğənniyə ona görə qulaq asırdım ki, Cristal Hall-u hərtərəfli görüm”. Bu arada Türkiyənin “Sabah” qəzetinin məşhur köşə yazarlarından olan Hıncal Uluç da elə mayın 31-də nəşr olunan “Salon var, salon var” adlı yazısında Baku Crystal Hall-u yerə-göyə sığışdıra bilməyib. Türkiyədəki təşkilatçı qurumlara  “gözünüzə su verin” janrında müəyyən sitəmlər edib və sonda onu da vurğulayıb ki, sarayın tikintisində türk şirkəti iştirak edib. Yəni, türklər bu işi bacarır, bəs niyə İstanbulda yox, Bakıda? Bu sualın dəqiq cavabını, yəni, Azərbaycanın belə işlərə xəzəl kimi pul səpələməsinin səbəbini hamımız bilsək də, mövzumuz bu deyil deyə, “nəysə” deyib, keçirik.
Bu arada istanbulluların Azərbaycan deyən kimi “Yaxşı Cazibə” serialından danışması, “ay balam, sən burda neynirsən” kimi cümlələr qurması hələ də ənənəvidir. Seriallın populyarlığındandır, istanbullular bizim dilimizi ordakı türk aktrisanın, Cazibə rolunun ifaçısı kimi bilir. Qol-qanadını qıraraq.
BALIQLARIN ƏHATƏSİNDƏ-MÖCÜZƏVİ İSTANBUL AKVARİUMU
Səfər zamanı jurnalistlərin tarixi məkanları gəzib görməsi ilə yanaşı, ötən ildən fəaliyyətə başlayan, İstanbul Akvariumundakı gəzintisi də yadda qalan idi. O türkiyəli müğənnilərin kliplərində, seriallarda gördüyümüz akvariumların, balıqların əhatəsindəki məkan var ha, bax, ondan bəhs edirəm. Şəkillərdə də görəcəksiz, möhtəşəm bir məkandır. Biz onun aeroportun yaxınlığında, Ataköydə yerləşən filialında olduq. Biletinin qiyməti 8 manatdan 14 manata qədər dəyişən (yaş, qrup kateqoriyalarına)  İstanbul Akvariumunu saysız-hesabsız balıq növlərinin nümayişi, necə deyərlər, balıq sərgisi də adlandırmaq olar.  Ekzotikası, dizaynı, aurası da öz yerində. Mən burada neçə balıq növü olmasından, onların qidalandırılmasından, bu məkanın necə tikilməsindən-filan danışıb baş ağrısı yaratmaq istəmirəm. Fakt budu ki, bura da İstanbul turizminə böyük gəlir gətirir və Bakıda da belə məkanlar uçun pul sərf etməyə dəyir.
İstanbulda Bakının mərkəzindən fərqli olaraq yolların şüşə kimi olmasına, dizayna çox elə önəm verilmir. Az qala Azərbaycanın əhalisi qədər olan şəhəri 3 günlük gəzinti ilə təsvir etmək mümkün deyil, amma ilkin təəssüratlar öz sözünü deyir. Məsələn, İstanbulun yamyaşıl parklarında insanlar evindən kiçik masalar, skamyalar gətirib, piknik keçirə bilərlər. Buna qadağa yoxdur. Xüsusən də həftə sonudursa, istanbullular bunu ailə istirahəti halına gətirirlər. Axşamdan gəlir, manqalda kabablarını bişirir, musiqini açır, özləri demişkən, bir “Boğaz keyfi yapırlar. Orda Bakıdakı kimi “yaşıllığa girmək yasaqdır” bildirişlərinə nadir hallarda rast gəlinir. Yaşıllıq uşaqların orada oynaması, istirahət etməsi üçün nəzərdə tutulub həm də.

 

SƏRGİDƏ ƏN FƏRQLİ STEND AZƏRBAYCANA MƏXSUS İDİ – 4 TON PAXLAVA, 3 TON QOZ MÜRƏBBƏSİ, 1 TON ŞƏKƏRBURA...
İstanbul ümmansız bir dəniz kimidir, barəsində cild-cild kitablar yazılmış bir şəhər haqda kiçik bir qəzet səhifəsinə nələr sığışdırmaq olar ki? Odu ki, qayıdım üzərimizə düşən missiyaya, yəni, tədbirin işıqlandırılmasına. Yuxarıda da yazdığım kimi, biz bura sözügedən sərginin tanıdılması və Azərbaycanla bağlı xırda konsertin işıqlandırılması üçün təşrif buyurmuşduq. Sərgidə isə 135 ölkənin hər biri iştirak edirdi. Amma və lakin Azərbaycan bölməsi hamısından fərqlənirdi. Ona görə ki, birincisi, həmin bölmə daha böyük ərazini əhatə edirdi və orada Azərbaycan tarixi, geyimi, mətbəxi təqdim olunurdu. Sərgidə öz şirniyyatlarını təqdim edən yeganə ölkə Azərbaycan idi. Bundan başqa, Azərbaycan bölməsində divardan Heydər Əliyev və İlham Əliyevin çox böyük fotoları yanaşı asılmışdı ki, digər heç bir ölkənin bölümündə belə mənzərə ilə qarşılaşmanız mümkün deyildi. (!)
“Çağ” Öyrətimin Türkiyədəki təmsilçisi, sərginin Azərbaycan üzrə koordinatorlarından olan İsmet Güney isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  sərgidəki ən böyük stend Azərbaycana məxsusdur. Onun sözlərinə görə, 10 ildir sərgidə birincilik qazanan Azərbaycan bu sahədə liderliyini qoruyur. Konkret bu ilə gəlincə, sərgi üçün Azərbaycandan 4 ton paxlava, 3 ton qoz mürəbbəsi, 1 ton şəkərbura, 25 min Azərbaycan bayrağı, 20 min tanıtım broşürü, üzərində Azərbaycanla bağlı məlumatlar olan 20 min tanıtım yelpiyi gətirilib. Bundan başqa, tədbir çərçivəsində Bakıdan da bura 72 şagird,  2 folklor heyəti gətirilib. Müsahibimiz sərgidəki Azərbaycan stendinə ən öndə gələn reklam şirkətinin sponsorluq etdiyini desə də, bunun üçün ayrılan maliyyə barədə məlumat vermədi.
Ümumilikdə isə sərgidə 135 ölkədən 1500 tələbə və 500 müəllimin də iştirak etməsi planlaşdırılıb. Ölkəni Tanıtım Stendlərində heç nə satışa çıxarılmır. Sadəcə çox az sayda ölkələr öz mətbəxindən müəyyən nümunələr təqdim etməlidir ki, bunu da Azərbaycandan başqa heç bir ölkə etmirdi.
Fotolarda gördüyünüz tanzaniyalı gənc oğlanlar isə sərginin ən sevimlilərindən idi. Onların osmanlı türkcəsində necə danışdığını isə sadəcə eşitmək lazım idi. Televizyonçu olmadığıma məhz bu mənzərəni görəndən sonra çox təəssüfləndim.
Sonda keçək tədbirə... Dediyim kimi, iki saata yaxın davam edən konserti Azərbaycandan gələn heyətlə yanaşı, yerli əhali də maraqla izləyirdi. Bizim heyətdə isə jurnalistlərlə yanaşı – bizim qəzeti orada bəndənizlə yanaşı, parlament müxbirimiz Elşad Paşasoy da təmsil edirdi – müğənni Azərin, Sənubər İsgəndərli, Həmidə Ömərova kimi simalar da vardı. “Şən oğlanlar” adlı rəqs qrupu, “Azərbaycan” mahnısını məharətlə ifa edən Əli Əliyev, Lamiyə Quliyevanın şeir ziyafəti... bunların hamısı konsertdə təqdim olundu. Aparıcı isə istanbullulara Bakıda olarkən yaşadığı təəssüratlardan danışdı. Baku Cristal Hall-un tərifi, qoz mürəbbəsinin, 15 saat bişəndən sonra süfrəyə təqdim edilən piti yeməyinin təbliğatı da bunların sırasında idi. “Əti ən gözəl azərilər bişirir” kimi tərifi də yaddan çıxarmayaq. “Belimizə çöpdən dirək” deməyin, tərif tərifdir. Əsas odu ki, hansısa sahədə birinci olaq... Hətta adını bilmədiyim aparıcı onu da dedi ki, Eurovision yarışmasında hər şey gözəl idi, bircə əskik vardı. O da Azərbaycan yeməklərinin yaxşı təqdim olunmaması. Üstəlik, Azərbaycana gedəcək insanlara da orada mütləq və mütləq qoz mürəbbəsi yeməyi məsləhət gördü. Bax belə...
Son söz: Şair demiş, İstanbulu dinləyirəm, gözlərim qapalı... Adam çox şey eşidir, hiss edir... Şeirə, sözə sığmayan şəhəri üç günlük gəzinti ilə vəsf etmək mümkün deyil.  Bəlkə də heyranlığımın azlığı bu səbəbdən. Bir türkiyəli həmkarımın da dediyi kimi, İstanbul illərin şərabı kimidir. Dadını almaq üçün yavaş-yavaş içmək lazım. Yerli bir həmkarımın “Qurdlar vadisi”ndəki Çakır sayağı dediyi kimi isə ”Of be İstanbul”... adama yazacaq, deyəcək bir söz qoymursan...
Sevinc TELMANQIZI
İstanbul-Türkiyə


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır