Azərbaycanda informatika üzrə keçirilən Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib
13:34 30-04-2012
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu,
Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının
İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı
ilə 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti
Gününə həsr olunan «Ali məktəb tələbələri arasında informatika
üzrə Ümumrespublika Olimpiadası»nın final mərhələsi keçirilib.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib. Nəticələrə görə, finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.
İTİ-də təşkil olunmuş final mərhələsində Qafqaz Universitetinin «Qafqaz Programmers» komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin «Norbert» komandası 2-ci yerə, Qafqaz Universitetinin «Baku Qafqaz U4» və «Baku Qafqaz U7» komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülüb.
Qaliblər 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Olimpiadanın sponsorlarının təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
http://az.apa.az/xeber_Azerbaycanda_informatika_uzre_kechirilen__258882.html